Ərəblərə antipatiyanın kökündə nə dayanır? - Müzakirə

 
Turistlərin Azərbaycana axın etməsi müsbət tendensiyadır. Lakin həmyerlilərimizin ərəblərin gəlişinə mənfi münasibət göstərməsi məncə, ciddi mədəniyyət uyğunsuzluğu problemidir.
 
Bu sözləri Teleqraf.com-un Azərbaycana gələn ərəblərə aqressiv yanaşmağımızın səbəbi ilə bağlı açdığı müzakirəyə qatılan tanınmış ilahiyyatçı və din xadimi Hacı Şahin bildirib.
 
O, hesab edir ki, son illər müxtəlif ölkələrdən, eləcə də ərəb ölkələrindən Azərbaycana turist axını başlayıb:
 
“Əvvəllər Azərbaycanı o qədər də tanımırdılar. Ona görə də ölkəyə bu qədər ciddi turist axını yox idi. Tanıtım məqsədilə görülən işlər, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi nəticə verir. Əlverişli hava şəraitimiz də ərəblər üçün cəlbedicidir. Turistlərin Azərbaycana axın etməsi müsbət tendensiyadır. Lakin həmyerlilərimizin ərəblərin gəlişinə mənfi münasibət göstərməsi məncə, ciddi mədəniyyət uyğunsuzluğu problemidir. Bu, çox təbii prosesdir. Şişirtmələr olur. Amma ümid edirəm ki, zamanla buna alışacağıq”.
 
Haci Şahinin fikrincə, ölkəyə gələn turistlərə özümüz nümunə olmalıyıq:
 
“Hər bir insan getdiyi ölkənin mədəni mühitinə uyğunlaşmağa borcludur. Bu baxımdan xaricdən gələn turistlər də davranış qaydalarını bizə uyğunlaşdırmalıdırlar. Bu istiqamətlərdə müvafiq qurumlar tərəfindən müəyyən maarifləndirmə işləri aparılmalıdır. Lakin ümumilikdə onu demək olar ki, istənilən xalqın normal davranış qabiliyyətinə sahib olan vətəndaşı da var, davranış səviyyəsi aşağı olanı da. Bir qədər dözümlü olmaq lazımdır. Zaman keçdikcə bu kimi məsələlər tədricən həllini tapacaq”.
 
Psixoloq Elnur Rüstəmov isə Azərbaycanda ərəblərə mövcud münasibəti şüuraltı qısqanclıqla bağlayır:
 
“Əvvəlki vaxtlarla müqayisə etsək, görərik ki, bölgələrimizdə nə qədər yeni istirahət mərkəzləri yaradılıb. Həmin obyektlərə insanların gəlib-getməyində nə qəbahət var ki? Düzdür, onların içərisində ərəblər üstünlük təşkil edirlər. Lakin bizim üçün bunun fərqi olmamalıdır. Ərəblərə qarşı bu qədər önyarğılı olmaq doğru deyil. Onlara qarşı qara PR-ın aparılması nəyə lazımdır? Bu, yaxşı əlamət deyil. Onları küsdürə bilərik.
 
Ərəbləri davranışlarına görə qınayırıq. Bəs, öz həmyerlilərimiz istirahət məkəzlərində özlərini ideal aparırlarmı? Yaxud taksi sürücülərinin ərəblərdən 10 manat əvəzinə 50 manat almaları, yaxud yemək yeyən ərəb turistlərdən 100 manat əvəzinə 400 manat hesab tələb edilməsi düzgündürmü?
 
Ola bilər ki, ərəblər həmyerlilərimizi qıcıqlandırır, onlar burda istirahət edir, yeyir-içir, gəzir və alış-veriş edirlər. Bizimkilər də bundan qıcıqlanırlar. Bu, şüuraltı qısqanclıqdır. Əzizlərim, siz də ərəb ölkələrinə gedəndə dincəlməyə gedirsiniz də! Sən gedib orda səhərdən axşama kimi ibadətmi edirsən? Onların burda dincəlməyindən niyə bu qədər qıcıqlanırsan?
 
Ərəblər Avropaya, Maldiv adalarına getsə, o zaman bundan Azərbaycanın cibinə bir manat pul gələcəkmi? Düşünürəm ki, biz şadlığımıza şitlik edirik. Buna sevinmək lazımdır.
 
Ərəblərin burada özünü apara bilməmələri fərdi məsələdir. Əxlaq və namus individualdır. Ərəbləri niyə qaralayıblar? Onların da arasında da yaxşıları da var, pisi də”.
 
Teleaparıcı Emin Əfəndinin məsələyə münasibəti isə bir qədər sərt oldu:
 
“Ərəblərə qarşı bu cür münasibət göstərməyimizin bircə səbəbi var: görməmişlik. Heç vaxt Azərbaycana bu qədər turist axını olmayıb. Söhbət təkcə ərəblərdən getmir. Bunlar macarlar da ola bilərdi, farslar da. Biz eyni reaksiyanı verəcəkdik. Çünki yenə deyirəm, görməmişik. Həm də bizim həmyerlilərimizin onlara münasibətini aqressivlik kimi dəyərləndirmək lazım deyil. Hansısa vətəndaşımız durub bir ərəbi döysə, bu aqressivlikdir. Sosial şəbəkədə kimsə nəsə yazırsa, bu aqressivlik yox, görməmişlikdir”.
 
