Rektorunun yanına gələrək qovulmasını xahiş edən dahi musiqiçi- ARAŞDIRMA

 
 
 
 
Bu dahi musiqiçi cəmi 39 il ömür sürdü. 39 il ömür sürdü, yaşamağa gəldikdə isə bu gün də yaşayır.
 
Moderator.az saytı bu gün bəzi ömür sürən musiqiçilıərdən də sağ olan, yaşayan Vaqif Mustafazadəni yad edir:
 
Vaqifsayağı düşünmək
 
O, dahi idi. Amma hər şeyə rəğmən  bir “səhv”i olan dahi... Belə ki, cəmiyyətin təfəkkür və zövqündən formalaşan musiqi duyumunun fövqünə çıxmaq, onu alt-üst etmək ifaçını insanlardan uzaqlaşdırır. Onun musiqisi stereotip insanların və qəliblərin  düşməni idi. Elə stereotip insanlar da onu qəbul etmədi…
 
Amma məsələ təkcə musiqidə  deyildi. Vaqif Mustafazadənin musiqisinin məhvəri, şirəsi sayılan fərqli baxış, yaşam tərzi onu cazlaşdırmışdı. Onun baxışı sovet vətəndaşlarının boz yaşamının fövqündə idi. Musiqi də məhz bu fövqü əks elətdirirdi. O öz bığları ilə də bir CAZ idi... Çərçivəni sındıra bilməyənlər üçün isə o bir növ qeyri-ciddi adam sayıla bilərdi.  Öz aləmi olan insanlar üçün isə Vaqif idi...
 “Vaqifsayağı düşüncə”ni yazının qəhrəmanı ediriksə onda mütləq bir məqamı qeyd etməliyik: Vaqif Mustafazadə bəlkə də Azərbaycanın musiqi tarixindən çox Azərbaycanın düşüncə tarixində bir inqilabçıdır. Vaqif üçün caz düşüncəni dəyişmək üçün bir vasitə idi və o, 39 illik qısa həyatında buna nail ola bildi.
 
“Muğam barmaqlar”
 
Mərhumun qızı “dünyanın caz kraliçası” hesab edilən  Əzizə xanım deyirdi:
“atamın barmaqları muğam barmaqlar, siması isə cazla muğamın sintezi idi.”
Təbii ki, həm davamçısı, həm yeganə övladı, həm də ən yaxın dostu olan Əzizə xanımın bu bənzətməsi qədər sənətkarı heç nə daha dolğun əks etdirə bilməz. Vaqif Mustafazadə iki SƏSin tranzit nöqtəsi idi. Şərq musiqisi, Azərbaycan muğamı, modern cazla bərabər onda birləşirdi. Məhz bu iki səsin qovşağında Vaqif Mustafazadə yarandı…
 
 
 
Anam, dəniz və İçərişəhər"
 
Anası Zivər xanım dövrünün çox yaxşı xanım musiqiçilərindən biri olub. Böyük Üzeyir bəyin əlindən su içib. Sonra həmin suyu təkbaşına böyütdüyü oğluna içirtməklə məşğul oldu. Hələ uşaq ikən musiqi məktəbinə gedəndə imkan vermirdi ki, Vaqifə kimsə pianinoda məşq edən zaman mane olsun. Axşamlar Vaqif üçün pianino ifa edərkən hökmən muğamlara da bir barmaq toxunmalı idi. Elə bu zaman Vaqif anasını israrla məcbur edirdi ki, yenidən həmin muğam akkordlarını vursun. Anası bir daha həminkindən də gözəl akkordu vurmaqla Vaqifi gələcək bir dünyaya aparacaqdı. Balaca Vaqif özünü saxlaya bilməyib Zivər xanımın barmaqlarından öpərdi. Çünki onu gələcək Vaqif dünyasına ilk olaraq bu barmaqlar aparacaqdı. Bir növ onu yoğuracaqdı. İçərişəhərdə böyüyən bir uşağın ilk gördüyü Şərq üslublu qala qapıları, küçələr, evlər, həmin qapılardan o tərəfdə isə mavi dəniz və çağlayan bir şəhər var idi. Yəni ki, cazın Vaqif Mustafazadə janrı məhz buradan yaranmışdı – Şərq qapısından başlayıb, modern şəhərə, sakit dənizə baş vuran bir musiqi idi Vaqif Mustafazadə. Sonradan da ömrünün axırına qədər, uğurlu Monako festivalından tutmuş faciəli Daşkənd səfərinə qədər o yalnız özünü ifa edəcəkdi.
 
