“Ərazilərin qaytarılması qarşılığında Dağlıq Qarabağa yüksək muxtariyyət verilə bilər” - rusiyalı politoloq

Prezidentlərin Sank-Peterburq görüşünün nəticələri ilə bağlı ekspert fikirləri və rəyləri müxtəlif olaraq qalır.
Sözsüz ki, danışıqlarda konkret nələrin müzakirə olunması və ilkin hansı razılığın əldə edilməsi müstəsna olaraq təmaslara qatılmış şəxslərə bəllidir.
Onlardan biri – Azərbaycanın Prezident Administrasiyası rəhbərinin müavini, şöbə müdiri Novruz Məmmədov bəyan edib ki, Peterburqda tərəflər problemin mərhələli həlli barədə razılığa gəliblər – hərçənd, erməni tərəfi bu açıqlamanı dərhal təkzib etməyə çalışıb, ardınca isə Rusiya XİN rəsmisi Mariya Zaxarova yumşaq desək, rəsmi Bakını qınayıb.
Məsələyə Rusiya ekspert dairələrindən verilən şərhlər də diqqət çəkir və dolayısıyla Novruz Məmmədovun söylədiyini əslində təsdiqləyir.
“Dağlıq Qarabağa dair danışıqlar stolunda yeganə konkret təklif bundan ibarətdir: erməni tərəfi Dağlıq Qarabağın hansısa statusu qarşılığında əraziləri Azərbaycana qaytarır”.
Musavat.com-un məlumatına görə, bu barədə tanınmış rusiyalı politoloq Aleksandr Xramçixin erməni portalına müsahibəsində bildirib.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Azərbaycan və Ermənistan prezidentləri çox ciddi və işgüzar təkliflər üzərində işləyir” bəyanatına münasibət bildirən politoloq deyib: “Mən hələ bilmirəm bu nə təkliflərdir. Ehtimal eləmək çətindir. Bəlkə də bu, elə köhnə təklifin təkrarıdır ki, Ermənistan Dağlıq Qarabağın hansısa statusu qarşılığında əraziləri Azərbaycana qaytarır - nəyə ki,
Azərbaycanın razı olacağı aydındır. Ancaq fikrimcə, bu, hansısa yüksək muxtariyyət statusudur, hərgah, heç kim deməyib ki, Bakı hətta aşağı muxtariyyətə də razıdır. Mən təsəvvür edə bilmirəm ki, erməni tərəfi bina könüllü şəkildə razılıq versin”.
Rusiyalı ekspertə bəlli olan və güzəştli sayılan yeganə təklif bundan ibarətdir.
“Əslində isə bu təkliflər müxtəlif səbəblərdən nə Azərbaycanı, nə də Ermənistanı qane edir. Başqa təkliflər mənə məlum deyil. Və daha nələrin fikirləşilə biləcəyini tapmaqda mən çətinlik çəkirəm . Dəfələrlə dediyim kimi, tərəflərin məsələdə mövqeyi bir-birini istisna edir” – Xramçixin əlavə edib.
Yada salaq ki, “Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində Ceyms Uorlik deyib: “Deməliyəm ki, Azərbaycan və Ermınistan prezidentləri çox ciddi və işgüzar təkliflər üzərində işləyir. Əlbəttə ki, bu təkliflərlə bağlı fikir ayrılıqları var. Heç kim tam anlaşma da gözləmirdi. Ancaq hər iki tərəf, daha dəqiqi, iki prezident bu təkliflər üzərində işi davam etdirməyə razılıq verib”.