"Rəcəb ağlasığmaz tərbiyəsizliklər edir" - Sabir Rüstəmxanlı

 
“Filmin yaradıcıları Anadoluluları təhqir edib”
 
Dünya Azərbaycanlıları Konqresinin sədri, VHP lideri Sabir Rüstəmxanlı Türkiyə kinomatoqrafçılarının çəkdiyi “Rəcəb İvedik” komediya filmini sərt tənqid edib. Tanınmış ziyalı hesab edir ki,  bu filmə komediya demək düzgün deyil:
 
“Tarix boyu yumor- zəiflərin silahı, yoxsulların sərvəti, əlacsızların dayağı olmuşdur. Sarayları təlxəksiz, cəmiyyəti Hoca Nəsrəddinsiz və Kefli İskəndərlərsiz təsəvvür etmək çətindir. Komediyanın ədəbiyyatın ən qədim növlərindən biri olması təsadüfü deyil. Türk filmləri arasında da uğurlu komediyalar az deyil. Qurban bayramı günlərində Türkiyə televiziyalarında “Rəcəb İvedik” adlı 4 seriyalı sözdə "komediya"nı izlədik. Anlamaq istəyirdim ki, türkiyəli sənətçi qardaşlarımızın niyyətləri nədir, Rəcəbin simasında nəyi göstərmək, hansı ciddi mövzulara toxunmaq, hansı tərbiyəni aşılamaq, hansı mənəvi dəyərləri xatırlatmaq, hansı estetikanı tanıtmaq istəyirlər. Bu boyda komediya çəkilirsə, orda şübhəsiz açıq və ya gizli bir amac, bir içtimai anlam, bir milli hədəf olmalıdır. Ancaq mən indiyədək “Rəcəb İvedik” filmlərində vəhşilikdən, tərbiyəsizlikdən, kobudluqdan, türk insanına yaraşmayan hərəkət tərzindən başqa heç nə görmədim. İpək kimi bir nənənin böyütdüyü Rəcəb, nədənsə, bənzəri olmayan heyvan kimi düşüb toplumun arasına və nə qədər ağlasığmaz tərbiyəsizliklər varsa edir və ona “dur!” deyən də yoxdur. Əgər milləti bu yolla güldürmək sənət sayılırsa, onda bu sənətin Rəcəbin tez-tez ayağını qaldırıb buraxdığı havadan heç bir fərqi yoxdur”.
 
Sabir Rüstəmxanlı qeyd edib ki, filmin yaradıcıları anadoluluları təhqir edib:
 
“Filmin yaradıcılarına görə Rəcəb İstanbullu, İzmirli, Ankaralı, Diyarbəkirli deyil, Karslıdır. Bu, məncə, bütün Karslılara və Doğu Anadolulara həqarətdir. Karsın şanlı qəhrəmanlıq tarıxi, hər qarşı şəhid qanı ilə yoğrulmuş torpağı, mərd, namuslu insanları, yumorla dolu folkloru, türk ruhunun qanadlanması olan möhtəşəm saz sənəti və onlarca başqa dəyərləri saysız gözəl filmə konu ola bilər. Ancaq sinema ustalarını bunlar yox, məhz Rəcəb ilgiləndirmişdir; daha doğrusu, onlara görə, belə zırrama yalnız Qarsdan çıxa bilər. Yazıqlar olsun! Ayıbdır!”.
 
DAK sədri hesan edir ki, heç bir fəlsəfi, estetik, bədii, mənəvi, tərbiyəvi dəyəri olmayan belə filmlər tamaşaçıların və cəmiyyətin zövqünü korlamaqla yanaşı, Böyük Türk milləti və türk toplumu haqqında yanlış təsəvvür yaradır.