Referenduma (səsverməyə) gedək (mi)...

 

 
 
Sentyabrın 26-da ölkəmizdə referendum keçiriləcək. Konstitusiyaya müxtəlif maddələr üzrə 29 əlavə və dəyişiklik ediləcək. Referendum Aktına daxil edilən məsələlər əsasən iki istiqaməti əhatə edir: insan hüquq və azadlıqları məsələlərində qaydalar sərtləşdirilir, dövlət idarəçiliyi üzrə sistem və idarəetmə qaydaları dəyişdirilir.
 
Əslində, olduqca ciddi, taleyüklü məsələlərdir.  Prezidentlik müddətinin uzadılması, vitse-prezidentlik institutunun yaradılması, parlament seçkilərində yaş məhdudiyyətinin dəyişdirilməsi ilə yanaşı, de-yure vətəndaşların və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi yönündə də bir sıra dəyişikliklər nəzərdə tutulur; məsələn, ordu sisteminin təkmilləşdirilməsi, terror və dövlətçiliyə təhlükə törədə biləcək məsələlərdə cəzanın sərtləşdirilməsi, mülkiyyətin sosial məsuliyyət, öhdəlik yaratması və sair... Eyni zamanda, bəzi məqamlar sırf korrektə xarakterlidir, daha konkret göstərilir yeni layihə üzrə.
Referendum ərəfəsində təşviqat kampaniyasının kifayət qədər aktiv keçməməsində iqtidarı daha çox qınayır bir çoxları.
 
Amma özünü demokratik qüvvə hesab edənlərin və vətəndaşların da günah payı daha böyükdür məncə. Çünki dünyanın hər yerində və istənilən iqtidara seçkini, referendumu müqavimətsiz keçirmək maraqlıdır. Müqaviməti təşkil etməli olan, özünü demokratik düşərgə hesab edən qüvvələr isə referendum öncəsi iqtidarla deyil, öz aralarında çəkişdilər, “mən daha artıq müxalifətəm” iddiası, hikkəsi ilə “mitinq-mitinq oyunu” oynadılar. Ölkəni idarə etmək boyda iddiaları olan müxalifət partiyalarının rəhbərləri bir araya gəlib, ümumi bir təşviqat qrupu yarada, qeydiyyatdan keçirə bilmədilər. Əli Kərimli cinahı ilk gündən özünü əziyyətə verib imza-filan toplamadı. Müsavat Partiyası isə necə imza topladısa, axırda xeyli imza nəzərə alınmadı. Əgər səmimi mübarizə fikirləri vardısa, AXCP, Milli Şura üzvləri Müsavata imza yığmaqda kömək edəydilər, 40 min əvəzinə 60 min imza toplayaydılar, MSK-nı fakt qarşısında qoyub təşviqat qrupu qeydiyyatdan keçirəydilər. Bununla ən azı telekanallarda, rəsmi dövlət qəzetlərində ödənişsiz təbliğat imkanı qazanacaqdılar. İstənilən seçki, referendum hər şeydən öncə bir qüvvə kimi mövcudluq təsbiti, demokratik ənənələri yaymaq imkanıdır. Müxalifət bu imkanı əldə etməkdə maraqlı görünmədisə, qalan şeylər hamısı demaqogiya hesab oluna bilər.
 
Bütün bunların fonunda iqtidar çox sakitliklə, asanlıqla, hətta qanunları belə pozmadan, saxtakarlıqlar etmədən referendumda istədiyi nəticəyə nail olacaq. Məntiqlə başqa cür olmalı da deyil...
 
Düzü, cəmiyyətdə, vətəndaşlarda da çox qəribə bir yanaşma var; insanlar sanki ondan heç nə asılı olmadığını düşünürlər. Düzdür, burada seçkiyə və müxalifətə inamsızlıq da mühüm amildir. Ancaq vətəndaşlıq hüquqlarından könüllü imtina ilə də nəyəsə nail olmaq mümkün deyil. Referenduma çıxarılan məsələlər, konstitusiyaya ediləcək dəyişikliklər yaxşıdır, pisdir, bu, məsələnin başqa tərəfidir və bunu xalqa müxalifət izah etməli idi. Onlar da etmədi. Heç şübhəsiz ki, hər zaman özlərinin görməli olduğu işləri jurnalistlərin, medianın üzərinə yükləməyə çalışan müxalifətçilər yenə də bu mənasız “taktika”dan yararlanmağa çalışacaqlar. Ki, bəs saytlar, qəzetlər yazmadı, çağırış etmədi. Ancaq tam yanlış yanaşmadır; medianın işi müşahidə etdiklərini yazmaq, xəbər verməkdir. Bu yazım da məhz seçki kampaniyasının nəticələrinə dair apardığım müşahidələrin yekununun oxucuya çatdırılmasıdır...
 
26 sentyabr referendumu ilə bağlı indi yalnız bir addım atıla bilər; referenduma getmək və səsvermədə iştirak etmək. Deyəcəksiniz ki, bu, nəyi dəyişəcək? Ən azı vicdanınız rahat olacaq ki, mən, mənim üçün çap olunmuş bülletenin başqası tərəfindən, onun istədiyi kimi doldurulub qutuya atılmasına imkan vermədim. İkincisi, seçki məntəqəsinə getmək, seçki prosesinin nə olduğunu, önəmini anlamaq üçün mütləq bu hüquqdan yararlanmaq lazımdır. Bəlkə elə bu dəyişiklər vətəndaşın xoşuna gələcək, iqtidarın təklifini dəstəkləyib referenduma çıxarılan məsələlərə “hə” deyəcək? Yaxud bununla razılaşmayacaq, “yox” deyəcək? Və ya hansı dəyişikliklə razılaşacaqsa “hə”,  razılaşmadığına “yox” deyəcək? Bütün bunlar isə yalnız seçki məntəqəsinə getdikdən sonra həll edilə bilən məsələdir. Evdə oturub öz-özünə danışmaqla, “mən kiməm ki” düşüncələrinə qapılmaqla daha pis bir psixoloji durum yaranır. Ən azı gedib seçki bülletenini oxuyub, konstitusiyamızda nələrin dəyişdiyini bilməyən vətəndaş sonra heç bir halda hansısa məmura “konstitusiyada belə yazılıb” deyə də bilməyəcək. Axı konstitusiya dəyişir, gedib baxmaq, bilmək lazımdır...