​Ərdoğana nifrətdən başını itirən "ziyalılar" — TƏHLİL

 
 
Son vaxtlar eyni vəziyyətə tez-tez düşürəm. Dostlarla aramızda nə zaman Türkiyədəki siyasi vəziyyət və Rəcəb Tayyib Ərdoğan haqda söhbət açılsa, söhbətin bir yerindən sonra özümü Ərdoğanın müdafiəçisi kimi aparmağa başlayıram. Əslində, bu, o qədər də məmnun olduğum bir durum deyil. Nə Ərdoğana, nə onun təmsil etdiyi siyasi düşüncəyə yaxınam. Ən azından, yeritdiyi siyasətin 90 faizi mənim düşüncəmə tərsdir. Amma ortada bir haqsızlıq, yaxud yanlış, qərəzli təhlil varsa, dözə bilmirəm.
 
Türkiyədə olsam, Ərdoğana səs vermərəm, amma məncə, bələdiyyə, parlament, prezident seçkiləri də daxil olmaqla, 10-dan çox seçkidən qalib olaraq çıxan, 50 faizdən çox səs toplayan bir siyasi lider və ona səs verən kütlənin sosiologiyası haqda düşünmək, baş sındırmaq lazımdır. “Qoyunlar yenə Ərdoğanı seçdilər” deyib aşağılamaq asandır,  vacibi məsələni anlamağa çalışmaqdır.
 
 XALQ ƏRDOĞANI NİYƏ SEÇİR?
 
Amerikanı təzədən kəşf etməyə ehtiyac yoxdur. Dünyanın bütün ölkələrində insanların höküməti seçmə səbəblərindən ən əsası ölkədəki iqtisadi göstəricilərdir. Türkiyədə də həmçinin. Ərdoğan və komandası neoliberal bir iqtisadi siyasət yeridir və bu yolla iqtisadiyyatı ayaqda tutmağı bacarır hələ ki. Sabah ölkənin iqtisadi göstəriciləri bir az zəifləsə, xalqın evinə apardığı çörək azalmağa başlasa, Ərdoğanı seçməkdən vaz keçəcəklər. Ərdoğan heç kimin “dədəsinin oğlu” deyil.
 
Ərdoğanın yeritdiyi iqtisadi siyasət yanlışdır. Ədalətsiz bir inkişaf var ölkədə, varlı təbəqə ilə kasıb təbəqə arasında uçurum getdikcə böyüyür. Ölkənin iqtisadi gələcəyi sual altındadır. Detallara girib uzatmaq istəmirəm. Demək istədiyim odur ki, Ərdoğanı tənqid ediriksə, buralardan, bənzər mövzulardan başlamalıyıq.
 
QÜTBLƏŞMƏ MƏSƏLƏSİ
 

Türkiyədə dilləndirilən bir fikir var: “Ərdoğan Türkiyə əhalisini qütbləşdirdi”. Daha çox “bəyaz türklər”in səsləndirdiyi bir fikirdi bu. Türkiyə qütbləşmədi, tək qütblü Türkiyə 2-ci qütbün varlığını dərk etməyə başladı. Xalq iqtidara gəldi və o iqtidardan əl çəkmək istəmir. Bütün səhvlərinə rəğmən. Yeri gəldikdə iqtidara şillə vurub özünə gətirməyi də bacarır bu kütlə. (7 iyun seçkilərində AKP-nin səs faizi ondan əvvəlki seçkilərə nisbətən 9 pillə aşağı düşdü).
 
“Bəyaz türklər”i əsəbiləşdirən də budur. Onlar nə olursa olsun, yeri gəldikdə, son həddə, əsgərin çevriliş edib, onları xilas edəcəklərini düşündülər. Son çevriliş cəhdi zamanı həmin kütlənin bir qismi tankların keçişini alqışladılar, amma yenə həvəsləri qursaqlarında qaldı. Türkiyə üçün ən böyük bəla olan FETÖ-nün çevriliş cəhdini alqışladılar utanmadan, təki Ərdoğan olmasın.
 
O kütləni qınamaq gərəksidir; bu, onların günahı deyil çünki. Onlar uşaqlıqdan bu düşüncə ilə yetişdirildilər. Onlara ən çox əsgərə güvənməli olduqları aşılandı. “Demokratiya pis şey deyil, amma lazım gəldikdə əsgər söhbətə girişə bilər”i onların beyninə yeritdilər. Təhsillə, kültürəl iqtidar vasitəsilə bunu uğurla bacardılar. Yaxşı ki, həmin kütlənin düşüncə tərzində müsbət dəyişiklər baş verir getdikcə. 
 
Cəmiyyətdəki qütbləşmənin səbəbkarı kimi sadəcə Ərdoğanı hədəfə qoymaq, ən bəsit şəkildə desək, saxtakarlıqdır. Ortada bir nifrət varsa, bu, qarşılıqlıdır. Nifrət axtarırsınızsa, təkcə Ərdoğana deyil, 2007-dəki “cumhuriyyət mitinqləri” dönəminə baxın. O dönəmdə “həyat yoldaşı başıbağlı olan prezident istəmirik” deyə kampaniyalar apardılar adamlar. Ciddi, ziyalı saydığımız şəxslər həmin kampaniyalara dəstək verdilər.  Həmin mitinqlərdə haqlı tələblərlə yanaşı, böyük bir nifrət də var idi.
 
