​Rövşən Rzayev: “Ermənilər atamı girov götürəndə qardaşım zəng etdi ki...” - MÜSAHİBƏ

 
“Xocalı soyqırımı ilə bağlı bəyanat verən üç nəfər müəmmalı şəkildə öldürülüb”
 
Teleqraf.com-un suallarını Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayev cavablandırıb: 
 
- Ötən ay 3 erməni vətəndaş cəmiyyətinin nümayəndəsinin iştirakı ilə Bakıda görüş keçirildi. Onların Xocalı abidəsinin önündə baş əyib soyqırımla bağlı etiraflar etməsi Azərbaycan cəmiyyətində müəyyən  reaksiyalara səbəb oldu. Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri arasındakı danışıqları münaqişənin həlli istiqamətində  yeni mərhələ saymaq olarmı?
- Bu, yeni mərhələ deyil, Azərbaycanın davam edən sülhsevər siyasətinin nəticəsidir. Azərbaycan sülh yolu ilə ərazi bütövlüyünün təmin olunmasına çalışır. Azərbaycan xalqının lideri danışıqlar prosesini aparan şəxsdir və ən mühüm məlumatlar da şəxsən ona bəllidir. Danışıqların məğzi, onun hansı istiqamətdə inkişaf etməsi yalnız və yalnız cənab prezidentə məlumdur. Azərbaycan və Ermənistan xarici işlər nazirləri də danışıqlar prosesində öz rollarını oynayırlar. Əsas məsələ bundan ibarətdir. Digər tərəfdən, xalq diplomatiyası çox vacibdir. Ona görə də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri əmindir ki, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq və biz öz doğma torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq nə qədər tez qurulsa və itirilmiş münasibətləri bərpa etmək istiqamətində görüşlər başlasa, biz orada birgə yaşayanda bir o qədər də az problemlərlə üzləşə bilərik. Erməni fəalların, jurnalist və politoloqların Azərbaycana gəlməsi çox vacib haldır. Bu, bir neçə istiqaməti göstərir. Birinci istiqamət ondan ibarətdir ki, onlar Xocalı soyqırımının Ermənistanın siyasi rəhbərliyini zəbt etmiş Serj Sarkisyan və Robert Koçaryan tərəfindən törətdiyini etiraf edib, bu iki şəxsin birbaşa təşkilatçı və iştirakçı olduqlarını qeyd etdilər. Həmçinin bölgəyə sülh gətirmək istəyən insanlar kimi Xocalı soyqırımı zamanı şəhid olan azərbaycanlıların ruhu qarşısında baş əydilər, əklil qoyub öz mövqelərini birmənalı olaraq dünya ictimaiyyətə bəyan etdilər. Əslində noyabr ayında ölkəmizə gələn üç erməni Azərbaycana səfər edən ilk qrup deyildi. Əvvəllər də ölkəmizə gələn erməni fəallar olub. Onu bilirəm ki, Xocalı soyqırımı ilə bağlı bəyanat verən üç nəfər müəmmalı şəkildə öldürülüb. Bakıya gələn erməni fəallar sülh üçün çalışdıqlarını dilə gətirdilər. Azərbaycan vətəndaşları da sülh üçün mübarizə aparır. Beləliklə, biz problemi aradan qaldırmaq üçün dünyada sülhə “hə” deyənlərin axtarışındayıq. Belə şəxsləri nə qədər çox tapsaq, onlarla ünsiyyətdə olsaq, sülh danışıqlarına bir o qədər də müsbət impuls vermiş olarıq. Bu istiqamətdə keçirilən görüş vacib addım idi. Ötən gün bir hərbçi də qaçıb biz tərəfə gəlib, o da həmin xətlə Bakıya gəlmək və Ermənistan ordusunda olan biabrçılıqlardan bəhs etmək, bu problemin sona çatması üçün öz düşüncələrini bölüşmək istəyir. Təbii ki, bunlar hamısı ondan irəli gəlir ki, Ermənistanda bu gün dözülməz vəziyyətdir, Azərbaycan ərazilərini işğal edən erməni siyasi rəhbərliyi yalnız və yalnız öz siyasi məqsədlərini güdürlər.
 
- Bəs Ermənistanda yaşayan ermənilərdən kimlərləsə əlaqələriniz varmı?
- Xeyr, bizim əlaqələrimiz yoxdur, heç ola da bilməz. Mən bir millət vəkili kimi Azərbaycanın AŞPA və Avronest Parlament Assambleyasında nümayəndə heyətinin üzvüyəm, bu çərçivədə ermənilərin nümayəndələri ilə görüşürük və onları sülhə dəvət edirik.
 
