Ərazilərin qaytarılmasına qarşı çıxan nazir qovuldu - Qarabağ ətrafında NƏ BAŞ VERİR?

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “xarici işlər naziri” Karen Mirzoyan vəzifəsindən çıxarılıb.
 
Publika.az xəbər verir ki, Mirzoyan “ailə şəraitinə görə vəzifədən getdiyi” haqda ərizə yazıb.
 
Lakin “Jamanak” qəzeti onun qondarma rejimin “prezidenti” Bako Saakyan tərəfindən istefaya göndərildiyini qeyd edib.
 
Mirzoyanın istefası Dağlıq Qarabağ münaqişəsi üzrə gedən proseslərin fonunda diqqət çəkir.
 
 
Sentyabrın 18-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirilən “Ermənistan-Diaspora” VI Ümumerməni Forumunda çıxışı zamanı Qarabağ ətrafı ərazilərin Azərbaycana qaytarılması ilə bağlı müzakirələrin getdiyini açıqladı.
 
“Söhbət təhlükəsizlik baxımından nə Qarabağa, nə də münaqişə üçün təhlükə yaratmayacaq ərazilərdən gedir. Detalları açıqlasam, danışıqlar dayanar”, deyən Nalbandyan özünü sığortalamağa cəhd etsə də, bu sözlər Ermənistanda ciddi rezonansa səbəb oldu.
Qondarma “DQR”-in “XİN rəhbəri” Karen Mirzoyan həmin vaxt Nalbandyana etiraz edərək, “ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz. Bu Qarabağın (qondarma “DQR”) öz məsələdir” açıqlamasını verdi. Bu bəyanatlardan təxminən 10 gün sonra Mirzoyan vəzifəsindən istefaya göndərildi.
 
“Jamanak” diplomatik mənbələrə istinadən xəbər verir ki, Mirzoyanın istefaya göndərilməsinin səbəbi ərazilərin qaytarılması məsələsinə qarşı çıxış etməsidir. Bu, Dağlıq Qarabağ münaqişəsi ətrafında nələrin baş verdiyi sualını yaradır.
 
Asif

Загрузка...
Загрузка...