Roqozinin Bakı səfəri: İrəvan niyə narahatdır?

Dmitri Roqozinin Bakıya tez-tez səfərlər etməsi Ermənistan hakimiyyətini və Rusiyadakı erməni lobbisinin təsiri altında olan qüvvələri narahat edir.
 Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Roqozinin Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verməsinin onun praqmatik maraqlardan irəli gəldiyini bildirib:
 “Aprel döyüşləri zamanı Azərbaycan ordusunun Rusiyanın müasir silahlarından istifadə etməsi Ermənistanda narazılıqla qarşılandı. Roqozin bildirdi ki, Rusiya Azərbaycana silah satmasa, Bakı silahı başqa ölkə ilə müttəfiq olacaq. Başqa sözlə, Roqozin həmin ölkənin NATO üzvü ola biləcəyinə işarə edirdi. O, bu gün də Ermənistanın və erməni lobbisinin əsas düşmənidir. İrəvanın anlamadığı amil odur ki, Roqozin Azərbaycanla əməkdaşlığı sayəsində Rusiyaya milyardlarla dollar qazandırır, müdafiə sənayelərinin əldə etdiyi gəlirdə Azərbaycanın payı 5-7 faiz arasındadır. Roqozinin son günlər Kreml rəsmiləri və Kremlin nəzarətində olan media tərəfindən tənqid olunması Ermənistanı sevindirir. Onların fikrincə, bu tənqidlərdən sonra Putin Roqozini istefaya göndərəcək və bununla Rusiya-Azərbaycan hərbi əməkdaşlığına son qoyulacaq. Roqozin Qərbin siyasətini kəskin tənqid edənlərdəndir. Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verməsi isə onun praqmatik maraqlardan irəli gəlir. Putin bir gün Roqozini istefaya göndərsə belə, onun yerinə təyin olunacaq şəxs də Azərbaycanla hərbi əməkdaşlığı davam etdirəcək. Buna görə də İrəvanın vaxtından əvvəl sevinməsi üçün əsas yoxdur”.
 Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Dmitri Roqozin mayın 18-də Bakıya səfər etmişdi.