”Robot deyiləm ki, nə desəniz,”bəçeşm” deyəm...” - İsgəndər Həmidov

Baxış sayı: 
329

“Putin də dedi ki, biz güclü müxalifət tərəfdarıyıq...”
 
 
Ötən ilin bu günlərində (23 dekabrda) ömür-gün yoldaşını itirmiş, yaşı 70-ə varan, artıq ağsaqqal məsləhəti verməli olan  milli azadlıq hərəkatının liderlərindən biri İsgəndər Həmidovla görüşüb hal-əhval tutduq. 1988-ci ildən bəri Meydan hərəkatının, Qarabağ savaşının od-alovundan keçmiş, 9 ilə yaxın zindan həyatı yaşamış İsgəndər bəy üçün son bir ilin daha ağır bir sınaq olduğunu anladıq... 
 
Adətən keçmiş daxili işlər naziri, bozqurd, Milliyyətçi Demokrat Partiyasının lideri kimi tanıdığımız İsgəndər  Həmidov  hazırda ictimai-siyasi  fəaliyyətini əsasən Milli Strateji Düşüncə Mərkəzinin üzvü  kimi davam etdirir.
 
Moderator.az bu qeyri-adi müsahiblə indi xalqı daha çox maraqlandıran ən müxtəlif suallar ətrafındakı söhbətimizin ən maraqlı məqamlarını diqqətinizə çatdırır:
 
- İsgəndər bəy, bu barədə danışmaq sizin üçün çətin olsa da, xahiş edirik, bir sualımıza cavab verəsiniz :sizcə, ömür-gün yoldaşını itirmək insana ən çox nələri anladır?
 
- Adi bir həqiqəti deyim... Bu günlərdə dostlara deyirəm ki, bir həftədən sonra ildönümüdü. Cavab verirlər ki, gör, bir il nə tez gəldi-getdi e... Mən təəccüblə onların üzünə baxıb öz-özümə deyirəm ki,  bu bir il sizdən ötrü tez gəldi getdi. Mən bu bir ildə nələr çəkdiyimi özüm bilirəm... Kişi həyat yoldaşını itirənədək Allah onun canını alsın. Mən evdə qadının nə olduğunu Rənanın yoxluğunda bildim. Onun varlığında mən evdə heç bir problem, heç bir narahatlıq hiss etmirdim. İndi mənə çatır ki, evdə nə qədər iş varmış... Çox çətindi... Çox çətindi... Allah bütün ölənlərə rəhmət eləsin. Allah heç kəsin başına belə bir iş gətirməsin.  Övlad və ailə itirmək, özü də yaşlı adam üçün, çox ağır şeydi...
 
- Övladlarınız necə keçirdi bu bir ili?
 
- Bilirsiz. Uşaq da evlənəcək, nəvə də böyüyəcək... Ən  çox çətinlik həyat yoldaşı üçündü. Düzdü, Rəna rəhmətə gedən kimi oğlum Məcid yoldaşını götürdü gəldi - bir yerdə qaldıq...  Mənə lazımınca qulluq göstərirlər, sağ olsunlar, razıyam. Amma elə şeylər var ki, onu gəlinə demək olmur, o işi gəlinə gördürmək olmur... Bir sözlə, ömür-gün yoldaşının yerini heç kəs vermir... Nə övlad, nə də gəlin... Çox gözəl övladlarım, gəlinlərim var... Amma mənəvi baxımdan Rənanın məndən ötrü yeri ayrı idi... Məm belə bir kədəri-qəmi anam rəhmətə gedəndə yaşamışam, bir də indi-Rənanın yoxluğunda yaşayıram...
 
- Allah bir daha rəhmət eləsin... Deyəsən, nəvələrdən birinə rəhmətlik xanımızın adını qoymusuz?
 
- Hə, qız nəvələrimdən birinin adı Rənadır...
 
- Allah saxlasın. Bəs sizin üçün çətin ötən bu aylarda gündəlik həyat tərziniz, rejiminiz necə dəyişib?
 
