Respumlikaçıların namizədi "ABŞ nizamını" sarsıtdı

 

Trampın seçkilərdə qələbə qazanmasının səbəbi mövcud siyasi xəttin artıq Amerika xalqını narahat eləməsidir
 
Keçmiş federal bank müdiri Stiglits Amerika xalqının 1%-nin əldə edilən gəlirin 99%-nə sahibləndiyini, bu böyük gəlir uçurumunun xalq arasında bir parçalanma yaradacağını deyirdi.
Müttəfiqlərə ayrılan hərbi xərclərin daha ödənilməməsi isə Amerikanın bazisinə, təhsilinə, tibbi problemlərə vəsaiti artıracağını müjdələyirdi. Texnoloji yarışda olan bir dünyada Amerikanın hərbi xərclərinin təhsil xərclərindən altı dəfə artıq olması, gələcək nəsillərə elə də böyük ümidlər vermir. Buna görə də ağ amerikalılar seçki sandıqlarına qaçaraq getdilər.
Hurriyyet.org xəbər verir ki, özünü “xoşniyyət hegemon” adlandıran ABŞ-dakı seçkilərin nəticələri bütün dünyanı maraqlandırır. 1945-ci ildən sonra İngiltərə ilə birlikdə qurduğu dünya quruluşunun iqtisadiyyatı və siyasəti tamamilə Amerika tərəfindən idarə edilir. Digər güclü ölkələr də hadisələr törədib, müharibələrdə iştirak etmələrinə rəğmən, Latın Amerikasından Asiyaya, Asiyadan Yaxın Şərqə qədər rejim dəyişiklikləri etmək iqtidarında deyillər. Lakin bu rejim dəyişiklikləri, vəkalətlə aparılan müharibələr, Amerika Federal Bankının faizlə oynaması bütün dünyaya təsir elədiyi kimi, artıq qloballaşan dünyada Amerika xalqına da təsir edir. Hətta iqtisadçılar Amerika iqtisadiyyatındakı geriləməni dünyadakı iqtisadi inkişafın durğunluğu ilə izah edirlər. Bu səbəbdən Amerika iqtidarının və Amerika “dərin dövlət”inin bütün səylərinə və usandırıcı müqavimət əməliyatlarına rəğmən, Trampın seçkilərdə qələbə qazanmasının səbəbi mövcud siyasi xəttin artıq Amerika xalqını narahat eləməsidir.

Sanders olsaydı, nəticə fərqli ola bilərdi
 
Yeni təhlillərə görə, Trampın qarşısına Demokratlar Partiyasının ikinci namizədi Sanders çıxsaydı, Amerikadakı prezident seçkiləri bəlkə də başqa cür nəticələnə bilərdi. Sanders Amerikanın problemlər içərisində olan orta təbəqəsinə - Trampın bəzi cəfəng təhlilləri istisna edilməklə, - eyni sözləri söyləyirdi. Amerikanın orta təbəqəsi, xüsusilə də ağdərili orta təbəqə Meksikadan, Asiyadan, Yaxın Şərqdən gələn köçkünlər “sayəsində” işlərini itiriblər. Böyük istehsalçılar isə əmtəənin maya dəyərini ucuzlaşdırmaq və daha az vergi ödəmək üçün iş mərkəzlərini və fabriklərini xaricə köçürüblər.
Gənc bir tələbə ikən, yəni 1970-ci illərdə Detroyt şəhərinə getmişdim. Şəhərin girişində “Sıfır kilometr buradan başlanır” yazısı asılmışdı. Detroyt Amerikanın avtomobil sənayesinin mərkəzi idi. Afroamerikalılar burada yüksək əməkhaqqı müqabilində fəhləlik edirdilər. 1980-ci ildə böyük biznes dairələrinin təzyiqi ilə Amerika bazarının qapıları əcnəbi avtomobillərin üzünə açıldığı zaman, çoxları işsiz qalaraq, ölkənin başqa yerlərinə köçməyə məcbur oldular. Amerika biznes dairələri xaricdə istehsal və investisiya sayəsində böyük qazanc əldə edirdilər.
Keçmiş federal bank müdiri Stiglits Amerika xalqının 1%-nin əldə edilən gəlirin 99%-nə sahibləndiyini, bu böyük gəlir uçurumunun xalq arasında bir parçalanma yaradacağını deyirdi. Daxildə və xaricdə gələcək üçün təhlükə hiss edən cəmiyyətlərdə müşahidə edildiyi kimi, Amerika və Avropa xalqları daha az liberal, daha avtoritar ola biləcək rejimlərə doğru meyllənməkdədir.
 
