​Restoranların pul hərisliyi, uzaqlaşan müştərilər, itirən sahibkarlar

 
Son vaxtlar restoranlarda qiymət artımı müşahidə edilir. Üstəlik, artımın bir yox, bir neçə dəfə olması diqqət çəkəndir. Məsələn, əvvəl iki nəfərin ödədiyi məbləğə, indi bir nəfərin nahar etməsi mümkün deyil.
Restoran sahibləri bunu kommunal qiymətlər, eləcə də ərzaq mallarının qiymətindəki artımla əlaqələndirir. Lakin nəzərə almaq lazımdır ki, Tarif Şurasının kommunal xidmətlərlə bağlı qiymət artımı ilə bağlı qərarı bir neçə gündür qəbul edilib.
Oxşar vəziyyətin müşahidə edildiyi qonşu ölkələrin bu məsələ ilə bağlı yanaşmalarına baxdıqda fərqli mənzərənin şahidi oluruq. Belə ki, qonşu Türkiyə və Gürcüstanda qiymətlərdəki artımın restorana gələnlərin sayının azaldacağını dərk edən sahibkarlar nəinki qiyməti qaldırdı, əksinə müəyyən endirimlər etdi. Nəticədə o ölkələrdə kommunal və digər xərclərin artmasına baxmayaraq insanlar restoranlardan üz çevirmədi, əksinə yeni müştərilər qazandılar.
Bizdə isə əksinə qiymət artımı müştəriləri bu məkanlardan uzaqlaşdırır ki, bu da restoranları iflas təhlükəsi ilə üz-üzə qoyur.
Publika.az restoranlardakı qiymət artımını araşdırıb.
"Ya bağlanmalı, ya da qiymət artmalıdır"

 
Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov hesab edir ki, restoranların qiymətləri artırmaları məcburiyyətdən irəli gəlir: “Qiymətlər artımı ən çox restoran biznesinə təsir göstərir. Adi mağazada iki lampa yanırsa, restoranda iri tutumlu sobalar işləyir. Qidanın hazırlanmasına sərf olunan elektrik, qazdan başqa, müştərilərin oturduğu zalda onlarla elektrik lampası orada neçə nəfərin olmasına baxmayaraq işləyir. Kommunal xidmətlərin qiymətinin artması restorana gedən müştərilərin sayını azaldır. Sahibkar da gələn müştəridən bütün xərclərini çıxartmaq məcburiyyətində qalır. Sahibkarın bundan başqa çıxış yolu qalmır. Ya restoran bağlanmalı, ya da qiyməti artırmalıdır”.
Prinsipcə qiymətin artırılması da nəticəni dəyişməyəcək, başqa sözlə, bu, restoranların xilası olmayacaq. Çünki müştəri sayı azalacaq ki, bu da öz növbəsində restoranları bağlanmaq təhlükəsi ilə üz-üzə qoyacaq.
T.Əmiraslanov isə biznesdə belə halın mümkün olduğunu düşünür: “Yəni qoyduğu qazancı götürməyən sahibkar fəaliyyətini dayandıra bilər. Heç bir müəssisə insanlara könüllü xidmət üçün yaradılmır. Restoran sahibinin məqsədi özü ilə yanaşı, nəvələrinə miras qoyacaq gəlir götürməkdir. Çünki həmin müəssisəyə milyonlarla yatırım edib. Gəlir götürmədiyi halda ya müəssisəni bağlayacaq, ya da istiqaməti dəyişib başqa sektorda xidmət göstərəcək”.
"Restorana gedə bilmirəm"

 
Millət vəkili Elmira Axundova restoranlarda qiymətin həddən artıq baha olduğunu deyir. Onun sözlərinə görə, xüsusən, elit restoranlarda qiymətlər daha yüksəkdir: “Həmin restoranlarda yeməklərin ləzzətinə şübhə etmirəm. Lakin mən bir millət vəkili olaraq müəyyən qədər yüksək maaşımla restorana gedə bilmirəm. Artıq rəfiqələrimi evdə qəbul etməyə üstünlük verirəm. 5-6 il əvvəl ad günlərini restoranda keçirə bilirdik. Bu gün isə restoranlarda qiymətlər o qədər yüksəkdir ki, artıq ora xərclədiyim pula heyfim gəlir. Ən yaxşısı həmin pulları yığıb, xaricdə istirahət etməyə üstünlük verirəm. Hesab edirəm ki, bir çox restoranlarda qiymətlərə yenidən baxmaq olar. Lakin məsələnin ikinci tərəfi də var ki, yüksək qiymətlərə rəğmən xüsusən, həftə sonları restoranda boş yer tapmaq olmur. İnsan axırıncı pulu ilə restorana getmir ki?”
Millət vəkili onu da bildirdi ki, restoran sahibləri qiymət müəyyən edərkən daimi müştərilər qazanmağı əsas götürməlidirlər: “Təəssüf ki, bizim sahibkarlar qısa zamanda qazanmağa maraq göstərir. Gələcəyi heç düşünmür. Daimi müştəri cəlb etmək və saxlamağı diqqətə almırlar. Məsələn, Fransada elə kiçik restoranlar var ki, 20 ildir daimi müştəriləri var. Həmin restoran müştəri üçün ikinci evə çevrilib. Restoran sahibləri daimi müştərilərinə müxtəlif endirimlər tətbiq etməklə, diqqətlərini göstərirlər. Hər bir restoranın daimi müştəri qazanmağa çalışmalıdır”.
"Savadsız yanaşmadır"