Elə buna görə də
 
Qısa ömrü ərzində çox adam onu qəbul etmədi. Əsasən də sovetin düşüncə, zövq bozluğunda batanlar, bu bozluğun çərçivəsində qərar tutanlar Mustafazadəni görmək istəmirdilər. Musiqi məktəbini bitirəndən sonra Tahir Atakişiyev adlı direktor şəxsi antipatiyası səbəbindən onu ixtisasa yararsız kimi qiymətləndirir. Şəhərin ən güclü pionisti güc-bəla ilə musiqi texnikumuna daxil olur. Konservatoriyaya imtahan verərkən rektor Cövdət Hacıyevin tərsliyi ilə rastlaşır. Belə ki, Raxmanindən ifa zamanı son akkordu özü kimi vurur. Yəni Raxmanindən Vaqifə keçid edir. C. Hacıyevin də bu özünə əminlik xoşuna gəlmir və mübahisələrdən sonra ona yağlı bir “iki” yazır. İki ildən sonra həmin ali musiqi ocağına qəbul olsa da bir müddət keçmir ki, rektororun yanına gələrək azad olunmasını xahiş edir. Nə rektor, nə də başqaları onu anlamır. Kim bilərdi ki, bu adam Vaqif Mustafazadəni axtarır. Hamının gördüyü yox, yalnız özünün bildiyi, içində gizlətdiyi Vaqif Mustafazadəni. Elə onu tapandan sonra hamı ona  düşmən  kəsildi, onu tapandan sonra cazda Vaqif janrını yaratdı, onu tapandan sonra cazla muğamı birləşdirərək, opera ilə muğamı birləşdirməklə musiqi tariximizdə az qala Üzeyir bəy qədər böyük bir iş gördü…
Beləliklə, o, yeni caz fikrinin əsasını qoydu. Bəli caz öz-özlüyündə bir fikir idi. Vaqifin “Muğam-caz” icadı isə özünə qədər olan bütün fikirləri alt-üst etməkdə idi. Həyat yoldaşı Elza xanım ilk dəfə bu janr istiqamətində musiqilər oxuyan ifaçı, qızı Əzizə xanım isə bu janrı dünyaya təqdim edən bir davamçı oldu.
 
 
 
Barəsində yazılan kitablar deyilən sözlər
 
1960-cı illərin yeniləşən bədii-estetik müstəvisində gənc Vaqif Mustafazadənin cazla muğamın sintezi ilə bağlı eksperimentləri diqqət-nəzəri çəkməyə başladı.
Vaqif Mustafazadə haqqında 1986-ci ildə “İşıq” nəşriyyatında çıxan  ilk kitabça-monoqrafiyanın müəllif - Rauf Fərhadov sənətkarın əsil vurğunu idi. Həmin kitabın  elə başlanğıc səhifələrində onun caz-muğam üslubunun yaradıcısı kimi tarixi əhəmiyyəti xüsusi vurğulanır və bu fenomenin tarixi, nəzəri kökləri dünya caz sənətinin, eyni zamanda sovet və Azərbaycan caz musiqisinin inkişafı fonunda ardıcıl surətdə araşdırılır. İlk nəzərdən bir-birinə yad mədəniyyətlərin və təfəkkür tərzinin ifadəsi olan iki musiqi janrı - Amerika cazı və Azərbaycan muğamının Vaqif Mustafazadə yaradıcılığında üzvi surətdə qovuşmasının səbəbini müəllif ilk növbədə və tamamilə haqlı olaraq hər ikisinin improvizasiya təbiətində, daha sonra ritmik və melodik strukturdakı oxşarlığında aşkarlayır.
Həmin kitabda amerikan caz musiqisininn banilərindən olan məşhur cazmen Uilyam Konaver Vaqif haqqında bunları deyir: “Bu pianoçuya rəqib tapmaq çox çətindir. O, müasir caz dünyasının ən lirik pianoçusudur.
 
 
 
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Ulduzlara bir az yaxın”kitabında Vaqif Mustafazadəyə “Tikmişəm izim qala” adlı esse həsr edir. Həmin essedə deyilir: Vaqif Mustafazadə musiqi gələcəyimizin özəlliyidir. Lakin onun artıq bu gün Azərbaycanda deyil, dünya musiqi sənətinə gətirdiyi özəlliklər barədə cəsarətlə danışmaq olar.
Daha bir kitab isə musiqişünas alim  Lalə Rzayevanın “Vaqif Mustafazadənin planizmi” adlanır. Kitab I Respublika Konfransının materialları əsasında 1992-ci ildə yaranıb.
T. Məmmədəliyeva “Vaqif Mustafazadə yaradıcılığı üzərində bəzi müşahidələr” adlı monoqrafiyasında sənətkarın fərqli yaradıcılıq manevrləri, üslubu diqqət mərkəzinə çəkilir.
Akademik Rafael Hüseynov “Min ikinci gecə” adlı kitabında Vaqif Mustafazadəyə önəmli yer verib. Kitabın adı da Vaqif haqqındakı yazının  adından götürülüb. Orada cazmen haqqında deyilir: “onun musiqisindən qədim Şərq melodiyalarının ətri gəlir. Bu Şəhrizadın 1002-ci gecədə söylədiyi nağıla bənzəyir”
 
Elmin Nuri

Загрузка...
Загрузка...