Ərdoğanın diplomatlara qəzəblənməsinin səbəbi - ekspert şərhi

Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Cumhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara nümayəndəsi Erdəm Gülün məhkəməsinə gedən konsullara xəbərdarlıq edib. Prezident konsullara xitabən bildirib: “Diplomatiyanın da bir ədəbi var. Bura sənin ölkən deyil, bura Türkiyədir. Sən konsulluq binası və ya sərhədləri içərisində hərəkət edə bilərsən. Digər şeylər üçün icazə almalısan”.
Ərdoğanın bu fikri politoloqlar tərəfindən birmənalı qarşılanmayıb.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə məsələ ilə bağlı Musavat.com-a bildirib ki, beynəlxalq qanunlara görə konsul bu kimi məsələlərlə bağlı kimsədən icazə almaq məcburiyyətində deyil:
“Kim deyir ki, konsul kimdənsə icazə almalıdır? Belə bir şey yoxdur. Ərdoğanın fikirləri doğru deyil. Konsul istənilən məhkəməyə gedib, onu izləyə bilər. Hətta istənilən turist bunu edə bilər.  Beynəlxalq hüquqda, diplomatik  statuslarda hər hansı bu cür icazə-filan yoxdur”.
Politoloq Elxan Şahinoğlu musavat.com-a bildirib ki, ilk olaraq məhkəməsi olan jurnalistlərin nə üçün həbs edildiklərinə baxmaq lazımdır:
“Ərdoğan iddia edirdi ki,  həmin jurnalistlərin yazdıqları məqalə əsasında dövlət sirri açılıb. Ancaq məsələ burasındadır əməliyyatlar o qədər gizli aparılmalı idi ki, bundan jurnalistlərin xəbərləri olmasın.  Dünyanın istənilən nöqtəsində jurnalistin  yazısına görə həbs edilməsi qəbuledilməz sayılır.  Konstitusiya Məhkəməsi də onları faktiki olaraq azadlığa buraxdı. Lakin məhkəmənin bu cür addımını Ərdoğan özünə qarşı qəbul etdi və sərt reaksiya verdi. İndi  bu baxımdan da onların növbəti məhkəməsi də Ərdoğanın  diqqət mərkəzindədir. Konsulların da məhkəməni ziyarət etməsi Ərdoğanda narahatlıq doğurub. Bəlkə də həmin konsullar bir başqa  məhkəmə işində iştirak etsəydilər, Ərdoğan  buna diqqət yetirməzdi. Ancaq həmin  məhkəmə işini özünə qarşı hesab etdiyi üçün konsulların ora  gəlişini də beynəlxalq hüquqa zidd adlandırıb.  Beynəlxalq hüquqa görə, səfir və  konsulların ölkə daxilində fəaliyyət azadlıqları var. Doğrudur, onlar  paytaxtdan hər hansı bir məsafəyə getdikləri zaman bunun  üçün xüsusi icazə almalı idilər. Məhkəməyə qatılmaq üçün isə icazəyə gərək yoxdur. Azərbaycanda da məhkəmə işlərinə səfirlər, onların müşavirləri qatılırlar. Bu elə böyük problemə  səbəb olmur”.
Politoloq bildirib ki, Türkiyədəki hazırkı vəziyyət bir qədər fərqlidir:
“Həssas yanaşma var, terrorla mübarizə gedir. Ona görə də bu cür addımlar Türkiyə hakimiyyətində çox böyük qıcıq və narahatlıq yaradır. Ərdoğanın  açıqlaması da məhz elə bu faktorlarla bağlıdır. Ərdoğan ondan da narahatdır ki, bu kimi səfirlər, diplomatlar Türkiyədə terrorun tüğyan etməsi ilə bağlı açıqlama vermədikləri, bu məsələni diqqət mərkəzində saxlamadıqları halda daxili proseslərə aid işlərdə fəallıq nümayiş etdirirlər. Bu da  Ərdoğanın timsalında ikili standartlar kimi dəyərləndirilir. Onun yanaşmasında da həqiqət var. Diqqət etsək görərik ki, hazırda hər kəs Belçikadakı partlayışdan danışır. Halbuki Ankaradakı partlayış da dəhşətli idi.  Orada da 37 mülki vətəndaş həlak oldu. Avropada bir diplomat bununla  bağlı açıqlama verib, PKK terrorunu lənətlədimi?! Bu da ikili standartlardır”.
Politoloq söyləyib ki, diplomatların məhkəməyə qatılmaqlarının iki səbəbi ola bilər:
“Birincisi, bu həqiqətən də Ərdoğana mesajdır ki,  ona alternativ qüvvələrə Avropada müəyyən qədər dəstək var.  İkincisi isə onların məhkəmə işləri ilə bağlı  hesabat hazırlamaları ilə əlaqədar ola bilər”.