- Ermənistanın AŞPA-dakı nümayəndələri ilə təmaslar kənardan çətin görünür, zaman-zaman AŞPA tribunasında tərəflər bir-birinə qarşı sərt ittihamlar səsləndirir...
- İttiham olmalıdır, çünki Azərbaycan haqlı mövqeyini tələb edir, bizlər beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq çıxışlarımızı qururuq, Ermənistan isə beynəlxalq aləmi yalan yola dəvət edir. Müəyyən qədər də öz yalan və istəklərini çatdıra bilirlər. Halbuki onların mövqeləri beynəlxalq hüquqa tamamilə ziddir. Amma ünsiyyət mümkündür, sadəcə bu, o demək deyil ki, əlaqə hesabına maraqlarımızı qurban verməliyik. Onları sülhə yaxınlaşmaq üçün cəlb edirik. 2012-ci ildə Avronest Parlament Assambleyasının İrəvanda komitə iclasında iştirak edirdim, orada Ermənistan rəhbəri Serj Sarkisyana birbaşa müraciət edib dedim ki, niyə sülh danışıqlarından qaçırsınız? Sarkisyan orada avropalı deputatların iştirak etdiyini nəzərə alıb dialoqdan qaça bilmədi, bir deputatı - Daşnaksütyun partiyasının fraksiya rəhbərini mənimlə tanış elədi və dedi ki, ikiniz ayrılıqda söhbətləşib müəyyən yol axtarışında olarsınız. Bir neçə dəfə görüşdük, amma sonradan həmin adam ünsiyyətdən qaçdı. Sonluğun belə nəticələnəcəyini gözləyirdim, elə də oldu.
 
- Sonuncu dəfə nə vaxt Qarabağda olmusunuz?
- Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə 2009-cu ildə yeddi nəfər azərbaycanlı Dağlıq Qarabağa getdik, Xankəndi, Şuşada olduq, vertolyot vasitəsilə İrəvana getdik. 2007-ci ildə 4 nəfər mədəniyyət işçiləri getmişdi, 2009-cu ildə isə artıq siyasətçilər prosesə qatılmışdı, deputatlardan mən və Asim Mollazadə idik.
 
- Səfər xatirinizdə necə qalıb?
- Səfər zamanı çox narahatedici hisslər var idi. Anlayırdım ki, bu gün Şuşadayam, amma geri qayıtmalıyam. Bunu düşünmək çox ağrılı idi. Orada müşahidə etdik ki, Şuşada həyat yox idi, tikinti işləri getmirdi, çox az miqdarda gözə nə isə çarpırdı, o da çox primitiv səviyyədə idi. Hiss edirdim ki, Şuşa öz əhalisini gözləyir, orada məndə elə bir təəssürat yarandı. Çox təəssüflər olsun ki, bu gün torpaqlarımız işğal altındadır, inanıram ki, yaxın zamanlarda bu işğala son qoyacağıq.
 
- Polad Bülbüloğlu səhv etmirəmsə, bir ovuc torpaq gətirmişdi...
- 2007-ci ildə səfər zamanı gətirmişdi. Mənim elə bir istəyim olmadı, çünki içimdə əminlik yarandı ki, daimi olaraq qayıdacağıq...
 
- Şuşada protokoldan kənar, uşaqlıqdan yaddaşınızda qalmış hansısa məkana getdinizmi?
- İstəyirdik, qoymadılar, vaxt azlığına görə aparmadılar. Mən öz böyüdüyüm həyətə, bibimin məhəlləsinə baxmaq istəyirdim.
 
- Ünvan yadınızdadır?
- Xeyr, yadımda deyil.
 
- Evinizdə kimlərsə yaşayır?
- Aparmadılar deyə xəbərsizəm. Amma biz Polad Bülbüloğlunun evində olduq. O ev darmadağın olmuşdu, evdə yaşayış yox idi, amma qonşu azərbaycanlının evində yaşayan erməni qadın bizə yaxınlaşdı, söhbət elədi, dedi, axşamlar sərin olur, yağış yağır. Başa düşürdü ki, bizim evimizdə yaşayır. Şuşada qəbristanlıqlarımızı, Vaqifin məqbərəsini dağıdıblar, Şuşada olan Gövhər ağa məscidi darmadağın dağıdılıb. Səfər zamanı gözümüzlə bunun şahidi olduq.
 
- Həmin erməni qadınla rusca danışırdınız?
- Bəli.
 
- Erməni dilində bilirsiniz?
- Xeyr bilmirəm, yaxşı ki bilmirəm.
 
- Deyirlər düşməni yenmək üçün onun dilini bilmək lazımdır.
- Yaşım o yaşdır ki, başqa dili bundan sonra qavramaq çətindir.
 
- Sizə sosial şəbəkə üzərindən ermənilər arasından müraciət edən olubmu?
- Xeyr. Ermənilərlə heç bir əlaqəm yoxdur, ola da bilməz.
 
