​Ərdoğan imzaladı, İsraillə buzlar əridi

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə “Normallaşma müqaviləsi” qanununu təsdiqləyib.
 
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqaviləyə görə, İsrail 21 may 2010-cu il tarixində baş verən Mavi Mərmərə hadisəsində yaxınlarını itirən ailələrə təzminat ödəyəcək. Bu təzminat Türkiyə tərəfindən açılacaq hesaba yatırılacaq.
 
Müqavilənin mətni belədir:
 
1. Razılıq çərçivəsində Türkiyə Qəzza bölgəsinə humanitar yardım da olmaqla mülki məqsədlər üçün istifadə olunan məhsulların girişini təmin edəcək və infrastruktur investisiya həyata keçirəcək.
 
2. Qəzza əhalisi üçün evlər inşa ediləcək və 200 çarpayılı Türkiyə-Fələstin dostluq xəstəxanası ən qısa müddətdə istifadəyə veriləcək.
 
3. Qəzza əhalisinin ən önəmli ehtiyacları olan elektrik və içməli su problemi aradan qaldırılacaq. Qəzzaya verilən elektrik və suyun həcmi artırılacaq. Yeni stansiyalar tikiləcək.
 
4. Qəzza və İordan çayının qərbini əhatə edəcək Cenin sənaye bölgəsi kimi əhatəli layihələrin həyata keçirilməsi sürətlənəcək.
 
5. İddiaların əksinə, müqavilədə Həmasla bağlı hər hansı bir hökm yoxdur. Türkiyənin Fələstin dövlətinə və xalqına güclü dəstəyi eyni şəkildə davam edəcək.
 
6. Bu müddətdə Fələstin hökuməti və Həmas da İsrail ilə davam etdirilən danışıqlar kontekstində Türkiyəyə dəstək olduqlarını bildirib.
 
Qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Basqın nəticəsində Türkiyənin 9 vətəndaşı öldürülüb.