“Respublika” qəzetindən daha bir gülməli açıqlama

“Məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsaslanıb”
Təhsil Nazirliyi ilə “Respublika” qəzeti arasında baş verən müsahibə qalmaqalı davam edir.
 
Musavat.com xəbər verir ki, qəzetin 28 oktyabr tarixli sayında press-reliz başlıqlı mətndə bu məsələyə aydınlıq gətirilib. İzahatı təqdim edirik: “Azərbaycan Respublikasının Təhsil Nazirliyivə “Respublika” qəzeti bildirirlər ki, qəzetin 2016-cı il 27 oktyabr tarixli nömrəsində dərc olunmuş “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsaslanıb. Yaranmış anlaşılmazlıq əməkdaşların məsələni tam araşdırmaması nəticəsində ortaya çıxmış və lazım olmayan əks-sədaya səbəb olmuşdur. Azərbaycan Respublikası TəhsilNazirliyi və “Respublika” qəzeti mövzu ilə bağlı əlavə şərhlərə ehtiyac görmürlər”.
 
Məsələ ondan ibarətdir ki, oktyabrın 27-də səhər saat 08:33-də qəzetin saytında təhsil naziri Mikayıl Cabbarovun “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” başlıqlı müəllif yazısı dərc olunub. 40 min işarəlik nəhəng yazı nəşrin saytında yer alıb. Məqalə rəsmi üslubda yazılıb və Azərbaycanda təhsilin inkişafını nümayiş etdirən saysız-hesabsız statistik məlumatlarla zəngindir.
 
 
 
Lakin məqalə dərc edildikdən bir qədər sonra Təhsil Nazirliyinin rəsmi saytında Mikayıl Cabbarovun bu yazının müəllifi olmaması ilə bağlı təkzib yerləşdirilib: “Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib. Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”, - məlumatda deyilir”.
 
“Respublika”nın baş redaktoru Teymur Əhmədov isə ilk gündən bu müsahibənin yalan olması ilə bağlı deyilənləri uydurma adlandırır. Musavat.com-a açıqlamasında isə o, “Hər şey aydınlaşıb. Gün kimi aydındır. Sabahkı sayımızda isə bu barədə geniş izahat olacaq”demişdi.
Bəli, bu da gözlənilən izahat. Əgər buna izahat demək olarsa.  (musavat.com)