“Rövşən Lənkəranski”nin qətlində PKK izi

 
 
“Qanini oğru”nun kürd terrorçuları tərəfindən öldürüldüyü ehtimalları artır; qətlindən az əvvəl Rövşənin zirehli maşınını kim və niyə müsadirə edib?
“Rövşən Lənkəranski”nin Türkiyədə qətlə yetirilməsi gündəmin əsas mövzusu olaraq qalır. Onun ölümü ilə bağlı ekspertlər müxtəlif versiyalar irəli sürürlər. Ən çox hallanan versiya kimi “Rövşən Lənkəranski”nin yezidi kürd olan “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlinin təşkilinə görə gülləbaran edildiyi göstərilir.
 
“Ded Xasan”ın qətlindən 6 gün əvvəl Fransada 3 PKK-çı qız öldürülüb!
 
2013-cü ilin yanvarında Rusiya “qanuni oğru”larının xaç atası sayılan “Ded Xasan” aradan götürüldükdən dərhal sonra “Rövşən Lənkəranski”nin adı bu qətldə hallanmağa başladı. Az keçmədi ki, Rövşən daimi yaşayış yerini Moskvadan İstanbula dəyişdi. Belə xəbərlər var ki, “Ded Xasan”ın aradan götürülməsində türk hakimiyyətinin xüsusi marağı olub. Səbəb isə “Ded Xasan”ın kürd terrorçularına hər cür dəstək verməsi olub. “Ded Xasan” tərəfdarları onların rəhbərinin öldürülməsini Türkiyədən “Rövşən Lənkəranski”yə sifariş olunduğuna şübhələrini gizlətmirlər. Xatırladaq ki, “Ded Xasan” 16 yanvar 2013-cü ildə Moskvada Povarskoy küçəsindəki “Starıy Fayton” restoranında yerləşən yarıgizli iqamətgahından çıxarkən başına snayperin vurduğu güllə ilə aradan götürülmüşdü. Bu qətldən 6 gün əvvəl - 10 yanvar 2013-cü ildə Fransada aralarında Kürd İşçi Partiyasının siyasi qanadının əsas siması Səkinə Qansızın da olduğu 3 qız öldürülmüşdü. Onlar Fransa paytaxtındakı Kürd İnstitutunun informasiya mərkəzində başlarından aldıqları güllə yarasından ölmüş şəkildə aşkar edilmişdilər.
 
 
 
“Ded Xasan” PKK-ya silah-sursat verdiyinə görə öldürülə bilərdi
 
“Ded Xasan”ın ölümündən sonra onun Kürd İşçi Partiyasının həbsdəki lideri Abdulla Öcalanla və onun qardaşı Mehmet Öcalanla əlaqələri, PKK-nı “Kalaşnikov” və qranatomyotlarla təhciz etməsi haqda xəbərlər yayılmışdı. Belə bir vaxtda onun qətlində adları keçən “Rövşən Lənkəranski”nin İstanbulda və daha çox Merab Suxumski kimi tanınan Merab Canqveladzenin isə Antalyada məskunlaşmaları “Ded Xasan” tərəfdarlarında bu şəxslərin qətldə əlinin olmasına şübhələrini bir qədər də artırmışdı. Amma əllərində konkret, birbaşa sübutlar olmadığından haqq-hesabın çəkilməsinə də qərar vermək imkanları məhdud idi.
 
Şübhələr çox, konkret faktlar isə yox
 
 
 
Hazırda “Rövşən Lənkəranski”nin qətli ilə bağlı yaranmış situasiya 3 il əvvəl “Ded Xasan”ın qətlindən sonra yaranmış vəziyyəti xatırladır. Rövşənin qətlinin sifarişçilərinin kimlər ola biləcəyi haqda versiyalar var, amma konkret ittiham irəli sürmək hələ tezdir. Qətlin biləvasitə icraçıları ortaya çıxarılıb dindirilməyincə ehtimallar, şübhələr birmənalı şəkil almayacaq. Bu gün  “Lənkəranski”nin öldürülməsində “Ded Xasan” klanının selueti görünür. Amma şübhələr konkret faktlarla bərkidilməyib.
 
