Rembo komadan ayıldı!

Komadan ayılan "Rembo" huşu özünə gələndə ilk anasını istəyib
Bu barədə yaralı tankçımız "Rembo” ləqəbli tankçı-mexanik Razi Cavadovun atası məlumat verib.
"Oğlumun yanından bu gün Goranboya qayıtmışam. Dünən də, bu gün səhər də Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında olmuşam. Həkimi Xəyal doktorun dediklərinə görə oğlumun durumu indi əvvəlkinə nisbətən daha yaxşıdır. Komadan ayılıb, huşu özünə gəlib, ayılanda anasını istəyib. Ancaq özümüz oğlumu görə bilməmişik, yanına buraxmırlar. Oğlumu axırıncı dəfə ayın 10-da Gəncədə əməliyyat olanda görmüşdüm. Tibbi qaydalara uyğun olaraq hələ ki, yanına girmək mümkün deyil”.
Xatırladaq ki, Goranboy rayonunun Balakürd kənd sakini, Azərbaycan ordusunun müddətdən artıq hərbi qulluqçusu, tankçı "Rembo” ləqəbli Razi Cavadov aprelin 2-dən 6-na qədər Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə işğal altındakı Talış kəndi arasındakı yüksəkliklər uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Atasının və döyüş yoldaşlarının dediyinə görə, Razi Cavadov 4 günlük döyüşlərdə düşmən postunu darmadağın edərək onları pərən-pərən salıb, düşmənin bir neçə texnilkasını və canlı qüvvəsini məhv edib. Aprelin 6-da Razi düşmən snayperi tərəfindən başından vurulub. Sol gözünü itirən tankçımız hələ də komadadır. Onun üç azyaşlı uşağı - iki oğlu, bir qızı var.