Ərdoğandan üzr istəmiş keşişi xain elan etdilər

Arxiyepiskop Ateshian-ın məsələsi parlamentin müzakirəsinə çıxarıldı.
 
«ERMƏNİSTANA BURAXILMASIN!»
 
Ermənistan parlamenti bugünlərdə Konstantinopol patriarxlığının canişini, Erməni apostol kilsəsinin arxiyepiskopu Aram Ateshian-ın bu ölkəyə səfər edib-etməməsini müzakirəyə çıxarıb. Səbəb onun Türkiyə prezidenti Recep Tayyip Erdoğan-a yazdığı məktubdur. Aram Ateshian həmin məktubda Almaniya Bundestaqının erməni soyqırımını tanımasından təəssüfləndiyini söyləmiş, imperialist güclərin ermənilərdən istifadə etdiyini bildirmişdi. Bundan sonra arxiyepiskop ətrafında qalmaqal qızışmağa başlamışdı.
 
 
Parlamentin «Çiçəklənən Ermənistan» fraksiyasının başçısı Naira Zohrabian iyunun 16-da deputatlara Türkiyədəki erməni icmasının məktubunu oxuyub. Həmin məktubda Ermənistan hakimiyyətindən və Eçmiədzin kilsəsindən tələb olunur ki, arxiyepiskop Aram Ateshian-ın Ali dini şuranın iclasında iştirakına yol verməsin.
 
«Biz Aram Ateshian-ın səfərinə etiraz edirik, onu ermənilər adından hər hansı ümumi bəyanatlar verməməyə və bir daha Müqəddəs Eçmiədzin ərazisinə ayaq basmamağa çağırırıq», – Zohrabian məktubdan bir sitatı həmkarlarına çatdırıb.
 
Deputatın sözlərinə görə, bu məktubdan sonra Konstantinopol patriarxının canişini Ermənistana gəlməməlidir. O, «Türkiyə hakimiyyətinin totalitar xarakterini» nəzərə alaraq, erməni ruhanilərin onlardan asılılığını başa düşdüyünü desə də, hesab edir ki, hər şeyin «həddi olmalıdır». «Bu dini xadimin qiymətləndirməsi qətiyyən yolverilməzdir», – Zohrabian bəyan edib.
 
PATRİARXLIQ: «ƏVVƏLKİLƏRİN NÜMUNƏSİNDƏN ÇIXIŞ EDİB»
 
Erməni arxiyepiskop Ateshian tezliklə Ermənistana gəlməlidir. O, Ali ruhani şuranın toplantısına və Roma Papası Fransisco-nun bu ölkəyə səfəri münasibətilə tədbirlərə qatılmalıdır.
 
AzadlıqRadiosunun erməni xidməti Konstantinopol patriarxlığından erməni icmasının tələbinə münasibət öyrənə bilməyib. Ancaq patriarxlığın Facebook səhifəsində Ateshian-ın məktubu ilə bağlı qurumun dini şurası adından bəyanat yerləşdirilib. Bəyanatda deyilir ki, arxiyepiskop sözügedən məktubu icma qurumları başçılarının və xeyriyyəçilərin tələblərinə güzəştə gedərək yazıb. Bundan başqa, o, əvvəlki patriarxların və yüksəkvəzifəli ruhanilərin nümunəsindən çıxış edərək belə addım atıb.
 
Bəyanatda daha sonra deyilir ki, bütün məsuliyyətin patriarxlığın üstünə qoyulmaması üçün bu cür münasibət bildirməzdən öncə daha geniş çevrələrlə məsləhətləşmə aparmaq daha düzgün olardı. Bəyanat müəllifləri bunu həm də məsələnin «emosionallığı» ilə izah edirlər.
 
«MƏCBUR EDİLİB»
 
Müqəddəs Eçmiədzinin sözçüsü Vahram Melikian bir qədər əvvəl Ateshian-ın məktubunu şərh edərkən demişdi ki, kiməsə haqq qazandırmaq fikrində olmasa da, «məcburetmə»ni istisna etmir.
 
Eləcə də başqa ruhanilər – Şirak yepiskopu və Arsax arxiyepiskopu mətbuata açıqlamalarında Aram Ateshian-ı ittiham etməməyə çağırmışdılar. Onların qənaətincə, onun bəlkə «susmaq haqqı da olmayıb».
 
«DÖZMƏK OLARDI»
 
Ermənilərin Türkiyədəki nəşri – «Akos»un redaktoru Bagrat Estukian bu fikirləri, xüsusən də arxiyepiskopun «susmaq haqqını qoruya bilməməsi» haqda deyilənləri rədd edir. Onun fikrincə, həmin şəxslər Ateshian-ın durumunu anlamağa çalışaraq, təzyiqə məruz qaldığını güman edirlər. «Ancaq həmin təzyiqə «yox» demək olardı», – Estukian bildirir.
 
«Akos» qəzetinin redaksiyası Aram Ateshian-ın fikirləri ilə razılaşmadığını bildirib və cavab məktubu ilə çıxış edib. Onlar arxiyepiskopun məktubunu «nifrət və utanaraq» oxuduqlarını bildirirlər.
 
Türkdilli erməni qəzeti əmindir ki, baş verənlərdən sonra patriarxın yeni canişini seçilməlidir.
 
Almaniya parlamentinin aşağı palatası olan Bundestaq iyunun 2-də Osmanlı imperiyası dövründə erməni qırğınını «soyqırımı» kimi tanıyan qətnamə qəbul edib.
 
Ermənilər həmin vaxt milyon yarım erməninin soyqırımına məruz qaldığını iddia edir.
 
Türkiyə isə bu rəqəmin dəfələrlə şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu bildirir. (azadliq.org)