​Rövşən Rzayev: “Bu, Minsk qrupuna inamı heçə endirir”

 
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının, digər qurumların qəbul etdikləri qətnamələr, müxtəlif sənədlər var. Amma beynəlxalq təsisatların qəbul etdikləri qərarların icrasına nail olmaması, bu sahədə fəaliyyətsizliyi də bir gerçəkdir. Nəticədə  beynəlxalq hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyası artır, aqressiv separatizm, müstəqil ölkələrin suverenliyinə qəsd və digər meyillər güclənir. Ermənistan xalqların öz müqəddəratını təyinetmə hüququnu bəhanə edərək Azərbaycana qarşı müharibəyə başlayıb, ərazimizin 20 faizini işğal edib, 1 milyon insan yurd-yuvasından didərgin düşüb. Beynəlxalq birlik 20 ildən çoxdur ki, bunu sadəcə seyr edir. Ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn təməli, dünyada sülhün və sabitliyin təmin edilməsində başlıca prioritetdir. Beynəlxalq təşkilatların seyrçi mövqeyi Ermənistanın bu cəzasızlıq mühitində aqressiv davranmasını təşviq edir”.
 
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycan İcmasının üzvü Rövşən Rzayev deyib.
 
Rzayev bildirib ki, sülh prosesinə vasitəçilik edən ATƏT Minsk qrupunun həmsədri olan ölkələrdə erməni lobbisinin güclü olması bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə münasibətinə də təsirini göstərir: “Münaqişədə təcavüzkarla təcavüzə məruz qalanın bərabər tutulması, işğal faktına adekvat qiymət verilməməsi, hər iki tərəfdən eyni dərəcədə kompromis gözlənilməsi beynəlxalq vasitəçilərin məsələyə qeyri-obyektiv baxışının göstəricisidir. Bu, Minsk qrupunun ədalətli vasitəçiliyinə olan inamı heçə endirir.  Bu yaxınlarda Prezident ABŞ dövlət katibinin Qarabağ münaqişəsində hər iki tərəfin kompromisə hazır olmaması barədə sözlərinə çox tutarlı cavab verdi. Prezident bildirdi ki, bu cür danışmaq ən azı insafsızlıqdır. Belə bəyanatların əsl mahiyyəti ondan ibarətdir ki, vasitəçilik missiyasını öz üzərinə götürmüş dövlətlər Ermənistana təzyiq etmək, işğal faktını aradan qaldırmaq istəmirlər”.
 
Deputat xatırladıb ki, Azərbaycan rəhbərliyi münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə siyasi iradə və ardıcıl mövqe nümayiş etdirir: “Amma Ermənistanın qeyri-konstruktivliyi və vasitəçilərin buna göz yumması bizi vadar edir ki, torpaqlarımızı işğaldan azad etmək üçün haqqımız olan başqa vasitələrə əl ataq. Bu ilin aprelində işğalçı tərəfin cəbhə törətdiyi təxribata cavab olaraq hərbi qüvvələrimizin bir neçə istiqamətdə irəliləyərək düşmənə sarsıdıcı zərbə endirməsi və strateji yüksəkləri ələ keçirməsi hər kəsə göstərdi ki, bu vasitə nə dərəcədə təsirli ola bilər. Bir vaxtlar Ermənistan kənardan aldığı dəstək sayəsində özünü Azərbaycandan üstün hiss edə bilərdi, amma bu, artıq keçmişdə qalıb. Azərbaycanın ordu hissələrinin qısamüddətli əks-hücumu Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə mifləri dağıtdı. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Bununla belə, münaqişənin kompromis həll yolu var və erməni tərəf bu barədə düşünməlidir. Ermənistan 20 ildən çoxdur Azərbaycan ərazilərini işğal altında saxlayır, bu torpaqlarda hər şeyi talan edib. Bəs Ermənistan dövlət olaraq bu münaqişədən nə qazanıb? Firavanlığa qovuşubmu? Erməni cəmiyyəti rahat yaşaya bilirmi? Əlbəttə, yox. Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar”.

Загрузка...
Загрузка...