İmmiqrantlara münasibət

Digər tərəfdən də, II Dünya müharibəsindən bəri Amerika xalqı dünyanın müxtəlif bölgələrində səbəbini bilmədiyi müharibələrdə iştirak edirdi. Müharibədən geri qayıdan aşağı və orta təbəqələrə mənsub şəxslərə normal bir şərait, yeni iş sahəsi yaradılmamışdı. Amerikanın təqaüddə olan hərbçi və qaziləri ölkələrinə qayıtdıqları zaman Yaxın Şərqdə müharibə etdikləri insanların bənzərlərinin Amerikada fərqli bir şəkildə qarşılarına çıxdıqlarını, özlərinin fərqli mədəniyyətlərini Amerika daxilinə sızdırdıqlarını güman edirdilər. Müsəlmanlar barəsində intensiv təbliğat nəticəsində yaradılmış qaranlıq təsəvvürdən sonra Yaxın Şərq köçkünlərinin terrorçularla eyni tutulan imicləri və Amerika daxilində vaxtaşırı baş verən terror hadisələri bu düşüncəni qüvvətləndirirdi.
Trampın müsəlman köçkünləri artıq qəbul etməyəcəklərini söyləməsi bu münasibətlərə söykənir. Trampın “Əvvəlcə Amerika” ifadəsindən, “Amerikanı əvvəlki kimi yenə qüdrətli edəcəyik” sözlərini Amerika orta təbəqəsi istehsalın təkrar Amerikaya qaytarılmasının təmin edilməsi, iş həcminin artırılması və daha işsiz qalmayacaqları kimi qavrayırdı. Amerikanın keçmişdəki kimi böyük olması isə ağ protestant Amerika cəmiyyətinin yenidən dirilməsi mənası verirdi.
Müttəfiqlərə ayrılan hərbi xərclərin daha ödənilməməsi isə Amerikanın bazisinə, təhsilinə, tibbi problemlərə vəsaiti artıracağını müjdələyirdi. Texnoloji yarışda olan bir dünyada Amerikanın hərbi xərclərinin təhsil xərclərindən altı dəfə artıq olması gələcək nəsillərə elə də böyük ümidlər vermir. Buna görə də ağ amerikalılar seçki sandıqlarına qaçaraq getdilər.
 