- Şuşada doğulmusunuz?
- Yox, atam Şuşada doğulub, vəzifə borcunu Bakıda yerinə yetirib, biz paytaxtda anadan olmuşuq. Amma uşaqlığım Şuşada keçib. Şuşa Azərbaycanın bütün bölgələri kimi gözəl təbiətə malik bir bölgədir. Şuşa camaatı çox mülayimdir. Bu şəhərin suyu, havası, təmizliyi, xoşbəxt həyatı vardı, o torpaq dahi insanlar yetişdirib.
 
- Bu yaxınlarda İsmət Qayıbovun oğlu İsmayıl Qayıbovun atanızın ermənilər tərəfindən girov götürülməsi, 22 nəfər dövlət məmurunun danışıqlar üçün hadisə yerinə gedərkən yaşanan Qarakənd faciəsi haqda xatirələri sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Atanızın girov götürülməsi xəbərini necə aldınız?
- Atamı 1991-ci ildə noyabrın 13-də Xankəndində girov götürdülər. 24 gün atamı qaytarmaqdan ötrü bütün imkanlardan istifadə etməyə çalışdıq. Çox təəssüf ki, dəyərli bir insan - İsmət müəllim Qayıbov Ağdamda ezamiyyətdə olarkən vertolyot qəzasına uğradı. Bu, ağrılı məqamdır.
 
- Atanız girov götürüləndə neçə yaşınız vardı?
- 31 yaşım vardı. Böyük qardaşım zəng elədi və dedi ki, əmimlə Ağdama gedirəm, sən evdə qalmalısan, elə etmək lazım idi ki, anam və bacım bu məsələdən xəbər tutmasın. Biz inanırdıq ki, 1-2 günə qurtaracağıq. Amma müddət uzandı, 2 həftə gizli tuta bildik, sonra bildilər.
 
- Atanız qayıdıb gələndən sonra nələr danışdı?
- Çox şeylər danışırdı, amma mənə elə gəlir ki, ailəmizin işləridir, mediada yazılmasına ehtiyac yoxdur.
 
- İsmət Qayıbovun ailəsi ilə təmaslarınız varmı?
- İsmət müəllimin oğlu İsmayılla çox müsbət münasibətdəyəm. Yaxşı tərbiyə görmüş, savadlı hüquqşünas kimi tanıyıram və təbii ki, münasibətimiz çox yaxşıdır.
 
- Ermənistandakı son kadr dəyişikliklərini necə qiymətləndirirsiniz? 
- Ermənistan rəhbərliyi mənim üçün işğalçı dövlətin rəhbərliyi deməkdir. Orada kadr dəyişikliyi Ermənistana heç bir vəd vermir. Çünki mövcud siyasət xalqa yönəlik siyasət deyil. İkincisi də səhra komandiri düşüncəsində olan rəhbər hansı uğurdan danışa bilər ki? Ona görə də onlar ilk növbədə işğalçı siyasətdən əl çəkməli, özlərinə müstəqil dövlət qurmağı bacarmalıdırlar. Ondan sonra inkişaf barədə danışa bilərlər.
 
- Aprel hadisələri zamanı insanlarda elə coşğu yaranmışdı ki, güc yolu ilə torpaqların azad olunması arzusunu dilə gətirirdilər. Qarabağlı kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin ən uyğun variantını nədə görürsünüz?
- Birincisi, biz azərbaycanlıyıq və Azərbaycanın istənilən bölgəsi hər bir azərbaycanlı üçün çox əziz və doğmadır. Təəssüflər olsun ki, bu haqda danışanlar var...Birmənalı və qəti əminliklə deyə bilərəm ki, Azərbaycan ərazi bütövlüyü təmin olunacaq. Bunun yeganə yolu ulu öndər Heydər Əliyevin yaratdığı siyasətdir və möhtərəm cənab prezident həmin kursu davam etdirən şəxsdir. Məhz bu yol Azərbaycanın bu problemini həll edə biləcək yoldur. Ən optimal yol münaqişənin sülh yolu ilə həll edilməsidir. Silahlı Qüvvələrimizin gücünə gəlincə, Azərbaycanın beynəlxalq hüquqa söykənərək anti-terror əməliyyatı keçirmək imkanı var və bunu nə qədər uğurlu həyata keçirəcəyimizi son Aprel hadisələri də göstərdi. Bu döyüşlər zamanı gördük ki, Azərbaycan Silahlı Qüvvələri, əsgərimiz, xalqımız öz ərazi bütövlüyünü silah gücü ilə təmin edə bilər. Həmin dövrdəki dəstəyə görə Azərbaycan gəncliyinə təşəkkür edirəm.
 
