Ərdoğan nə Almaniyaya, nə də Avropa Birliyinə heç nə edə bilməyəcək — Millət vəkili

Almaniya Bundestaqı "erməni soyqırımını" tanıdıqdan sonra Almaniya ilə Türkiyə münasibətləri kəskin pisləşib.
Ərdoğan son çıxışında bildirib ki, Almaniyadakı hadisəyə Almaniya ilə əlaqəli məsələ kimi baxmaq lazımdır, bizim Avropa birliyi ilə problemimiz yoxdur. Ərdoğan onu da bildirib ki, yaşanan problemə görə Türkiyə qarşı tərəfə lazımi cavabı verəcək.
Türkiyə Almaniya münasibətləri və Ərdoğanın həyata keçirdiyi siyasət barədə millət vəkili Araz Əlizadə Ölkə.Az-a danışıb:
"Ərdoğan anlamalıdır ki, Atatürk bu dövləti qurub və Türkiyə həmin yolla da getməlidir. Atatürkün qurduğu dövlət sivil dövlətdir və hörmətə layiq idi. Ərdoğan Türkiyəsinə heç kəs hörmət etməyəcək. Çünki, Ərdoğanın istədiyi geriyə qayıdışdır.
Ərdoğan hər yerdə səhv edir, özünü zərbə altına qoyur, özü bir yana, türk xalqını, türk zəhmətkeşlərini zərbə altına qoyur. Nə qədər ki, türk xalqı Ərdoğandan yaxasını qurtarmayıbsa Ərdoğan bu dövləti dağıdacaq. Ərdoğanın molladan bir fərqi var, o da qalstuk taxmasıdır. İrandakı mollalar şüurludurlar. İran mollaları bilir ki, ölkələrinin daxili siyasəti bir şeydir, xarici siyasəti ayrı şeydir. İranda vəzifədə olanlara baxaq, onlar Harvardı, Kembrici qurtarıblar. Ərdoğanın ətrafındakılara baxırsan hamısı İstanbul, Laləlidə şalvar satanlardır.
Fransa da erməni soyqırımını tanıyıb. Niyə Ərdoğanın Fransa ilə problemi yoxdur, Almaniya ilə problemi var? Nə qədər türkiyəli Almaniyada pul qazanıb, göndərir Türkiyəyə ailələri dolanır. Almaniya ilə münasibətlər kəskinləşəndə onların taleyi necə olacaq? Türklər son zamanlar Bundestaqa seçilməyə başlayıb. Ərdoğan orada yaşayan vətəndaşlarını niyə düşünmür. Yalanda hay-küy salmağın nə mənası var? İndiki dövrdə ya zor gücünə güvənməlisən, ya da yaxşı münasibətlər qurmalısan. Türkiyə həmişə ordusuna arxayın olub. Ərdoğan ordunun hörmətini heçə endirdi. Türk zabitinə söz demək olmazdı. Ərdoğan generalları günahsız yerə həbsə saldırmışdı. Türkiyə konstitusiyasında yazılıb ki, Türkiyə dövlətinin qarantı ordudur. Ordunu hörmətdən salandan sonra, ordu zəifləyəndən sonra kimsə o dövlətə hörmət etməyəcək. Odur ki, Ərdoğan nə Almaniyaya, nə də Avropa Birliyinə heç nə edə bilməyəcək. Zərbə yenə türk xalqına dəyəcək.
Ərdoğanın oğlu və kürəkəni qaçaq neft alveri ilə məşğul olurdu. Rusiya onları həmin neft karvanlarını vurduğu üçün, Ərdoğan da rus hərbi təyyarəsini vurdu. Rusiya ilə bütün münasibətləri korladı. NəticədəRusiya Türkiyənin məhsullarını almır, turist gəlmir. Ərdoğan bir an olsun belə türk kəndlisini, zəhmətkeşlərini düşünmədi".