Rejimin yarıtmaz siyasəti, iqtisadi böhrandan sösial böhrana aparacaq

       
Ölkəmizdə,gün-bəgün ağırlaşan iqtisadi böhran ağırlaşmaqda davam edir. Təbii ki, cəmiyyətə sirayət edən böhran insanlar arasında mövcud rejimə etirazlar çoxalmacağı qaçılmazdır.  Hal-hazırda elə bir vəziyyət yaranıb ki, əhalinin 10-15 faizi istisna olmaqla, hər kəs narazı, haqsızlığa, ədalətsizliyə, hakimiyyətin yarıtmaz siyasətinə fərd olaraq etiraz etməkdədir. Qeyd etməliyik ki, Azərbaycanda sosial vəziyyət də günbəgün ağırlaşır, yaxında bu narazı fərdlərin böyük bir etiraz dalğası yarada biləcəyi istisna deyil. Hansı ki, son zamanlar bəzi imtiyazlardan məhrum edilən qaçqın və məcburi köçkünlərin etirazının artıq qrup halına keçdiyini müşahidə etməkdəyik. Bu qruplar isə müxtəlif vaxtlarda ölkənin hər yerində hakimiyyətə qarşı etiraz səsini ucaltmaqdadır.
 
 
Əlbəttə, ölkədə təkcə qaçqın və məcburi köçkünlər narazı deyil. Yuxarıda qeyd etdiyim kimi, vətəndaşlarımızın böyük əksəriyyəti mövcud duruma qarşıdır və hər kəs fərd olaraq yarıtmaz idarəçilik sisteminin dəyişilməsini tələb edir. Bu vəziyyətdə isə hər kəsi bir sual düşündürür: ölkənin belə ağır duruma düşməsində kimlər, hansı qüvvələr günahkardır? Ümumiyyətlə, 1995-ci ildən bu yana böyük neft pulları əldə edən Azərbaycan qlobal-iqtisadi böhran qarşısında niyə tez bir zamanda diz çökmək məcburiyyətində qaldı? 
 
 
Təbii ki, bu sualların cavabını yenə də yarıtmaz idarəçilik sisteminin fəaliyyətində axtarmaq lazımdır. Hansı ki, bu sistemi təşkil edən məmurların böyük əksəriyyəti illərdir, dövlət əmlakını talayaraq, əldə etdiyi pulları xarıcə daşımaqla məşğuldurlar. Hətta bəzi hesablamalara əsasən, 5-10 nəfər məmurun ölkədən çıxardığı pulların həcmi Azərbaycana son 20 ildə neftin satışından daxil olan vəsaitdən belə artıqdır. Odur ki, mövcud duruma görə, illərdir, yalnız öz şəxsi maraqları üçün çalışan, qeyri-neft sektorunun inkişafına real olaraq heç bir cəhd göstərməyən ölkə iqtisadiyyatının təməl daşı olan kiçik və orta sahibkarlığı özlərinin monopolist fəaliyyətləri ilə məhv edən, iş adamları üzərində qanunsuz olaraq haqlar qoyan korrupsioner məmur ordusu birbaşa cavabdehdirlər. Məhz onların yarıtmaz fəaliyyətinin və acgözlüyünün nəticəsidir ki, hazırda region ölkələrindən, qonşu dövlətlərdən fərqli olaraq Azərbaycan sosial-iqtisadi böhrandan əziyyət çəkir. Yaxın gələcəkdə baş verə biləcək sosial partlayışın məsuliyyətini də məhz həmin rüşvətxor, korrupsioner məmurlar daşımalı olacaqlar.

Amma “ziyanın yarısından qayıtmaq da xeyirdir”, nə qədər gec deyil, mövcud idarəçilik sistemi dəyişilməli, siyasi islahatlar aparılmalı, qeyri-neft sektorunun, xüsusən də kiçik və orta sahibkarlığın inkişafına ciddi nəzarət edilməli, sahibkarlara, iş adamlarına basqılar aradan qaldırılmalı, ölkəyə sərmayə cəlb edilməsi üçün münbit şərait yaradılmalıdır. Bütün bunlar olmadıqca, Azərbaycanda sosial böhranı aradan qaldırmaq və iqtisadi inkişafa nail olmaq qeyri-mümkündür. 
 
 
Lakin çox təəssüflər olsun ki, hökumət rəsmiləri mövcud durumu dərk etsələr də, hələ də real iş görməkdənsə, insanlara yalan vədlər verməklə məşğuldurlar. Bu isə, qeyd etdiyim kimi, heç də yaxşı gələcək vəd etmir, əksinə, belə vəziyyətdə ölkə getdikcə uçuruma doğru sürüklənir.

Əsli həqiqətdə vurğulamaq yerinə düşər ki, ölkəni ağır sosial-iqtisadi böhrana salan indiki hakimiyyət (və ya komanda) onu bu vəziyyətdən çıxara bilməz. Sual oluna bilər nə üçün? Əyər bu hakimiyyətin potensialı və səriştəsi olsaydı, neftdən gələn 140 milyard dollar havaya sovuraraq ölkəni bu vəziyyətə salmazdı. Bu baxımdan ölkənin düşdüyü ağır böhrandan çıxış yolu hakimiyyətin dəyişilməsindən keçir. Ölkəni bu vəziyyətdən yalnız yeni komanda və ya hakimiyyət çıxara bilər. 
 
 
Demokratik ölkələrdən sitat gətirməyəcəyəm elə götürək bizimlə müstəqilliyi qazanmış Gürcüstanda öz vəsaiti hesabına istehsal sahələri açan kiçik və orta sahibkarların ayaq üstə durması üçün onlar bütün vergilərdən 5-10 ilə qədər azad olunmaqla yanaşı eyni zamanda çox kiçik faizlə uzunmüddətli kredit verdiyi halda, Azərbaycanda öz vəsaiti hesabına istehsal sahələri yaradan iş adamlarına hakimiyyət qənim kəsilir.

MÖVSÜMOV Cabir
 

Загрузка...
Загрузка...