- Həmişəki kimi səhər çox tezdən- saat 5-də dururam. Quran oxuyuram. Sübh namazını  qılıram. Sonra yenə də Quran oxuyuram, dualar edirəm. Bundan sonra da 1-2 saat mürgüləyib, ən gec duranda saat 9-da oyanıram.  Durub bir az gəzinirəm. Çünki oyanan kimi gəzinməsəm, sanki divarlar üstümə gəlir... Gündüz də siyasi dairələrdəki dostlarla görüşlər keçirib müzakirələr aparırıq. Daha çox İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzində toplaşıb 4-5 saat müzakirələr, təhlillər aparırıq...
 
- Hər gün olur bu, yoxsa?
 
- Bəzən həftə də 2 dəfə, bəzən hətta 4 dəfə görüşürük... Eyni zamanda ayda 2-3 dəfə orada ictimaiyyət nümayəndələri ilə də görüşlər keçirib fikirlərimizi çatdırırıq.  Çox vaxt Qarabağın azadlığı üzrə “yol xəritəsi”ni  müzakirə edirik. Orada da çox mürəkkəblik var. Məsələn, mən torpaqlarımızın sırf hərbi yolla azad edilməsini uyğun görürəm. Bəzi yoldaşlar isə məsələnin hərbi-siyasi yolla həll edilməsini düşünür. Digərləri isə  torpaqların sırf siyasi yolla azad edilməsini mümkün sayır. Ona görə də biri-birimizi inandırıb ortaq məxrəcə gəlməyə çalışırıq.  Hamımız birlirik ki, bütün müharibələr masa arxasında bitir. Ədalətli sülh adında anlayış yoxdur əslində və heç vaxt da olmayacaq. Bunun hamısı da Azərbaycann başında çatlayır... On illərdir ki, torpaqlarımız işğal altında, bizsə burda inləyirik...
 
- Bu günlərdə Rusiya prezidenti V.Putin ilin yekunlarıyla bağlı keçirdiyi geniş mətbuat konfransında vurğuladı ki, əsl müxalifət gərək iqtidara ölkənin mövcud problemləri ilə bağlı konkret və inandırıcı konsepsiyalar versin. Bu baxımdan, sizin üzvü olduğunuz Milli Strateji Düşüncə Mərkəzi, məsələn, Qarabağın azadlığı, qeyri-neft sektorunun inkişafı və s. haqda  hakimiyyətə konkret konsepsiyalar təqdim edibmi?  Hələki biz belə addımın  şahidi olmamışıq...
 
- Yaxşı sualdı... Bəli, biz bu günədək iqtidara müxtəlif problemlərlə bağlı 8 sənəd təqdim etmişik...
 
- Bəs niyə onun ictimai müzakirəsini keçirməmisiz?
 
- Müzakirəsini də keçirmişik...
 
- Axı mediada o haqda heç bir məlumat verilməyib...
 
- İnşallah, növbəti iclaslardan birində sizi də dəvət edərik. Qarabağ məsələsi üzrə 2 dəfə, iqtisadiyyatla bağlı 2 dəfə, digər siyasi problemlər üzrə 2 dəfə və korrupsiya ilə bağlı 2 dəfə müzakirələr aparmışıq. Hətta biz beynəlxalq terrorçuluğun yaranma səbəbləri və onun qarşısının alınması yolları haqda da hakimiyyətə sənədlər təqdim etmişik...
Putinin mətbuat konfransını mən də izlədim. Rusiya liderinin  o işi yaxşıdır ki, mediaya və ictimaiyyətə belə geniş vaxt ayırır, 4-5 saat ərzində suallara cavab verir.  Putin öz cavablarında onu da vurğuladı ki, biz güclü müxalifət tərəfdarıyıq. Güclü müxalifəti olan ölkənin güclü də iqtidarı olur... Müxalifət güclü olanda iqtidar beynini, zəkasını işlətməyə məcbur olur. Bizdə isə hakimiyyət nümayəndələri çıxıb deyir ki, Azərbaycanda  müxalifət yoxdur. Müxalifət gerçəkdən yoxdursa, bəs sən niyə deyirsiniz, müxalifət yoxdur...Niyə bizləri müzakirə edirsinizsə – deməli, müxalifət var ki, müzakirə edirsiniz də...
Dediyim kimi, biz Qarabağla, korrupsiya ilə bağlı konsepsiyalar təqdim etdik. Götürdülər bizim təkliflərimizi bir kənara qoyub elə qanunlar qəbul etdilər ki, dolayısıyla korrupsiyaya yaşıl işıq yandırdılar... Adicə bir misal çəkim, bilirik ki, azad bazar iqtisadiyyatında qiymətləri azad bazar özü tənzimləyir. Amma bizdə qiymətləri bazar yox, inhisarçılıq tənzimləyir. Ona görə də qiymətlər heç vaxt aşağı düşmür. İndi çoxları deyir ki, yağ niyə 18-20 manat olub və s. Ona görə ki, yağı və digər məhsulları inhisarçılar gətirib istədiyi qiymətə satır. Amma gerçək bazar iqtisadiyyatında ədalətli rəqabət olur. Bu da qiymətlərin enməsinə şərait yaradır...
 
