Razi Nurullayev: "Ermənistanda hakimiyyət dəyişəcək" — VİDEO

 
"Ermənistanda baş verən hadisələr çox maraqlıdır və bunu yaxından izləyirik. Proseslər Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların təxirə salınmasına səbəb ola bilər".
 
Bu sözləri Ölkə.Az-a Ermənistanda baş verən hadisələrə münasibət bildirən AXCP sədri Razi Nurullayev deyib.
 
AXCP sədri bildirib ki, görünən odur ki, Sarkisyan Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında deyil. Sarkisyan ermənilər tərəfindən çox ciddi tənqid olunur. Onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa bir qərar verməsi hakimiyyətinin sonunu gətirə bilər.
 
"Baş vermiş ixtişaş, polis alayının ələ keçirilməsi, bir neçə şəxsin girov götürülməsi və silahla hakimiyyəti ələ keçirmək cəhdi düşünmürəm ki, Sarkisyanı hakimiyyətdən apara bilər. Əgər bu təhlükə çox böyüyərsə, Sarkisyan elə qəddar xislətə malikdir və oturduğu kreslonu elə çox sevir ki, həmin ixtişaş salanların üzərinə helikopter, hərbi təyyarə qaldıraraq onları yer üzərindən silə bilər. Artıq bunun təzahürləri dünən axşam göründü. Polis alayını ələ keçirən şəxs və oğlu ağır yaralanıb.
 
Baş verənlər onu göstərir ki, artıq Ermənistanda hakimiyyətin devrilməsi üçün silahlı hazırlıq var, bunu istəyənlər var, bu yolda öz canını fəda etməkdən qorxmayan insanlar var. Növbəti prezident seçkilərində Sarkisyanın vaxtı bitdiyi üçün hakimiyyətdən gedəcək, ancaq özünün təyin etdiyi namizədi prezident edə bilməyəcək. Ermənistanda növbəti seçkilərdə dəyişiklik baş verəcək", - deyə Razi Nurullayev vurğulayıb.