​Rövnəq Abdullayev: ''Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ...''

"İnanıram ki, Cənub Qaz Dəhlizi layihəsi üçün 2016-cı il önəmli il olacaq".
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "The Business Year" jurnalına müsahibəsində bildirib.
"Cənub Qaz Dəhlizi SOCAR-ın ən böyük layihəsidir və Xəzər dənizindən böyük həcmdə qazın Avropa bazarlarına nəql olunmasına imkan verəcək. 45 mlrd. dollarlıq bu meqalayihənin tikintisi üzrə işlər uğurla həyata keçirilir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi üzrə öhdəliyimizə tamamilə sadiq qalırıq. Bu layihə Avropa İttifaqının enerji siyasətinin əsas hissəsi və Avropa üçün strateji layihədir", - deyə SOCAR prezidenti əlavə edib.
R.Abdullayev bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi boyunca boru kəmərlərinin tikintisi işlərinə 26 min nəfərdən artıq işçi cəlb olunub.
SOCAR rəhbəri qeyd edib ki, Azərbaycan və Gürcüstanda böyük irəliləmə davam edir və burada layihə üzrə 60%-dən çox işlər tamamlanmaq üzrədir. R.Abdullayev Türkiyədə Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin də vaxtında və büdcəyə uyğun irəlilədiyini bildirib. SOCAR prezidenti Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi - Trans-Adriatik Boru Kəməri (TAP) üzrə də işlərin davam etdiyini qeyd edib.