- İsgəndər bəy,  hakimiyyəti itiham etmək üçün onlarla əsas tapmaq olar. Amma gəlin, hazırkı inhisarçı, korrupsioner məmur şəbəkəsinin xalqla bu cür davranmasında müxalifətin nə dərəcədə günahkar olmasından danışaq....
 
- Əvvəla, mən deyim ki, onlarla yox, yüzlərlə əsas var iqtidarı ittiham etməyə. İkincisi də, bilirsiz, müxalifətin əlində nə qalıb ki, bu haqsızlıqlara qarşı nədəsə edə bilsin...
 
- Yəqin ki, bir əsas səbəb də  ayrı-ayrı aparıcı müxalifət liderlərinin biri-biri ilə dil tapmamasıdır...
 
- Dil tapmamaq başqa məsələdir. Günahdan danışanda... Bilirsiz, iqtidar müxalifətə, ümumiyyətlə, vətəndaşa, belə bir baxışla yanaşır ki,  məni kimi düşünmürsənsə, deməli, mənim düşmənimsən... Axı, mən robot deyiləm ki, siz nə desəniz, “bəçeşm” deyəm: sənin də düşüncən var, mənim də... Gəlin sizin də düşüncəni, bizim də düşüncəni qoyaq ortalığa vətənə, xalqa, dövlətə xidmət edəcək düzgün bir konsepsiya hazırlayaq... Axı iqtidar bunları eləmir. Müxalifətin burada nə günahı var? Müxalifətin günahı o vaxt olar ki, çıxıb deyək ki, İlham Əliyevi əvəz edəcək heç bir şəxsiyyət yoxdu. İlham Əliyev əsrin dəyişilməz prezidentidir və s. Heydər Əliyev haqqında da belə deyirdilər. Bir dəfə iqtidar nümayəndələrindən birindən soruşdum ki, hazırda qatarlar gedir, dedi hə, dedim gəmilər üzür, dedi hə, dedim təyyarələr uçur, dedi hə, dedim günəş çıxır, səhər açılır dedi, hə.  Dedim, bəs deyirdiniz, Heydər Əliyev olmasa, ölkə dağılacaqdı? Bəs niyə dağılmadı? Dağılan ölkə yoxdu, dağıdılan ölkə var... Müxalifəti o zaman günahlandırmaq olar ki, iqtidarın etdiklərini, ölkəni fəlakətə apardığını görüb, ona loyal yanaşa... Bax, belə şey olsa, şəxsən özümü mən bunda günahlandıraram. Amma bu, mənə aid ola bilməz...
 
- İsgəndər bəy, Milli Strateji Düşüncə Mərkəzi prezident seçkilərinə hazırlaşırmı? Namizədləriniz kimlərdir?
 
(Davamı var)
 
Söhbətləşdilər: Zülfüqar Hüseynzadə
Sultan Laçın

Загрузка...
Загрузка...