Rəhim Rəhimlidən Tolikə SƏRT CAVAB: “Sizi rəhmətlik İlhamə xanım...”

Baxış sayı: 
162

“Yekəbaş adlandırdığınız şəxslə musiqi haqqında heç nə danışa bilməzsiniz. Odur ki, danışanda ağzınızdan çıxan kəlmələrə xahiş edirəm nəzarət edin. Altını çizərək bildirmək istəyirəm ki, sizi görəndə 5 qat əyilib qatlananlarla məni səhv salmayın!”
Publika.az xəbər verir ki, bu sözləri müğənni Rəhim Rəhimli prodüser Tolikin “Atv maqazin onlarla” proqramında onun barəsində danışdığı sözlərə irad olaraq bildirib. O, prodüseri yalan danışmaqda ittiham edib: “Atv maqazin onlarla” verilişinin “Top 10” rubrikasını izlədim. Tolik məni “Top 10”dan uzaqlaşdırdı. Bu çox normaldır. Mən də proqramda olmuşam və bir sənətçini uzaqlaşdırmışam. Amma bəzi hadisələrdən xəbərdar olmadan insanlara tamamən yalan informasiya verməsi, guya bu hadisələrin içində imiş kimi əmin danışmağı məni narahat etdi və bu yazını yazmağa məcbur qoydu.
Görünən odur ki, hörmətli Tolik, bildikləriniz, öyrəndikləriniz şadlıq evinin qapısından belə çölə çıxmır. Siz özünüz orada olmamısınız. Bəli, Niyam Salami bir neçə il öncə kiçik bir qəzaya uğrayır və həmin an mən ona kömək üçün zəng vururam. O, mənim hadisə yerinə gəlməyimi rəva bilmir. Nəticədə mən ora gətmirəm. Amma Tolikin danışığında guya mən orodan keçirəm və baxıb seyr edirəm. Niyama da deyirəm ki, qulağımda sırğa var mən gələ bilmərəm. Bu nə yalan?
Məni sevib-sevməyən də bilir ki, daim sırğadan istifadə etmişəm...
Tolik, öyrəşmisiniz axı hər şeyi uydurub danışasınız. Nəzərinizə çatdırım ki, söhbət həmin gün pop-diva Aygün xanımın evində də davam edib. Tolik, zəng vurub hadisənin necə olub-olmadığını azından Aygün xanımdan məlumat ala bilərdiniz. Danışanda axı deyirsiniz "Ölkənin baş prodüseriyəm, mənim her şeyden xəbərim var". Tolik, ona qalsa mən də çox şeyi bilirəm, amma çıxıb ağlıma nə gəldi danışmıram. Almısınız bayrağı əlinizə ölkənin baş prodüseriyəm deyə kimə, nə gəldi daş atırsınız. Bunu bilin ki, ən parlaq ulduzlara bir-iki konsert vermək ən yaxşı prodüser olmaq sayılmır. Elə bu günlərdə möhtəşəm Aygün Kazımova konsertində prodüser Şahin Qurbanov idi və ilk dəfə “Crystall Hall” konsertinə prodüserlik etdi. O zaman o neyləsin? Özü üçün nə desin? 24 saat televiziya proqramlarından çıxmasın?”
Müğənni daha sonra ən yaxşı prodüser ünvanına Təranə Səmədovanın layiq olduğunu bildirib:
“Şəxsən mənim gözümdə Təranə xanım Səmədova yaxşı prodüser sayılır. Çünki onun Günay İbrahimli kimi layihəsi olub. Amma sizin sıfırdan başlayan bir sənətçi yetişdirdiyinizi görmədik. Yalnız müğənnilərdən bilib-bilmədiklərinizi efirdə milyonlar önündə, özəlliklə xanım sənətçilərin gizlinlərini el ilə bir etdiyinizi gördük. Yalnız başqalarının “özəl”lərini, sirlərini danışan, hər kəsdə qüsur axtaran, Tolik, sanki hamı səhv bir tək siz düzsünüz. Amma ilk öncə insan bir özünə baxar. Məncə, o qüsurların hamısı bir tək sizdə cəmləşib”.
Sadəcə, “ölkənin əsas prodüser”inə demək istərdim ki, bizim sənət komanda işidir. O dediyiniz Rəhim gələnda 15 adamla gəlir mövzusuna qaldıqda isə, onlar nə dayıoğlu, nə də bibioğludurlar. Birdə ki, siz onları haradan tanıyırsınız? Yanımda gələnlər rəqqaslar, dicey, mətbuat katibi və başqalarıdır. Onların hər biri evinə sizin kinayə ilə yanaşdığınız qonorarımdan çörək pulu aparır. 25 ildir bu sahədəyəm. Sizi isə rəhmətlik İlhamə xanım import etmişdi, bir sənətçinin yanında disk işlərinə baxan bir insan kimi tanımışam. İndi qalxıb mənə davranış, tədbirə necə gəlmək lazım olduğunu öyrətməyin! Basdalama damarımı, dostum, yoxsa bu xəmir hələ çox su aparacaq. Bilməzdim ki, bu yaxınlarda kulis arxasında baş verən anlaşılmazlığı milyonlarla bölüşəsiniz. Bunun adı nə səmimiyyət, nə təbiilik, nə də ki sözün düzünü deyən adam demək deyil. Sadəcə çox ayıbdır. Hörmətli Tolik, bu, mənim sizinlə bağlı sonuncu cavabımdır!”
Qeyd edək ki, Tolik R.Rəhimli haqda “Atv maqazin onlarla”da bunları demişdi: “Son vaxtlar Rəhimdə yekəbaşlıq yaranıb. Özünü Elton Conun yerində görür. Heç kimi bəyənmir. Deyir ki, Azərbaycanda şou yaradan yoxdur. Toya 20 nəfərlə gəlir. Təzə işçiləri, dostları, qohumu, əmisi oğlunu yığıb gətirir. Azərbaycanda Rəhimdən üstün sənəti olan o qədər müğənni var. Bu gün Elvin Abdullayevin yanına rəqqasə Renkanı, “məqqasə şenka”nı, Sonanın qızlarını, Vəlinin oğlanlarını yığım, 20 nəfər olsunlar. Hərəsinin əlində 10 manatlıq fakel yandırıb şou etsinlər. Niyam Salami avtomobillə qəza tördədəndə Rəhim ona zəng vurur. Niyam ona deyir ki, qəza törətmişəm. Rəhim də deyir ki, qulağımda sırğa var gələ bilmərəm. Sonra bəlli olur ki, Rəhim hadisə yerinə gəlib, kənardan izləyib və çıxıb gedib. Niyam da ondan buna görə inciyib”.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...