"Ərdoğanın lehinə işləyən yeganə amil ondan ibarət idi ki..." — Politoloq rəyi

Türkiyədə ordunun hərbi çevrilişə cəhdi hələ də aktuallığını saxlayır.
Ordu 15 iyulda gecə siyasi hakimiyəti ələ keçirmək üçün hərəkətə keçdi. Bundan sonra isə Ərdoğan insanları küçələrə səslədi. Xalqın orduya qarşı çıxmasından sonra hərbçilər təslim oldu.
Hadisələrin səhərisi gün isə 40-a yaxın general həbs edildi. 100-ə yaxın hakim işdən çıxarıldı. Ordunun içərisində həbslər hələ də davam edir.

Türkiyədə son baş verən terror və ordunun çevriliş cəhdi Rusiya-Türkiyə münasibətlərinin düzəlməsindən sonra baş verdi. Bəzi ekspertlər iddia edir ki, bu hadisələrdə Rusiya-Türkiyə münasibətlərinin düzəlməsini istəməyən qüvvələrin əli var. Ərdoğan və Türkiyənin hakim dairələri baş verənlərin Fətullah Gülən tərəfindən edildiyini bildirir. Hətta 15 iyul hadisələrini FETÖ terror təşkilatının etdiyini deyirlər. Ərdoğan ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını istəsə də, ABŞ buna qarşı çıxdı. Maraqlısı ondadır ki, Ərdoğan Fətullah Güləni dəfələrlə sözdə istəsə də, rəsmi olaraq İnterpola və ABŞ dövlətinə müraciət etməyib.

Türkiyədə baş verən olaylarla bağlı politoloq Elşən Manafov Ölkə.Az-a danışıb:
"Əslində Türkiyədə baş verən hadisələrin arxasında bir çox məqamlar var. Bu hadisələrin arxasında həm Türkiyənin daxilində, həm də ölkə hüdudlarından kənarda müasir Türkiyənin iqtisadi inkişafını, onun regional dövlət olaraq imkanlarının kifayət qədər artmasını, regional güc olmasını istəməyən qüvvələr durur.
Maraqlı məqam ondan ibarətdir ki, hər iki hadisə, istər İstanbulda Atatürk hava limanında baş vermiş terror hadisəsi, istərsə də Türkiyə hərbi qüvvələrinin dövlət çevrilişi etmək cəhdi Türkiyə-Rusiya münasibətlərində mövcud problemlər aradan qalxdıqdan sonra baş verdi. Bu diqqətdən yayına bilməzdi. Görünür, Türkiyənin Rusiya ilə münasibətlərində yaranmış gərginliyinn aradan qalxma ehtimalı, Türkiyənin Şanxay əməkdaşlıq təşkilatı ilə münasibətlərinin fərdi bir müstəvi üzərinə gətirmə ehtimalı Türkiyənin NATO-da olan müttəfiqlərini ciddi şəkildə narahat etmişdi. Güman etmirəm ki, bu narahatlıq Türkiyə ordusuna bu qədər sirayət edə bilərdi. Türkiyənin Baş Qərargah rəisi, digər həbs olunmuş generallar hamısı ABŞ-da təhsil alıblar. Bu məqamı da diqqətdə saxlamaq lazımdır.

Digər mühüm olay ondan ibarətdir ki, Ərdoğan iqtidarının Türkiyədə ordunun siyasi proseslərə qatılmasının qarşısını almaq üçün həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət ordunun rəhbərliyində ciddi narazılıq doğururdu. Əslində Türkiyə ordusunu Misir ordusu ilə müqayisə edərdim. Uzun müddət Misirdə "Müsəlman Qardaşları" hakimiyyətə gələnə qədər mülki deyil, hərbi qüvvələr hakimiyyətdə olmuşdular. Türkiyədə də ordu ölkənin siyasi həyatında baş verən hadisələrə müdaxilə etmişdi. 1961, 1980-cı ildə, sonuncu dəfə isə 1997-ci ildə ordu siyasi hakimiyyəti çevirmişdi. O zaman türk ordusunun müdaxiləsi Nəcməddin Ərbakan hökümətinin haimiyyətdən kənarlaşmasına səbəb olmuşdu. Ərbakanın baş nazir olaraq ilk səfərini İrana etməsi Qərbdə narahatçılıq doğurmuşdu. Ərdoğan iqtidarını ittiham edən qüvvələr Ərdoğanı dünyəvi dövlətçilik prinsiplərdən, Atatürkçülük prinsiplərindən kənara çəkilməkdə ittiham edirlər. Baş vermiş hadisələr zamanı Ərdoğanın ən qatı apponentlərinin belə onu müdafiə etməsi, Türkiyə cəmiyyətinin baş vermiş olaylara fəal mövqeyi göstərdi ki, Ərdoğan iqtidarı gerçəkdən də legitim bir iqtidardır. Demokratik seçimlə hakimiyyətə gəlmiş bir qüvvədir. Bu mənada ordunun çevrilişi pislənməlidir. Ordunun etdiyi anti-konstitusion bir hərəkətdir. Türkiyə xalqının iradəsi zəminində formalaşmış, hakimiyyətdə olan qüvvəyə qarşı çıxış, əslində türk xalqının iradəsinə qarşı çıxış kimi qiymətləndirilməlidir. Bütün hallarda bu konstitusion çıxışdır və pislənməlidir. Bunun qarşısının alınmasında Türkiyə xalqının göstərdiyi iradə, birlik Türkiyədə siyasi müxalifətin ortaya qoyduğu mövqe onu göstərdi ki, Türkiyə artıq gerçəkdən demokratik inkişaf yolundadır. Ərdoğana ünvanlanmış ittihamların arxasında Türkiyə silahlı qüvvələrində olan şəxslərin konyuktur maraqları da olmamış deyil.

