Referendum, yoxsa məxməri çevriliş…

 

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçiriləcək. Səsverməyə çıxarılacaq təkliflər arasında siyasi dəyişikliklər daha çox diqqəti cəlb edir. Hansı ki, əslində, iqtidarın bu referendumu keçirməkdə məqsədi də məhz bu dəyişikliklərə nail olmaqdan ibarətdir. Digər təkliflərinin böyük əksəriyyəti redaktə xarakteri daşıdığından və heç bir siyasi əhəmiyyəti olmadığından, hakimiyyət üçün o qədər də önəmli deyil.

Mövzunun mahiyyətinə keçməzdən öncə qeyd edək ki, təklif olunan düzəlişlərin şərhi daha çox hüquqşünasların işi olduğundan, biz bu məsələnin üzərində çox dayanmayacağıq. Ancaq indi cəmiyyətdə cavabsız qalan bir sual var ki, Prezidentin yaş həddi 35-dən 18-ə hansı əsasla endirilə bilər? Bir halda ki, Prezident ali təhsilli olmalıdır, deməli, hər bir halda bu posta iddia edən şəxsin ən azı 22 yaşı olmalıdır. O zaman bu “18 yaş” məsələsinin arxasında hansısa qaranlıq niyyətlərin dayandığı istisna deyil…

Ancaq hakimiyyətin referendum təklifinə qiymət verməzdən öncə, bu ümumxalq səsverməsinin hansı “zərurət”dən meydana çıxdığına aydınlıq gətirək. Bəlli olduğu kimi, Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək. İstisna deyil ki, bu referendum məhz 2018-ci ildə hakimiyyəti əldə saxlamaq üçün mövcud rejimin ortaya atdığı növbəti oyundur. Doğrudur, növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürməsi üçün demək olar ki, heç bir hüquqi bariyer qalmayıb. Beləki, iqtidar hələ 2009-cu il 18 mart tarixli referendum nəticəsində bu bariyeri ortadan qaldırıb. Bununla belə, hakimiyyət başbilənləri yaxşı anlayırki, İ.Əliyevin növbəti – dördüncü dəfə seçkilərdə iştirakı ciddi beynəlxalq basqılara səbəb ola bilər. Odur ki, iqtidar belə bir referendum oyununu gündəmə gətirməyə məcbur idi.

Şübhə yoxdur ki, Azərbaycanda keçiriləcək 26 sentyabr ümumxalq səsverməsi də beynəlxalq təzyiqlərsiz ötüşməyəcək. Hətta, çox güman ki, referendumun nəticəsi tamamilə şübhə altına alınacaq. Bununla belə, hakimiyyət bütün dəyişiklərin “xalqın tələbi” olduğunu nümayiş etdirməkdə israrlı olmaqla, həmişə olduğu kimi, özünü hədəfdən yayındırmağa çalışacaq. Lakin, bu dəfə də rejimin saxtakarlığına ənənəvi reaksiya verilib-verilməyəcəyi referendumdan keçən bir neçə gün ərzində aydın olacaq.

Hakimiyyət üçün ölüm-qalım məsələsi

Təbii ki, 26 sentyabr referendumu hakimiyyət üçün “ölüm-qalım” məsələsidir. Çünki bu dəfə hakim ailənin qarşısında tək cəmüxalifət yox, həmdə daxildə birincilik iddiasında olan qruplar da yanacaq. Ola bilər ki, hazırda Azərbaycan müxalifəti zəif, parçalanmış vəziyyətdə olduğundan, hakimiyyət üçün o qədərdə “başağrısına” çevrilməyəcək. Ancaq iqtidarın referenduma getməsi onu göstərir ki, 2018-də prezident postunda hakim ailədən biri oturmaya da bilər. Ona görə ki, əgər ya İlham Əliyev, ya da xanımı Mehriban Əliyeva prezident seçkilərinə qatılacaqdısa, o zaman bu referenduma nə ehtiyac vardı? Deməli, ümumxalq səsverməsinin ortaya atılması tamamilə fərqli niyyətlərə hesablanıb.

Əlbəttə, yaş limitinin endirilməsi heç də elə başa düşülməməlidir ki, prezident vəzifəsinə ailənin üçüncü bir üzvü sahib ola bilər. Zənnimizcə, yaş limitinin dolayısı ilə ortadan qaldırılması daha çox daxili qüvvələri zərərsizləşdirməyə hesablanıb. Kobud şəkildə desək, bu, “sizi əvəz edəcək daha gənc və çevik komandamız var” anlamı daşıya bilər. Digər tərəfdən, bu məsələni 2018-dən sonrakı dönəmə, 2023-ə hesablanmış siyasi gediş kimi də düşünmək olar. Çünki, bütün hallarda hakim ailə Azərbaycanın gələcəyini onsuz təsəvvür etmir.

