“Ərdoğan Putinlə dostluğa daha çox önəm verir” – Alman mətbuatı

 
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çalışır ki, Rusiyaya daha yaxın olsun. Bu, NATO-nu qıcıqlandırır. Ancaq alyans bu reallığı qəbul etmək məcburiyyətində qalacaq”.
 
Teleqraf.com xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalının analitikləri bu fikirlə çıxış ediblər.
 
“Bir neçə aylıq soyuq müharibədən sonra Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə əlaqə yaratdı. Bu həftə məlum oldu ki, liderlər avqustun əvvəlində Sankt-Peterbruqda görüşəcəklər.
 
Türkiyədəki son hadisələr və ölüm hökmünün bərpası ilə bağlı təkliflər bu ölkənin Avropa Birliyinə daxil olmasını əngəlləyə bilər. Ona görə də Ərdoğan Putinlə dostluğa daha çox önəm verir. Bu dostluq Ərdoğana çox lazımdır. O, bununla ölkə iqtisadiyyatını yaxşılaşdırmaq niyyətindədir. Rusiya hökuməti üzrxahlıqdan dərhal sonra Türkiyədən gətirilən mallara qarşı embarqonu qaldırdı, hazırda əsas məsələ "Türk Axını" layihəsinin bərpa edilməsidir. Bundan başqa, Türkiyə hakimiyyəti rusiyalı turistlərin ölkəyə qayıdacağına ümid edir” – deyə jurnalda qeyd olunur.
 
Məqalə müəllifinin fikrincə, Ərdoğan bütün bu vəziyyətdə NATO-nun ata biləcəyi addımları nəzərə alıb: “Ərdoğan başa düşür ki, NATO Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması prosesini yaxından izləyir və bilir ki, alyans Rusiyanı ən böyük təhlükə kimi görür. Ərdoğan Rusiya ilə yaxınlaşmada Qərbə mesaj göndərmiş olur. O, Qərbdən üz döndərdiyi təqdirdə Türkiyənin alternativ tərəfdaşı olduğunu göstərdi”.
 
Müəllif əlavə edib ki, ancaq bu Türkiyənin NATO-dan çıxacağı anlamına gəlməməlidir: “NATO üçün də Türkiyə çox vacib geostrateji tərəfdaşdır”.