Bu hadisələr Türkiyənin təhlükəsizliyinin qarantı olan orduda çox ciddi proseslərin baş verməsindən xəbər verir. Heç şübhəsiz ki, Türkiyə dövlətçiliyinin qarantı olan orduya bu proseslər təsirsiz ötüşməyəcək. Birdən birə 37 generalın həbs olunması göstərir ki,  bu, kiçik bir qrupun, aşağı eşalonda olan zabitlərin başçılıq etdiyi çıxış deyildi. Bu, gerçəkdən əvvəlki illərdə baş vermiş, türk ordusunun mövcud siyasi proseslərə müdaxiləsi konteksində baş vermiş hadisə idi. Heç şübhəsiz ki, bu hadisələr ölkənin siyasi həyatına təsirsiz ötüşməyəcək.
Güman etmirəm ki, artıq hadisələrin qarşısı alınıb. 37 generalın hadisələrdə iştirakı göstərir ki, türk ordusunda müəyyən edilməmiş, hər an partlaya biləcək minalar var. Onların zərərsizləşdirilməsi üçün kifayət qədər vaxt lazım olacaq.

Ərdoğanın lehinə işləyən amil ondan ibarət idi ki, xalq da, onun siyasi apponetləri də onun yanında oldular. Güman edirəm ki, bundan sonra Ərdoğan iqtidarı orduya münasibət siyasətində müəyyən düzəlişlər etməlidir. Ordu generallarının, ordunun heysiyyatı ilə oynamaq olmaz. Hadisələr zamanı kiçik zabitlərin və əsgərlərin öldürülməsi və təhqir edilməsi baş verdi. Bu da arzuolunmazdır. Ordunun heysiyyatı ilə oynamaq türk dövlətinə, xalqına baş ucalığı gətirməyəcək.

Bir məqam da ondan ibarətdir ki, yüzə yaxın hakimin iş başından kənarlaşdırılması Türkiyədə avtoritar bir rejimin qurulma ehtimalından xəbər verir. Bu məsələdə də, Ərdoğan iqtidarı ehtiyatlı olmalıdır. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatı demokratik dövlət quruculuğunun dayaqlarından biridir. Məhkəmə hakimiyyətinin üzərinə gedilməsi də ciddi olayların baş verməsindən xəbər verir. Türkiyədə avtoritar rejim güclənə bilər. Rejimin güclənmə tendensiyaları da özünü göstərir.

Bütün hallarda Ərdoğan iqtidarı dövründə Türkiyənin keçdiyi yol, 2015-ci ildə Ərdoğanın Türkiyənin artıq heç bir bir dövlətə, o cümlədən Beynəlxalq Valyuta Fonduna borcu olmadığını bəyan etməsi Türkiyənin güclü, regional bir dövlət olmasından xəbər verir. Çox güman ki, bu inkişafı gözü götürməyən qüvvələr orduya sirayət etmiş, paralel dövlətçilik konsepsiyasının inkişaf etdirilməsi üçün planlar həyata keçirmişdilər. Ərdoğanın tələblərinə baxmayaraq Pensilvaniyaya sığınmış nurçuların lideri Fətullah Güləni ABŞ-ın verməməsi göstərir ki, bu hadisələrdə Qərbin xüsusi xidmət orqanlarının da əli olub".