“Lənkəranski”nin sürücüsü danışdı
 
 
 
Qeyd edək ki, “qanuni oğru”  avqustun 17-dən 18-nə keçən gecə İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında qətlə yetirilib. İki naməlum şəxs səsboğucusu olan tapança ilə lüks hoteldən çıxaraq “Range Rover” markalı avtomobilə əyləşən “Lənkəranski”nin olduğu maşını atəşə tutub. Avtomobilin salonunda həmçinin sürücü və cangüdən olub. “Rövşən Lənkəranski” və sürücü hadisə yerində ölüb, cangüdən isə yaralanıb. Atəşə tutulan avtomobilin sahibi Bakıda biznesi olan Tahir Can soyadlı Türkiyə vətəndaşıdır. Türkiyə KİV-i artıq Tahir Canın istintaqa ifadəsini yayımlayıb.
 
Qətldən sonra saxlanılan 4 nəfərdən biri olan T.Can Türkiyədə önəmli iş adamlarından sayılır. İfadəsində isə Tahir Can R.Canıyevin qardaşı Namiqlə Bakıda qonşu və dost olduğunu, Rövşənlə də qardaşı vasitəsilə tanış olduğunu bildirib. T.Can qeyd edib ki, “Rövşən Lənkəranski” həmin gün onun qonağı imiş və birlikdə yeməyə gediblər.
 
O gün isə Dubaydan gələn qonaqları ilə (həbs olunan digər üç avtoritet) görüşən “Rövşən Lənkəranski” Tahir Canın idarə etdiyi avtomobildə  ön sırada oturub, hərəkət edərkən, maşın sağ tərəfdən atəşə tutulub. Ağır yaralanan “Rövşən Lənkəranski”ni sol (yəni sürücü) tərəfdən dartıb çıxaran və təcili yardımdan öncə taksiyə qoyaraq, xəstəxanaya da göndərən məhz Tahir Candır. T.Can isə sol tərəfdə olduğundan az xəsarət alıb. Digər yaralı isə R.Canıyevin mühafizəçisidir və “Lənkəranski”nin arxasındakı oturacaqda əyləşdiyindən  güllələrdən bir neçəsi ona dəyib və onun hazırda ağır yaralı olduğu bildirilir.
 
Olaydan sonra türk mediasının şahid ifadələrinə dayanan “sürücü öldürüldü” xəbəri sırf Rövşən sürücü tərəfdən avtomobildən düşürüldüyü üçün meydana çıxıb. Sürücü Tahir Can olub, avtomobil də onun oğlu F.Cana aiddir. Qeyd edək ki, Tahir Can və digər üç avtoritet hazırda İstanbul polisindədirlər və onlar qanunsuz silahdan istifadə etməkdə ittiham edilirlər. Onu da bildirək ki, Azərbaycan mediasında Tahir Can hotellər sahibi və nəqliyyat daşımaçılığı ilə məşğul olan şəxs kimi təqdim edilib. T.Can uzun müddətdən bəri Azərbaycanda hər hansı bizneslə məşğul olmur. Digər 3 şəxs isə “Hacı Beyləqanski” (Hacıbaba Tahir oğlu Talıbxanlı), “Zaur Sumqayıtski” və “Vahid Bakinski”dir. Saxlanılan “Zaur Sumqayıtski” 30 yaşlı Zaur İsayevdir. Daha əvvəl İsayevin adı mediada hallanmayıb və ona görə də o, çox məşhur deyil. Bununla belə, o, “Rövşən Lənkəranski”nin əmrlərinin icraçısı kimi tanınır.
 
“Lənkəranski” İnterpoldan necə qorunurmuş?
 
 
 
“Rövşən Lənkəranski”nin öldürüldüyü yerdə Rövşən Əliyev ad-soyadının qeyd olunduğu pasport tapılması da maraqlı məlumatların ortaya çıxmasına səbəb olub. “Ded Xasan”ın ölümündən sonra Türkiyəyə köçən “Lənkəranski” orada bu soyadla yaşayıb. Çünki İtaliya hökumətinin təşəbbüsünə əsasən İnterpolun xətti ilə onun haqqında saxta pulların dövriyyəsi və çirkli pulların yuyulması ittihamı əsasında beynəlxalq axtarış elan edilib. Bu saxta pasportla “Rövşən Lənkəranski”ni 2 dəfə Kiyevdə saxlayıblar və mövqelərinin kifayət qədər güclü olduğu Ukraynadan deportasiya ediblər.
 
