Roma Papası: "Niyə "soyqırım" dedim?"

Roma Papası Fransis İrəvanda "erməni soyqırımı" ifadəsini işlətməsinə aydınlıq gətirib.
 Axar.az xəbər verir ki, Ermənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Papa niyə "soyqırım" dediyini açıqlayıb.
 Bir jurnalistin Türkiyənin sərt reaksiyası ilə qarşılaşan Papaya təyyarədə "Nə üçün hazırlanan mətndə yer almayan "soyqırım" kəlməsini prezident sarayındakı görüşünüzdə işlətməyə qərar verdiniz? Yoxsa bunun belə bir həssas məsələdə sülh üçün faydalı olacağını düşünürsünüz?", sualına Vatikanın dini lideri belə cavab verib:
 "Mən Argentinada "erməni qırğını"ndan bəhs edərkən hər kəs "soyqırım" kəlməsini işlədirdi. Romaya gələndə isə "böyük pislik" ifadəsini eşitdim. Mənə soyqırımın təcavüzkar bir söz olduğunu deyirlər. Mən hər zaman ötən əsrdə olan 3 soyqırımdan bəhs etdim: ermənilərə edilən, Hitlerin apardığı və Stalinin apardığı soyqırım. Afrikada biri də oldu, ancaq iki böyük müharibənin orbitində bu üçü oldu".
 Qeyd edək ki, Roma Papası Fransis Ermənistana səfəri zamanı "erməni soyqırımı" ifadəsindən istifadə edib.