Sinfi toqquşmadan irqi toqquşmaya

Amerikanın təməl quruluşunun bir parçası olan biznes dairələri, onlarla bağlı media və nəhayət, “dərin dövlət” Trampı şeytanlaşdıraraq çirkin imic sahibinə çevirib.
Qadınlara qarşı dedikləri, müsəlman köçünə qarşı münasibəti, Meksika sərhədlərinə divar hörülməsi cəfəngiyyatı da bu imicin formalaşmasında az rol oynamayıb.
Amerika iqtidarının ağdərili orta təbəqənin qəzəbinə, əzilməsinə göz yumaraq həddən artıq qütbləşdirdiyi Amerika xalqı bu dəfə sinfi deyil, irqi baxımdan bir toqquşmaya sövq edilir. Əksəriyyəti demokratlara səs verən Amerika azlıqlarının unutduqları bir cəhət Yaxın Şərq xaosunun yaradıldığı zaman Hillari Klintonun xarici işlər naziri olmasıdır. O, Liviyadakı hadisələrlə bağlı “Gəldik, gördük, öldülər” demişdi. Yaxın Şərqdəki və xüsusilə də Suriydadkı proseslərin məsuliyyəti onun üzərində idi. Nəzərə alınmayan digər bir cəhət də varlı təbəqələrin əyləncə yerləri arasında “pleyboy klublarına üstünlük verilməsi, “Hollivud” ulduzları başda olmaqla, varlı dairələrin Tramp kimi qalmaqallara vərdişkar olmaları idi. Zatən Amerikanın orta təbəqəsi yaşamaq uğrunda mübarizə apardığı üçün bu iddialara çox da fikir vermiş kimi görünmür.
Demokratlar xarici siyasət seçimlərində səs almaq üçün təsir altında qalıblar. Yaxın Şərq ilə bağlı siyasətlərini müəyyən lobbilərin istəklərinə görə müəyyənləşdirməyə söz veriblər. Bunun üçün Suriyadakı toqquşmaların davam etməsi lazımdır. İkinci təsir isə İŞİD-dən daha güclü və böyük bir düşməndən qorxmaqdır. Bu qorxu üçün seçilən ölkə isə Rusiya olub. Arktikadan Baltik dənizinə, Baltikdən Qara dənizə və Yaxın Şərqə doğru uzanan, nüvə müharibəsinə qədər apara biləcək bir müharibə meydanı açılırdı. Eyni qorxunu Amerikaya Kennedi yaşatmışdı. Seçkilərdən əvvəl Rusiya raketləri Amerikanı təhdid etdiyindən, Amerikanın nüvə potensialının zəif olmasından dəm vuraraq seçkilərdə qələbə qazanmışdı. Sonradan Amerikanın nüvə potensialının deyiləndən iki dəfə böyük olduğu məlum oldu.
 
İranla nüvə müqaviləsinin gələcəyi
 
Tramp isə Hillari Klinton kimi lobbilərin təsiri altında müharibəyə getməyəcək kimi görünürdü və “Rusiya ilə uzlaşa, bazarlıq edə bilərik” deyirdi. Lobbilərin puluna çox ehtiyacı olmayan, öz pulunu özü qazanan bir biznesmen təsiri bağışlayırdı. İlk dövrlərdə “Amerikanın Yaxın Şərdqdə nə işi var?” deyirdi. Səsvermə vaxtı yaxınlaşdıqda isə İsrailin Qüdsdə tikinti apara biləcəyini dedi. Lakin prezident Buşun dövründə olduğu kimi, Yaxın Şərq müharibələri üçün 3 trilyon dollar xərcləyəcək və planetimizdəki 800 ədəd Amerika bazası üçün milyonlarla dollar pul tökəcək qədər pul səpəcək kimi görünmürdü.
Tramp İranla bağlanan nüvə müqaviləsini pozacaqmı? Hələlik əmin deyilik. Ancaq Yaxın Şərqdə nisbi bir sülh olacaqsa, İranın sərhədlərinin içərisinə çəkilməsi hamı üçün kifayət edəcək kimi görünür. Onun bəzi münasibətlərində Nyu-Yorkda içərisində böyüdüyü yəhudi camaatının məhdud təsirləri görünür. Tramp əslində lobbiçiliyə və siyasət oliqarxlarına qarşı mənfi münasibət bəsləyir.
Şimali və Cənubi Çin dənizində Amerika tərəfindən sıxışdırılan Çinə gəlincə, bu ölkənin Amerikaya ixrac etdiyi mallara qoyulan verginin artırılması həm Çin, həm də Asiya iqtisadiyyatlarını uzunmüddətli böhrana sürükləyə biləcək və bəzi sosial partlayışlara istiqamət verəcək kimi görünsə də, Trampın daha mötədil bir yolla gedəcəyi gözlənilir. Amerika müharibə dövləti olaraq deyil, amma ticarət dövləti olaraq Asiyada daha çox uğur qazana biləcək kimi görünür. Çünki indiyə qədər Amerika Asiyada apardığı heç bir müharibədə qələbə qazanmayıb.
 
