​Razi Nurullayev: “Təkliflərimiz ölkəni neft və idxal aslılığından xilas edə bilər”

 
“Hələ böhran başlayanda təklif vermişdik ki, “Made in Azerbaijan” brendi yaradılması vacib və zərurətdir. Fabrik və zavodlarda istehsal olunan məhsullara brend adların verilməsi və xarici bazarlarda təşviq olunması qeyri-neft sektorunun inkişafının əsas amilidir. Yadıma gəlir ki, 10 il bundna öncə də bununla bağlı şəxsən özüm bir neçə dəfə bu ideyanı əsaslandırmış və mətbuat üzərindən hökumətə səslənmişəm. Prezident artıq bununla bağlı sərancam imzalayıb”.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev ölkədə qeyri-neft sektorunun inkişafından danışıb. Sədr, zamanında Azərbaycanda ən az 5 adda trikotoj malları, 3 adda isə ayaqqabı brendi yaradılmasının zəruriliyini bildirdiklərini deyib:
“İnanmaq istəyirik ki, bununla bağlı ciddi işlər aparılar. Buna ümid edirik. Hələ ki, bir brend bazara çıxa bilib. Bu əsasən, kostyumlar tikən “Emiland” brendidir. Bu brendlərin yaradılması daxili bazarın təlabatını ödəməklə, həm də ciddi ixrac potensial yaratmaq gücündədir.
Əgər, Azərbaycan “Made in Azerbaijan” konsepti ilə bağlı ilk neft gəlirləri daxil olan zaman - 2000-ci illərin əvvəllərində addımlar atılsaydı, bu gün ən azından Rusiya bazarını təmamən Azərbaycan təmin edə bilərdi.
 
Razi Nurullayev, hökumətə Azərbaycan brendi olan - “Simurq” Texnologiya Korporasiyası yaradılmasını da təklif etdiklərini qeyd edib:
 
“Ölkədə ən çox satılan və alınan məhsullar sırasına telefon, avtomobil və digər məişət və istehsal brendləri də daxildir. Xarici idxalı azaltmaq və ölkənin xarici ixrac potensialını gücləndirmək üçün “Simurq” brend adı altında dövlət korporasiyasının yaradılması vacibdir. Bu korporasiya yüksək texnoloji məhsullar hazırlamaq üçün xarici və yerli ekspertləri işə cəlb edir və yüksək keyfiyyətli yerli məhsullar buraxır.
 
“Simurq” mobil telefon, paltaryuyan maşın, soyuducu, müxtəlif ölçülü televizor brendləri və digər məişət texnikası avadanlıqlarının yerli istehsalı ilə məşğul olur. 5 ildən sonra isə müəssisə özəlləşməyə çıxarılır və dövlət qoyduğu xərci geri alır.
 
Azərbaycan brendi altında texnoloji istehsal korporasiyasının yaradılması ölkə iqtisadiyyatına əvəzolunmaz töhvə olmaqla yanaşı, ölkənin xarici idxaldan asılılığını xeyli azaltmış olur.
Bu strateji müəssisənin açılması və xarici mütəxəssislərin cəlb edilməsi üçün Neft Fondunun vəsaitlərinin xərclənməsi məqbuldur”.