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Zerkalo” qəzetinin təsisçisi Elçin Şıxlı mədəni və pulu olan ərəblərdən heç birinin Azərbaycana üz tutmadığını deyir:
 
“Problem ondadır ki, Azərbaycanda Qərb ölkələrinin vətəndaşları üçün ciddi viza rejimi var, amma ərəb ölkələri üçün viza alınmasını asanlaşdırmışıq. Buna görə də ərəblər Bakıda çoxluq təşkil edir. Qərbdən gələnlər Şərqdən gələnlərdən çox olsaydı, biz o bəyənmədiyimiz məqamları görməyəcəkdik.
 
Buna görə də Azərbaycan mədəni səviyyəsi xeyli aşağı olan ölkələrin cənginə keçib. Bizim cəmiyyətin mədəni səviyyəsi ərəb ölkələrinin mədəni səviyyəsindən xeyli yüksəkdir. Ona görə də biz onlara qarşı bir qədər aqressivik. Onları ikrahla qarşılayırıq. Lakin təbii ki, mədəni ərəblər də var. Sadəcə, mədəni və pulu olan ərəblərin heç biri Azərbaycana üz tutmur. Onlar Amerika və Avropaya gedirlər. Bura isə əlində bir az pul olan, o səhradan, çöldən və zəncirdən çıxmış ərəblər gəlir. Buna görə də biz ərəb turistləri bəyənmirik. Bakı belə səviyyəsiz insanlar üçün deyil. Onların xərclədikləri pul nədir ki? Azərbaycanın iqtisadiyyatına, turizminə yarayacaq pul da deyil. Sadəcə, onlar öz ölkələrində edə bilmədikləri naqis hərəkətləri gəlib burda edirlər. Biz də sevinirik ki, guya turizm inkişaf edir, bizə pul gəlir. Qaldı ki, turistlərin yedikləri 10 manatlıq yeməyin əvəzinə onlardan 100 manat pul alınmasına, bu da bizim naqisliyimizdir. Çünki biz heç vaxt burnumuzun ucundan uzağı görə bilmirik. Mədəni səviyyəsi aşağı olan turistlər belə, bu cür faktlardan sonra ikinci dəfə Azərbaycana gəlməyəcəklər. Çox təssüf ki, servis nöqteyi-nəzərindən çox geridə qalmışıq və düşünürük ki, hamını çapıb-talamalıyıq. Düşünmürük ki, 5 manat əvəzinə 15 almaqdansa, elə 5 alsaq, həmin müştəri bir daha gələcək, yaxud yaxın tanışlarına deyəcək ki, Azərbaycanda qiymətlər yaxşıdır və öz dostlarını da bura cəlb edəcək. Bu məsələ tək ərəblərə aid deyil. Ümumiyyətlə, özümüz beləyik. Adicə rayonlardakı turizm obyektlərində 2 günə xərclədiyimiz pula Türkiyəyə gedib 1 həftə dincələ bilərik”.
 
Xalq artisti Flora Kərimova isə deyir ki, bu məsələyə ciddi yanaşmaq lazımdır:
 
“Bu zəbtdir. Mədəniyyətimizi, azadlığımızı, dinimizi zəbt etmək deməkdir. Onların arasında Allah bilir, kimlər bura gəlir. Gələcəkdə vətənimizi kimlərdən qorumalı olacağıq? Kimlərlə savaşmaq lazım olacaq?
 
Bu bir savaşdır. Yavaş-yavaş və çox düşünülmüş tərzdə aparılan siyasi müharibədir. Bunu ciddiyə almaq lazımdır.
 
Bir azdan bu ərəblər bizi Allahla və dinimizlə qorxudacaqlar. Allahın adını çəkib müsəlman kütləsini bizim üstümüzə qaldıracaqlar. Bax beləcə ərəblər bizim hər şeyimizə yiyələnəcəklər. Azərbaycanı onlardan qorumaq lazımdır, onlara qurban vermək yox! Ermənilər açıq düşmənimizdir, silahla öhdələrindən gələ bilirik. Amma Allahın adını çəkib, Allahı tanımayanlarla savaşmaq çox çətin olacaq.
 
Bunlarla savaşda artıq nə güllə, nə bomba bizə kömək edə biləcək. Bunlar milləti kütləşdirirlər, insanlardan ibarət cəmiyyət dönüb olur kütlə. Əsl qorxu o zaman gələcək. Mən onların davranışlarını eşidəndə çox məyus oluram. Bir adam ki, çimdiyi hovuza bağırsaqlarını boşaldırsa, bu, mədəniyyətsizliyin ən son həddidir”.
 
Qeyd edək ki, son zamanların ən qızğın müzakirə mövzularından biri Azərbaycana istirahət etməyə gələn ərəb turistlərin bəzilərinin davranış qaydalarını pozmalarıdır. Onlar həmvətənlərimiz tərəfindən kəskin şəkildə tənqid olunur. Son günlər ərəblərə qarşı ikrah dolu bu münasibət sanki daha da dərinləşib.

Загрузка...
Загрузка...