​Rinqlər Kralı Məhəmməd Əli — velosiped oğurluğundan rinqə uzanan yol

 
2016-cı il 3 iyun tarixində əfsanəvi boksçu Məhəmməd Əli dünyasını dəyişdi. O, 60-70-ci illərdə dünya boks sahəsinin əfsanəsi sayılırdı. Məhəmməd Əli bir neçə mətbu orqan tərəfindən "əsrin idmançısı" tituluna layiq görülüb.
 
Ölkə.Az Məhəmməd Əlinin həyatı haqda maraqlı faktları oxucuları ilə bölüşür.
 
Məhəmməd Əli 1942-ci ildə Kentukki ştatının Luisvill şəhərində anadan olub. Valideyinləri yeni doğulan körpəyə Kassius Marsellus Kley adını veriblər. İdmançı 1964-cü ildə İslamı qəbul etdikdən sonra Məhəmməd Əli adını götürüb. Kley bəyan edir ki, quldarlar tərəfindən əcdadına verilən familiyanı daşımaq istəmir.
 
Amma Kassiusun nəslində təkcə qullar olmayıb. Onun anası Odessa Qreydi nəsil şəcərəsini dəqiqliklə araşdırdı və müəyyən etdi ki, Kley şəcərəsində Eyb Qyredi adlı irlandiyalı, ABŞ Prezidentləri Harrison, Tayler, Teylor olub.
 
 
 
Kley 12 yaşından boksla məşğul olmaq qərarına gəlir. Bunun üçün isə ciddi səbəbi var idi. Kassuius Luisvill universitetinin döşəməsini yuyaraq pul qazanırdı. O, işə velosipedlə gedib gəlirdi. Bir dəfə onun velosipedini oğurlayırlar. Yeniyetmə kömək üçün polisə müraciət edir və oğruları əzişdirməyə söz verir. Bu zaman qanun keşikçisi qaradərili oğlana boksla məşğul olmağı məsləhət görür.
 
İki həftə sonra Kassius idman zalında görünür. Boks karyerasının başlanğıcında Kley peşəkar rinq barədə düçünürdü. Məşqçilər ona 1960-cı il olimpiadasına qədər gözləməyi məsləhət görürlər. Amma Kley oyunlara qatılır. 18 yaşlı idmançı ağırçəkili boksçular arasında ən gənci sayılsa da, turnirdə qələbə çalaraq finala çıxır. Final qarşılaşmasında təcrübəli polyak Zbiqnev Petşikovskini məğlub edir.
 
 
 
Maraqlıdır ki, Kassius təyyarəyə minməkdən qorxurdu. Olimpiadada iştirak etmək üçün təyyarə ilə oyunlar keçirilən ölkəyə uçmalı idi. Onun məşqçisi iki saat idmançını dilə tutur ki, bu yarışdan imtina etməsin. Əks halda karyerasını məhv edə bilər. Nəticədə Kassius hərbi dükandan paraşüt alır və onu geyinərək təyyarəyə minir.
 
Peşəkar boksçu kimi Kley ilk görüşünü 1960-cı ilin 29 oktyabr tarixində keçirir. Onun rəqibi Tanni Hanseker idi. 6 raund ərzində heç bir idmançı yarışı vaxtından əvvəl qələbə ilə başa vura bilmir. Hakimlərin qərarı ilə Kley qalib elan edilir. Hanseker isə gələcək çempiona uduzduğunu bəyan edir.
 
1967-ci ildə Əli rinqdə artıq 3 milyon dollar qazanmışdı. Boksçunun qanun keşikçiləri ilə problemi ortaya çıxır. İdmançı hərbi xidmətdən imtina etdiyi üçün məhkəmə qarşısına çıxmalı idi. Onu peşəkar boksçu titulundan və dünya çempionu titulundan məhrum edirlər. Məhəmməd Əli 3 il rinqə həsrət qalır.
 
 
 
Bu müddət ərzində Əli hamburgerləri reklam edir, avtobioqrafiya yazır və müzikldə çıxış edir. Məhkəmənin qərarı 1971-ci ildə ləğv edilir. Komissiya Məhəmməd Əlinin dini inancına görə əlinə silah götürə bilməyəcəyi faktını nəzərə alır.
 
1973-cü ilin 31 mart tarixində Məhəmməd Əli Kenon Nortonla gücünü sınayır. Kenon heç vaxt ciddi yarışda iştirak etməmişdi və son döyüşü üçün cəmi 300 dollar qonorar almışdı. İkinci raundda Kenin vurduğu dəqiq zərbədən Məhəmməd Əlinin çənəsi sınır. İkinci raundun sonunda küncə çəkilən Məhəmməd Əlinin həkimi döyüşü saxlatmaq istəsə də, boksçu buna icazə vermir. Qarşılaşma 12 raund davam edir və hakimlərin qərarı ilə Əli məğlub elan edilir.
 
Onun peşəkar karyerası 1960-cı ildən 1981-ci ilə qədər davam edir. Bu müddət ərzində 61 görüş keçirən idmançı 56 görüşdə qələbə qazanır. 37 yarışda Məhəmməd Əli rəqibini nokauta göndərərək yarışı vaxtından əvvəl başa vurur.
 
 
 
Rinqlər kralı 4 dəfə ailə qurub. Onun 7 qızı və 2 oğlu var. Arvadları islamı qəbul etmək istəmədikləri üçün onun nikahı pozulurdu. Nikah və din arasında seçim edən Əli İslamı daha üstün tuturdu.
 
1978-ci ildə Məhəmməd Əli SSRİ-yə səfər edir. Burada o, 3 raundlu görüşlər keçirir. Hər raundda onun rəqibləri müxtəlif boksçular idi: Pyotr Zayev, Yevgeniy Qorstkov və İqor Vısotski.
 
Brejnevlə görüşən Əli rəhbərdən bir neçə kitab hədiyyə alır.
 
1984-cü ildən idmançı parkinson xəstəliyindən əziyyət çəkməyə başlayır. Xəstəliyinə baxmayaraq, boksçu aktiv fəaliyyət göstərməyə davam edir. O, xeyriyyə üçün külli miqdarda pul xərcləyir, Afrika və Asiyanın kasıb ölkələrinə səfər edir, xoşməramlı səfir missiyasını yerinə yetirirdi.
 
1993-cü ildə "Associated Press" mətbuat orqanının versiyasına görə, Məhəmməd Əli dünyanın ən tanınmış idmançısı seçilir. Amerika əhalisinin 97 %-i onu tanıyırdı.