Ərgənəkonçuların səsi kəsiləcək - Gülənin gizli çıxışı

 
Süleyman Dəmirəl həmişə bizi aldatdı.
 
Axar.az “Habertürk”ə istinadən xəbər verir ki, bu sözlər türk polisi tərəfindən ələ keçirilən və içində Fətullah Gülənin çıxışlarına aid qeydləri özündə əks etdirən sənədlərdə yer alıb. Bu qeydlərdə Gülən keçmiş Baş nazir Bülənd Əcəvitdən çox dəstək gördüyünü bildirib:
 
“Əcəvitin yanına 3-4 dəfə getdim. Çox hörmətlə davrandı. Xidmətimizə çox qarışıq bir zamanda sahib çıxdı. Milli Təhlükəsizlik Şurasında bizi müdafiə etdi. Dosyeləri masaya atıb, iclası tərk etdi. Məktəblərimizi ən azğın ağalardan müdafiə etdi. Bunlar unudulacaq şeylər deyil. Bülənd bəy bizə çox alicənab davrandı. Əcəvit nə namaz qılıb, nə oruc tutub. İlk dəfə Danimarkada, sonra da Rusiyada məktəblərimizi görüb. Bundan sonra hərəkatımıza dəstək verib”.
 
Qeydlərin başqa bir yerində Gülən Süleyman Dəmirələ çox güvəndiklərini, lakin ümidlərinin boşa çıxdığını bildirib:
 
“Amerikalılarla savaşaraq Yer üzündə xidmət edə bilmərik. Dünya yəhudilərin idarəsinə doğru gedir. Əgər dünyaya xidmət etmək istəyiriksə, bunlarla savaşmamalıyıq. Biz ələvi, şəcərəsi ali olmayan generalların siyahısını Süleyman Dəmirələ verdik. Təəssüf ki, o, bizə “sən qarışma, orduya müdaxilə etmə” dedi. Bizə təhqiramiz ifadələrlə reaksiya verdi. Biz hər zaman Dəmirələ güvəndik, amma o, həmişə bizi aldatdı. Bir gün gələcək, bu ərəgənəkonçuların da səsləri kəsiləcək”.
 
Qeyd edək ki, bu qeydlər bir müddət öncə İspartada keçirilən əməliyyat zamanı tapılıb. Qeydlər FETÖ-nun üzvləri tərəfindən Fətullah Gülənin çıxışları zamanı qeydə alınıb.