“Reket jurnalist”in şantaj etdiyi nazir kimdir?-CAVAB

Vətəninfo.az xəbər verir ki, Milli Məclisdə keçirilən "18 iyun – Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar dinləmələrdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkədə "reket” medianın mövcudluğundan danışıb. Gununsesi.info-nun xəbərinə görə isə, Əli Həsənov bu barədə danışarkən bir faktı xatırladıb: "Bu yaxınlarda nazirlərdən biri açıq-aşkar zəng edib deyir ki, filan qəzet məni təhdid edir. Açıq formada böhtan yazır. Deyirəm ki, məhkəməyə müraciət edin. O da qeyd edir ki, işimi buraxıb məhkəməyə gedim? Həmin "reket” jurnalistin üzərində 15 məhkəmə qərarı var”.
Gununsesi.info-nun araşdırmaları nəticəsində bəlli olub ki, "reket jurnalist”in təhdid və şantaj etdiyi nazir Ekologiya və təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, üzərində 15 məhkəmə qərarı olan həmin "reket” jurnalistin  isə "Gundelik Bakı” adlı qəzetinin baş redaktoru Habil Vəliyevdir.
Qeyd edək ki, çox saylı şikayətlər əsasında  Mətbuat Şurası bir neçə ildir ki, "Gündəlik Bakı” qəzetini "qara siyahı”ya salıb.
Saytımızın araşdırması zamanı o da bəlli olub ki, Habil Vəliyevlə bağlı hazırda məhkəmələrdə daha7-8 şikayətə baxılır.