​Ərdoğanın Putinə edəcəyi təklif – Həll paketi

 
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 10-da baş tutacaq görüşdə əsas müzakirə mövzusu Suriya olacaq.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb.
 
Qəzet görüşdə Ankaranın Moskvaya verəcəyi təklif paketini əldə etdiyini açıqlayıb. Təkliflər paketinə əsasən, Ankara Əsədin hakimiyyətdən getməsini ilkin şərt kimi irəli sürməyəcək.
 
Türkiyə mətbuatının yaydığı təklif paketini təqdim edirik:
 
- Türkiyə keçid dövründə Əsədin hakimiyyətdən getməsini müdafiə etsə də, Suriya böhranının bu məsələyə bağlanaraq həllinin gecikdirilməsini istəmir. Ankara Suriya müxalifətinin Əsəd rejimi ilə danışıqlara başlamasını müdafiə edəcək;
 
- Ankara Rusiyadan Dəməşqə əldə olunan atəşkəsə uzun müddət əməl etməsi üçün təzyiq etməsini istəyəcək;
 
- Ankara BMT-nin başçılığı, ABŞ və Rusiyanın nəzarəti ilə yeni humanitar yardım əməliyyatının başladılmasını və xüsusilə, Hələbdə xəstəxanasız, dərmansız qalan yaralılara yardım edilməsini istəyəcək;
 
- Ankara Rusiya və Amerika arasında Suriya məsələsində yaranan gərginliyə son verilməsi və ortaq addımların atılması məsələsinə dəstək verəcək;
 
- Ankara ABŞ və Rusiya arasında ən böyük mübahisə mövzusu olan “Suriyada terrorçu kimdir?” məsələsində razılıq əldə olunması addımlar atacaq.