Solu olmayan yeganə demokratlar

Amerika iqtidarının xalqla əlaqələr siyasəti nəticəsində demokratlara səs verən geniş kütlələr nəticədən tam əmin deyillər. Tramp isə öz respublikaçı partiya iqtidarına da qarşı çıxaraq, prezidentliyə namizəd olmuşdu. Respublikaçılar Partiyası əslində mühafizəkar deyil. Hazırda bisnes dairələrini və cəmiyyətin reaksiyalarını təmsil edirlər. Ağdərililər dəyişiklik istədilər – dəyişiklik üçün sistemi dağıtmaq gərək idi və sistem sarsıldı. Amerikada hazırda adı-sanı eşidilməyən bir kommunist partiyası var. Lakin müasir dövrdə solçuları olmayan yeganə demokratik dövlət Amerikadır. Bu səbəbdən də sistemlərin sarsılmasına solçu reaksiyalar verilmir. Tramp Amerikanı, bəlkə də Yaxın Şərqi nüvə müharibəsindən xilas elədi, amma onun özü və köməkçisi Amerikanı haqlayan iqlim dəyişikliklərinə çox da inanmır. Bəlkə də çox yaxın bir dövrdə, iqlim dəyişikliklərinin təsirləri artdığı zaman müşavirləri onu dilə tuta biləcəklər. Əks təqdirdə, Arktikada yeni enerji qaynaqlarına qovuşan Rusiya xalqı Tramp heyranına çevrilə bilər.
Tramp lobbilərə, lobbiçiliyə qarşı olmasına rəğmən, Amerika mətbuatında müşavir, köməkçi və nazir olaraq adı çəkilənlərə nəzər sadıqda mühafizəkar siyasətçilərin, lobbiçilərin, “Uol Striit”in aşina olduğu dairələrin adını görmək olur. Təbii olaraq, seçim nitqlərində dediklərinin bəlkə də yarısını həyata keçirə bilməyəcək, amma Amerika xarici siyasət baxımından sakitləşəcək kimi görünür.
 

Türkiyə ilə münasibətlərin gələcəyi
 
MÜxtəlif ölkələr Trampın seçkilərdəki qələbəsini, öz vəziyyətlərinə görə müxtəlif cür qiymətləndirdilər.
Hətta İsrail də Trampın prezident olmasından məmnun olduğunu bildirib. Avropa özünə yeni müdafiə xərclərinin çıxacağı ehtimalına görə məmnun olmadı. Halbuki Avropa həm terror, həm də köç hadisəsinin səbəb olduğu problemləri Amerikanın Yaxın Şərq siyasətindəki roluna görə qəbul eləmişdi.
Türkiyəyə gəlincə, Yaxın Şərqdə İraq, Suriya və İrana nəzarət edə bilən, Şərqi Ağ dəniz və Qara dənizdə təhlükəsizliyi qoruya bilən, Qafqaza və Balkana açılan qapıları ilə 70 ilə yaxın NATO ittifaqının üzvü olan Türkiyə Tramp kimi ticari hesablamalar aparmağı bacaran bir adam üçün mühümlüyünü itirməyəcək, əksinə, artıracaq. Türkiyəni narahat edən və Amerikadan qaynaqlanan müxtəlif terror mövzularının isə Türkiyənin lehinə həll oluna biləcəyinə güclü ümidimiz var.
 
Professor Hasan Köni, İstanbul Mədəniyyət Universitetinin müəllimi
 
Hurriyyet.org məqaləni “Anadolu Agentliyi”ndən tərcümə edib