Rostovda təyyarə qəzası ilə bağlı matəm elan olundu

Rusiyanın dövlət bayrağı, rayon və bələdiyyə bayraqları endiriləcək
Bu gün Rusiyanın Rostov vilayətində matəm elan olunub. ANS PRESS-in məlumatına görə, Boeing 737 – 800 sərnişin təyyarəsinin qəza uğraması nəticəsində həlak olan 62 nəfərin xatirəsini anmaq üçün Rusiyanın dövlət bayrağı, rayon və bələdiyyə bayraqları endiriləcək.
Rostovun beynəlxalq hava limanında aviaqəza qurbanlarının anım mərasimi baş tutacaq. Anım mərasimində Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov və Rostov əyalətinin qubernatoru Vasili Qolubev iştirak edəcək. Eyni zamanda regionun televiziya və radio kanallarına əyləncəli verilişlərin proqramdan çıxarılması tövsiyyə edilib.
FlyDubai şirkəti qəza zamanı həyatını itirinlərin ailəsinə 20 000 ABŞ dolları ödəyəcək.
Martın 19-u Moskva vaxtı ilə saat 3:42-də Rostov-na-Donu hava limanında əlverişsiz hava şəraitində eniş etmək istəyən FlyDubai şirkətinə məxsus təyyarə qəzaya uğrayıb. FZ 981 reysi Dubaydan Rostov-na –Donuya uçub. Təyyarənin göyərtəsində olan ekipaj üzvləri daxil 62 nəfər həlak olub.
Hadisə yerində 100 meyit qalığı aşkar olunub və ekspertizaya göndərilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin rəisi iqor Oderin sözlərinə görə meyitlərin tanınma prosesi 2 ay çəkə bilər.
Qəzanın səbəbləri ilə bağlı araşdırma ilə Rusiya İstintaq komitəsi və Dövlətlərarası aviasiya komitəsi məşqul olur.
Qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin qara qutuları ötən gün axşam saatlarında Moskva göndərilib. 
Rusiya Nəqliyyat naziri Maksim Sokolovun sözlərinə görə, həlak olanların ailələrinə regional büdcədən 1 milyon rubl (23 500 AZN – red.) kompensasiya ödəniləcək. FlyDubai şirkəti isə qəza zamanı həyatını itirinlərin ailəsinə əlavə olaraq 20 000 ABŞ dolları ödəməyə hazırdır.