Ərdoğan Bakıya gəlməyəcək, Əliyev Türkiyəyə gedir

Türkiyə prezidentinin bu dəfəki səfəri ləğv edilib
Türkiyə prezidentinin Azərbaycana səfəri ləğv edilib. ANS PRESS-in məlumatına görə, buna səbəb Türkiyənin paytaxtı Ankarada terror aktının törədilməsidir.
Türkiyə mətbuatının yazdığına görə, Ərdoğanın səfəri ləğv edilsə də Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. İki ölkə prezidentinin zirvə görüşü Türkiyədə baş tutacaq.
Ankarada ölü sayı 37-yə çatdı. Ərdoğanın Azərbaycana səfərinə 2 gün qalmış Ankarada növbəti dəfə terror aktı törədildi.
Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Kızılay” meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamikadzenin hərəkətdə olan avtomobillə törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 34 nəfər ölüb, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Türkiyənin səhiyyə naziri 19 nəfərin vəziyətinin ağır olduğunu bildirib. Bu səbəbdən də ölü sayının artacağı istisna olunmur.

Ankarada terror aktının törədildiyi yer
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 18-də Azərbaycana edəcəyi səfər də təxirə salınmışdı. Onun Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi planlaşdırılırdı.
Ərdoğan Azərbaycana səfərini təxirə saldı. Səfərin təxirə salınmasına Türkiyənin paytaxtı Ankarada fevralın 17-də baş vermiş terror hadisəsi səbəb olmuşdu. Terakt zamanı silahlı qüvvələrin Baş qərargahının yüksək rütbəli zabitlərini daşıyan avtobus partladılmışdı.
Terror aktı nəticəsində 28 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Terror aktı Ankaranın mərkəzində, Böyük Millət Məclisinin binasının təxminən 1 kilometrliyində baş vermişdi.