- Bəzən mediada sizi ABŞ-a qarşı qanun layihəsinin müəllifi kimi təqdim edirlər. ABŞ-dakı son prezident seçkilərində respublikaçılar qalib gəldi və Donald Tramp prezident seçildi. Yeni dönəmdə ABŞ-dan gözləntilər nələrdir?
- ABŞ-da demokratlar seçkini uduzdular. Bu dövlətin bundan sonra öz siyasətini hansı istiqamətdə quracağını demək çox çətindir. ABŞ-ın Minsk qrupunun həmsədr dövləti kimi hansı mövqedə olacağını gələcəkdə görəcəyik. Mənim təşəbbüsümə gəlincə, yanaşmam birmənalıdır. Ona görə ki, Azərbaycanla bağlı istənilən ədalətsiz mövqeyə qarşıyam. ABŞ, Fransa, Rusiya və ya digər dövlətlərin deputatları ölkəmizə qarşı fikir səsləndirsə, təbii ki, dərhal Azərbaycanın maraqlarını önə çəkəcəyəm. Mənim üçün dövlətin böyük və ya kiçik olmasının əhəmiyyəti yoxdur, Azərbaycanı dünyanın ən qüdrətli dövləti hesab edirəm. Azərbaycan bizim hər birimizin vətənidir və vətən uğrunda siyasi mübarizəyə hər zaman hazır olmalıyıq.
 
- Barak Obamanın 8 illik prezidentliyi dövründə ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı davranışını necə dəyərləndirirsiniz?
- Dağlıq Qarabağ münaqişəsinin özünü ədalətli adlandıra bilmərəm. Ədalətə niyə nail ola bilmirik? Çünki dünya siyasətində dövlətlər arasında müəyyən maraqlar var və həm ABŞ, həm Fransa, həm də Rusiyada erməni lobbisi kifayət qədər imkan sahibidir. Onlar müəyyən qədər siyasi prosesləri istədikləri axara yönəldə bilirlər. Təəssüflər olsun ki, bu, həqiqətdir. Beynəlxalq hüquqdan, ədalətdən kənar ikili standart və yanaşma görürük. İşğalçı göz qabağındadır - bu, Ermənistandır. Ona dəstək olanlar, Xocalı soyqırımının iştirakçıları və təşkilatçıları bəllidir. Dağlıq Qarabağdan əlavə Azərbaycanın daha 7 rayonu işğal altındadır. Bunu görməmək mümkün deyil. Bir dövlətin fəaliyyəti ilə problemin həll olunmamasına qiymət vermək çətindir. 3 həmsədr dövlət, ümumiyyətlə isə Minsk qrupuna 11 üzv dövlət var, tərəflər Azərbaycan və Ermənistandır. Maraqlı tərəf isə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır. Həmsədrlər münaqişənin ədalətli həll yolunu tapmalı idi, amma bu günədək biz bunu görə bilmirik. Düşünürəm ki, Rusiyanın bölgədə böyük maraqları var və bu prosesdə də əsas rol rəsmi Kremlin üzərindədir. Rusiya bu gün postsovet məkanında olan respublikaların müsbət inkişaf dövrünü yaşaması üçün tutarlı addımlar atmaqla regionda nüfuzunu genişləndirə bilər. Amma o, bunu etmir. Etsə, həm bizim, həm bölgə, həm də özü üçün yaxşı olar. ABŞ dünyada böyük nüfuza malikdir, onun da öz maraqları var. Fransa da Avropada ən nüfuzlu dövlətlərdəndir. Bu istiqamətdə kifayət qədər ədalətə söykənməyən mövqedədirlər. Beləliklə, beynəlxalq hüquq beynəlxalq hüquqsuzluğa uduzur. Ona görə də bu günədək problemin həllini tapa bilməmişik. Lakin dünyada gedən proseslər onu göstərir ki, yaxın zamanlarda Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.
 
- Müsahibə boyu son fikrinizi bir neçə dəfə təkrarladınız. Bunu sizdə olan informasiyaya əsasən, deyirsiniz, yoxsa ümiddir?
- Xeyr, bu, ümid deyil, bilirəm ki, bu, həqiqətdir. Bu istiqamətdə kifayət qədər uğurlu addımlar atılıb, bu işdə şəxsi nüfuz çox önəmli rol oynayır. Möhtərəm prezident cənab İlham Əliyevin dünya siyasətçiləri yanında olan şəxsi nüfuzu hesabına bir çox şeylərə nail ola biləcəyik.
 
- Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvlərini aşağı-yuxarı tanıyırıq. Bəs erməni icmasının nümayəndələri kimlərdir, onlar Sarkisyan komandasını dəstəkləyir, yoxsa sülh istəyirlər?
- Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyandır. Onu görmüşəm, danışmışam, piyada düşüncəli insandır. Ünsiyyətim sıx olmayıb deyə icma üzvlərinin hamısının düşüncəsi mənə aydın deyil.

Загрузка...
Загрузка...