Zirehli maşını və sürücünü Azərbaycanda saxlayıblar deyə...
 
 “Lənkəranski”nin ölümündən sonra onun sayıqlığını itirməsinin qurbanı olması haqda fikirlər dolaşmağa başlayıb. “Yeraltı dünya”nın nüfuz sahibinin çoxsaylı düşmənlərinin olmasına rəğmən xüsusi qoruma altında, zirehli maşında gəzməməsi qınayıcı sual şəklində ortaya çıxıb. “Yeni Müsavat”da “Rövşən Lənkəranski” bu maşında gəzsəydi, öldürülməzdi" sərlövhəli yazı dərc olunandan sonra redaksiyamıza maraqlı məlumat daxil olub. Mənbənin verdiyi bilgiyə görə, “Rövşən Lənkəranski”nin istifadəsində zirehli maşını olub. 450 min dollara alınmış həmin maşın bir neçə ay əvvəl Azərbaycan ərazisində saxlanılıb. Həmin zirehli avtomobilin sürücüsü də formal əsasla istintaqa cəlb edilərək saxlanılıb. 
 
“Qanuni oğru”nun ailəsinə son sözü
 
Qətl baş verən gün “Rövşən Lənkəranski”nin ailə üzvlərinin onun yanında olması haqda xəbər vermişdik. Politika.az saytı “Lənkəranskinin ailəsinə son sözü nə olub?” sərlövhəli yazıda bu mövzuda əllərinə çatan xəbəri çatdırıb.
 
Həmin yazıdan sitat: “”Rövşən Lənkəranski" İstanbulda yaşadıqları evdən çıxarkən ailəsinə kiçik bir işi olduğunu və yarım saata qayıdacağını söyləyib. Mənbənin dediklərindən: “Rövşən deyib ki, bir az işim çıxıb, tez qayıdacam. Şəhərdə olacam. Ailəsi onun təcili gedişindən nigaran qalıb. Amma onun həyat şərtlərini bildikləri üçün tez-tez işinin çıxmasına vərdiş ediblər. Ona görə fikirləşiblər ki, uzağı 1 saata qayıdar. Bir neçə gün idi ki, ailəsi Rövşənin yanında idi”.
 
Mənbənin verdiyi məlumatda deyilir ki, “Lənkəranski” vəd etdiyi vaxtda evə qayıtmayıb. Ailəsi 2-3 saat onun yolunu gözləyib və bir xəbər çıxmadığını görəndə zəng etməyə başlayıblar. “Lənkəranski”nin telefonu açmamasından narahat olan ailəsi təsadüfən televizoru açarkən faciəvi xəbəri efirdən eşidib. Türkiyə mediası Rövşən Əliyev ad-soyadlı şəxsin qətlə yetirildiyi xəbərini çatdırıb.
 
“Rövşən Lənkəranski” həmişə evdən ayrılanda qapını kilidləyirmiş. Efirdən qətl xəbərini eşidən ailəsi qapı kilidli olduğuna görə heç bir yerə çıxa bilməyib. “Lənkəranski”nin qaynına zəng edilib və o, həmin mənzilə gələrək qapını açıb. Daha sonra qardaşı Namiq Canıyevə məlumat verilib və o elə həmin gecə İstanbula uçub. Və sonradan “Lənkəranski”nin cənazəsi Türkiyədə tanınan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun təyyarəsində Lənkərana gətirilərək torpağa tapşırıldı. Avqustun 25-də onun 7 mərasimi olacaq. Yas mərasimində bir sıra tanınmışların iştirakı gözlənilir. Onların arasında “Kurtlar vadisi” serialının qəhrəmanı olan Polad Ələmdar rolunun ifaçısı Necati Şaşmaz və ünlü müğənni Mahsun Qırmızıgülün olacağı xəbər verilir.
 
Mərhumun dəfn mərasimində azərbaycanlı nazirlərdən biri də iştirak edib. Bir neçə il əvvəl qətlə yetirilən əfsanəvi “qanuni oğru” “Sabirabadlı Hikmət”lə də yaxın münasibətləri olan həmin nazirdən savayı yasda deputat Fəzail Ağamalı, Mübariz Mənsimov, həmçinin kriminal avtoritetlərin bir çoxu iştirak ediblər. Eyni zamanda Rusiyadan bir qrup “qanuni oğru”nun olduğu kortej də Lənkərana gəlib.