 
Millət vəkili Fəzail Ağamalı hesab edir ki, ölkəmizdə istehsal olunan qida məhsullarının bu vaxta qədər bahalaşması üçün heç bir əsas yoxdur. Ona görə də, restoranlarda qiymət artımı sahibkarların möhtəkirliyindən irəli gələn məsələdir: “Tarif Şurasının son qərarına qədər ölkəmizdə istehsal edilən məhsulların qiymətində artım müşahidə etmirəm. Təbii qazın və elektrikin qiymətindəki son dəyişiklikdən sonra artımların olacağını da istisna etmirəm”.
Millət vəkili hesab edir ki, lakin restoran sahibləri qiymətləri artırarkən bir çox məqamları nəzərə almalıdırlar. “Əvvəl 50 müştəridən 1 manat artıq alırdısa, indi 10 nəfərdən həmin pulu çıxartmağa çalışması çox savadsız yanaşmadır. Bu zaman o müştəri itirir, tədricən əvvəlki gəlirdən də olur. Çünki artan qiymətlər restoranlara getmək istəyənlərin imkanlarını məhdudlaşdırır. Qonşu Gürcüstanda turizm sektorunun çox yaxşı inkişaf etməsi xidmətin yüksək, qiymətin isə normal olmasıdır. Etiraf etməliyik ki, bu səbəbdən Gürcüstanın turizm inkişafı bizdən çox yüksəkdir. Restoran sahibləri, turizm sektorunda çalışanlar xidmət məsələsinə qonşu ölkələrin müsbət təcrübəsindən bəhrələnməlidirlər. Təəssüf ki, restoran, supermarket, turizm sektorundakı sahibkarlar optimal formadan istifadə etmək istəmirlər, ona görə bizim turizm sektoru geridə qalıb, artıq restoranlarda boşluq var. Sahibkar restorana gələn bir neçə nəfər hesabına külli miqdarda gəlir götürmək istəyir, bu isə normal yanaşma deyil.
Restoran sahibləri dividend gətirən, sahibkarlığın inkişafında stimul rolunu oynayan təcrübələrdən istifadə etsələr, daha qazanclı çıxarlar. Təəssüf ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən sahibkarların düzgün yanaşmaması hesabına restoranlar da boşalır, turizmin inkişafında ciddi problemlər yaşanır”.
"Rəqabət yoxdur"

 
İqtisadçı ekspert Vüqar Bayramov restoranların bazardan əvvəl qiymətləri qaldırmasının əsas səbəbini rəqabət mühitinin olmamasında gördür: “Bizdə bu məsələ Avropa ölkələrindən fərqlənir. Avropada insanların bu məsələdə seçim imkanları kifayət qədər genişdir. Azərbaycanda isə insanların bu məsələdə seçimləri məhduddur. Bu da rəqabətə təsir göstərir. Yəni onsuz da az olan restoranlar arasında vətəndaş seçim edə bilmir. Ona görə də restoran sahibi ehtiyac olmadıqda belə qiyməti artıra bilir. Bunun da əziyyətini vətəndaş çəkməli olur. Nəticədə vətəndaş restoranda ona göstərilən xidmətdən qat-qat artıq ödəniş etməli olur. Bəzi hallarda bazarda, mağazalarda qiymət artımı olmadan öz qiymətlərində artımlara yol verirlər. Rəqabət zəif olduğu üçün onlar müəyyən müddət müştərilərini qoruya bilirlər. Lakin bu, qısa müddətli dövr üçün işləyə biləcək yanaşmadır. Orta və uzun müddətli dövr üçün işləyəcək addım ola bilməz. Ona görə də restoran sahibləri çalışmalıdır ki, ümumi qiymətlərin artması fonunda, daha az artıma getməklə müştərilərini qorusunlar, xidmət sektorunda tələb azalmasın. Qiymətlər artarsa, müştərilərin sayı azalacaq, tələb də çox aşağı düşəcək”.
Batmaq istəməyən restoran sahibləri isə qiymətlərə yenidən baxsalar, yaxşıdır.

Загрузка...
Загрузка...