Razi Nurullayev: 'Hakimiyyətin səriştəsizliyi, bankların talançılığl və əzilən xalq'

 
“Əhalinin banklara olan borcu və bankların düşdüyü ziyanı kasıb insanların cibindən çıxarmaq cəhdi ölkəni fəlakətə sürükləyir”.
 
Bu sözləri yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Partiya sədri bildirib ki, vətəndaş dövlətinə, ölkəsinı inanıb və kredit götürüb, lakin indi həyatı cəhənnəmə dönüb:
 
“Deyək ki, vətəndaş 500 - 10,000 ABŞ dollar arası vəsait alıb, onun manatla olan dəyərini tam ödəyib, bank isə 1000 ABŞ dolları götürən və dəyərini inflyasiyadan öncəki kursla ödəyib qurtaran vətəndaşa deyir ki, sən hələ banka 1500 manat da ödəməlisən. Bunu bank dilində, mikroiqtisadi, makroiqtisadi və nə bilim hansı dillərdə izah etmək olar, amma bunu insanlıq dilində izah etmək mümkün deyil. Vətəndaş dövlətinə, ölkəsinə inanıb və kredit götürüb”.
 
Sədr vətəndaşın kredit borcu altında əzilməsinin səbəb cəzasızlığın olduğunu deyib:
“Niyə vətəndaşın həyatı cəhənnəmə dönüb? Çünki 8 milyard dolları ölkədən çıxaranlar, buna şərait yaradanlar, buna göz yumanlar, yalan danışanlar və hər kəsin başının altına yastıq qoyanlar, ölkə rəhbərliyinə yalandan manatın ölməzliyindən, analoqu olmamasından danışanlar, bizim cibimizdən oğurlanan pullarla özlərinə onlarla lüks maşın alanlar, dəyəri 10-20 milyon dollar olan villa tikənlər, ən bahalı şəhərlərdə özlərinə mülk alanlar, bizim pulumuzu 300, 500 milyon dollarla kredit adı ilə götürüb dədə malı kimi xərcləyənlər azadlıqdadır. Onlar azadlıqda qalınca, günahkarlar cəzalanmayınca və onların oğurladıqları geri qaytarılmayınca, bu ölkədə heç kimə rahat yaşayış olmayacaq”.
 
“Bu gün on milərlə kasıb vətəndaş qorxusundan gecələr də yata bilmir” deyən Razi Nurullayev bildirib ki, banklar onsuz da güzaranı dözülməz olan xalqa yaşamağa imkan vermir:
 
“Etdikləri güzəşt isə kredit vaxtının uzadılmasıdır. Bu isə ödəniləcək vəsaitin aydan aya daha da artması deməkdir. Qazanc isə "0". Bu həll yoludurmu? İnsanları daha dərin quyuya itələyib salmaq çıxış yoludurmu?
 
Milyardları ölkədən oğurlayanların əmlakları müsadirə olunmalı, özləri həbsə atılmalı və oğurladıqları geri qaytarılaraq camaatın kreditinin ödənilməsinə şərait yaradılmalıdır. Banklar isə çox canfəşanlıq etməsinlər. Çünki, məhz həm də onların oğru, qanundankənar və acgöz xislərləri nəticəsində ökə bu günə düşüb. Onlar iqtidarın bacarıqsızlığından, özünün başının siyasi oyunlara, hakimiyyəti saxlamaq cəhdlərinə qarışmasından istifadə edib, bu ölkəni talayıblar. Heç kim cəzasız qalmayacaq. Hər kəs layiq olduğu cəzanı almalıdır və alacaqdır”.