Beləliklə, görünən odur ki, 2018-2023-cü il aralığında Azərbaycanda hakim ailənin üzvü olmayan, amma vitse-prezidentə və ya baş nazirə tabe olan bir prezidentlik dönəminin şahidi olacağıq. Çox güman ki, struktur tamamilə fərqli olsa da, Azərbaycanın da öz “Medvedyev”i olacaq. Şübhəsiz, bu şəxsin adı hazırda hakim ailənin vüzvlərindən başqa kimsəyə bəlli deyil. Ancaq istisna deyil ki, iqtidar daxilindəki bütün qruplar “Medvedyev”in öz içərisindən biri olmasında maraqlıdır və tezliklə bu istiqamətdə açıq və ya gizli savaş gedəcəyi gözləniləndir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, hakimiyyət referendum oyununu ortaya atmaqla 5 illik (7 illik də ola bilər) etibarlı idarəçilik sükanının arxasından 2023-ə (2025) gedən yola rahat bir şəkildə keçmək istəyir. Təbii ki, proseslər və şərtlər buna imkan verəcəyi təqdirdə...

Əlbəttə, hazırda cəmiyyəti 2023 və 2025-ci il seçkiləri deyil, ölkədə referendum sonrası yaşanacaq vəziyyət və 2018-ci il prezident seçkiləri daha çox düşündürür. Çünki hakimiyyətin Konstitusiyada nəzərdə tutduğu dəyişikliklərin birbaşa 2018-ə hədəfləndiyi istisna deyil.Təsadüfi deyil ki, vətəndaşların böyük əksəriyyətinin fikrincə, mövcud rejimin referendum keçirməkdə məqsədi hakimiyyəti yenidən uzun müddətə zəbt etməkdən ibarətdir. Məsələn, belə düşünülür ki, İlham Əliyev Konstitusiyaya dəyişikliklər etməklə, özündən sonra ailə üzvlərindən birini (həyat yoldaşını və yaxud oğlunu - müəl.) prezident kürsüsünə əyləşdirmək niyyətindədir.

O cümlədən siyasi partiyaların böyük əksəriyyəti də bu mövqedədir ki, Konstitusiyada nəzərdə tutulan dəyişikliklər sırf hakim ailənin maraqlarına hesablanıb və Əliyevlər növbəti illərdə də ölkən idarə etməkdə israrlıdır.

Təbiiki, bütün bu fikirlərdə müəyyən mənada həqiqət var. Yəni mövcud rejim həqiqətən də hakimiyyətdən əl çəkmək fikrində deyil və bu dəyişikliklərin arxasında da onların məhz bu niyyəti dayanır.

Buna baxmayaraq, bəzi siyasilərə görə, növbəti prezident seçkiləri ərəfəsində iqtidarda klanlarası ziddiyyətlərin baş vermə ehtimalı da istisna deyil. Ən maraqlısı da odur ki, belə bir olay baş verərsə, Azərbaycanda hakimiyyət çevrilişinin yaşanma riskidə yüksək olar. “Bu Konstitusiya həmin gizli çevrilişin həyata keçirilməsi üçün hüquqi baza yaradıb” – deyə düşünənlər az deyil.

Ölkədə tufan qabağı sakitlik...

Əslində, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda qarşıdakı illərdə heçdə ənənəvi sakitlik hökm sürməyəcək. Doğrudur, yaxında ümumxalq səsverməsi keçirilməsi nəzərdə tutulsa da, ölkədə ciddi süstlük yaşanır, kimsə hələlik qeyri-qanuni dəyişikliklərə etiraz etmir. Ancaq, zənnimizcə, indi cəmiyyətdə yaşanan süstlük aldadıcı xarakter daşıyır və daha çox tufanqabağı sakitliyi xatırladır.

Şübhəsiz, hakimiyyət başbilənləri də qarşıda onları belə bir təhlükə gözlədiyini yaxşı bilirlər. Əks halda referendum ərəfəsində bir sıra siyasi həbslərin həyata keçirilməsinə nə ehtiyac vardı?!

Ən maraqlısı isə odur ki, həbs edilənlərin əksəriyyəti Qərbmeylli insanlardır. Deməli, iqtidar bu dəfə də təhlükənin hansı qütbdən gələcəyini bilir. Bu baxımdan da həm insanlara qarşı rejimin amansız repressiya silahı işə düşüb.

Bütün bunlara rəğmən, hakimiyyətin 2018-ə gedən yolu heç də aydın deyil. Şübhəsiz, mövcud rejim bu “yol”un qarşısını kəsəcək insanları sonuncu nəfərinədək zərərsizləşdirməkdə israrlıdır. Ancaq nəzərə alsaq ki, 2018-ci ilprezident seçkiləri ilə bağlı hakimiyyət daxilindəki klanların maraqları tam olaraq uzlaşmır, deməli, qarşıdakı illərdə iqtidar daxilində hələ çox tufanlar qopa bilər…

 ARZU ƏSƏDULLAYEVA
 

Загрузка...
Загрузка...