Bəli, Ərdoğan zaman-zaman bu qütbləşmədən “ustalıqla” istifadə edir: Kütləsinə qorxu yayaraq, kütləsi qarşısında düşmən yaradaraq, seçicilərini konsolidasiya etməyi bacarır.  Dünyanın bir çox yerində siyasətçilərin, dövlətin hər zaman istifadə etdiyi bir metoddur bu: Kütlə üçün təhlükə yarat, yaxud təhlükəni olduğundan böyük göstər, olanı öz xeyrinə uyğun olaraq manipulyasiya et, kütləni buna inandır və gücü, hakimiyyəti əlində saxla. Ərdoğana dəstəkləyən geniş kütlə bu oyunların fərqindədir təbii ki. Amma həyatları üçün daha önəmli məsələlərə görə, bəzi şeyləri görməzdən gəlməyi seçir. Ərdoğanın fanatı, onun hər dediyi sözü, elədiyi hər hərəkəti dəstəkləyən kütlə isə çox kiçik bir təbəqədir.
 
“Bəyaz türklər”in dərdi Ərdoğanla deyil, Ərdoğan sadəcə simvoldur, onlar Ərdoğanın təmsil etdiyi xalq kütləsinə nifrət edirlər. Və bu nifrət üzün illərə söykənən bir nifrətdir. Təbii ki, qarşı tərəfdə də nifrət mövcuddur. Amma inanın ki, Ərdoğana – geniş bir xalq kütləsinə qarşı nifrətin yanında digəri çox cılız qalır.
 
Bu arada, “bəyaz türk” ifadəsini ilk dəfə türk jurnalist Ufuk Güldəmir yazılarında istifadə edib. Təhsilli,  “Avropa görmüş” və geniş kütlələrə yuxarıdan aşağı baxan, yəni öz “zəncisini” yaradan kütlə üçün istifadə edilir daha çox. Üstəlik, son dönəm bu ifadənin işarə etdiyi kütlə də dəyişir. Əvvəllər bu ifadə, sadəcə, “Ataütürkçü”, “ulusalcı” kütlə üçün işlədilirdi. İndi isə “dindar-mühafizəkar” kütlə də öz “bəyazını” və “zəncisini” yaradır. Bu haqda daha ətraflı başqa yazıda söhbət açarıq, hələlik nöqtə qoyaq.
 
TÜRKIYƏDƏ ZİYALI PROBLEMİ
 
Söhbətlərmizin birində dostum, “bu aralar Türkiyədə  intellektual sayılmaq üçün Ərdoğanı söyməlisən”, - deyərək, mənim söyləmək istədiyimi bir az bəsitləşdirdi. Sözlərində həqiqət olmaqla birlikdə, fikir yarımçıq idi. 
 
Bildiyim qədərilə, məsələlərə duyğu ilə deyil, ağılla, intellektlə baxan, hadisələri o şəkildə dəyərləndirən adama intellektual, yaxud ziyalı deyilir. Ziyalı cəmiyyətin inkişafı üçün yol göstərən adamdır (Türklərdə “aydın” deyilir həmin şəxslərə).
 
Türkiyədə isə (onun dalğası ilə müəyyən qədər bizdə də) Ərdoğan nifrəti “intellektualların” gözünü elə bağlayıb ki, bütün məsələlərə yalnız o aspektdən baxırlar. Nəticədə isə ortaya təhlil çıxmır. Ziyalı təbəqə, təhlildə yarışmaq yerinə, “mən daha yaxşı kin qusuram” yarışına giriblər. Təbii ki, məsələləri ağlı başında analiz edə bilən - Mete Tunçay, Süleyman Seyfi Öğün, Alev Alatlı, Dücane Cundioğlu və s. ziyalılar var Türkiyədə. Amma Fərhan Şensoyun bu vəziyyətə gəlib çıxdığını görmək mənim üçün çox kədərlidir məsələn. Orxan Pamukun açıqlamaları, Murat Belgenin, Ahmet Altanın və digərlərinin yazıları məyusedicidir.
 
TÜRKİYƏNİN XİLASI
 
İnsanlar bir məhəllədə fərqli siyasi görüşlərinə, həyat tərzi fərqliliklərinə  baxmayaraq, birlikdə rahat yaşaya bilirlər. Geniş xalq kütləsində dini-milli ayrı-seçkilik, irqçilik yoxdur.  Problem nifrətlərini siyasiləşdirmiş kütlələrdədir. 2 qütbdə də vəziyyət eynidir. Amma geniş kütlə bu qütbləşmədən narahatdır. Xalqı aşağılamayan, iqtisadiyyatı yaxşı idarə edə bilən, qütbləşməni azaldacaq,  yeni ideyalar önə sürən, alternativ bir lider çıxan kimi, Ərdoğandan vaz keçməyə hazırdır böyük kütlə. Bunlar reallaşdıqda, Ərdoğan siyasət səhnəsindən aşağı salınacaq. Ümid edirəm ki, elə də olacaq.
 
Yılmaz Özdil, Bekir Coşqun, Emin Çölaşan kimi, cümlələrindən təhqir, aşağılama püskürən yazarlar, o yazarları böyük filosof olaraq qəbul edən kütlə  var olduqca, Ərdoğan seçilməyə davam edəcək. “Qoyunlar”, “qarnını qaşıyanlar”, “Bidon başlılar”(bu ifadələr adını çəkdiyim yazarların “möhtəşəm” təsbitləridir) yenə Ərdoğana səs verəcəklər.