“Rayonların Azərbaycana qaytarılması barədə söhbət belə gedə bilməz” - Ermənistandan rəsmi mövqe

 
“Hər hansı ərazilərin Azərbaycana qaytarılması məsələsi yalnız Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi şərti ilə müzakirə mövzusuna çevrilə bilər. Problemin həll paketi Ermənistanla Dağlıq Qarabağın yerüstü əlaqəsinin qorunmasının zəruriliyini təsbit edir. Heç bir anklav statusu barədə söhbət ola bilməz”, - bunu “Azadlıq Radiosu”nun sualına cavab verən Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib
 
“Ermənistan Xəbərləri” xatırladır ki, bu yaxınlarda “Russia Today” agentliyinə müsahibə verərkən Serj Sarkisyan bildirmişdi ki, beş il əvvəl Ermənistan Qarabağın statusunun müəyyənləşdirilməsi üzrə referendumun keçirilməsinə qarşılıq olaraq yeddi rayonu azərbaycana qaytarmağa hazır idi. Hətta bu şərt əks olunmuş sənəd də mövcud olub, lakin İlham Əliyev onu imzalamaqdan imtina edib.
“Rayonların Azərbaycana qaytarılması barədə söhbət belə gedə bilməz”
“Azadlıq Radiosu” Ermənistan prezidentinin administrasiyasına sorğu yollayaraq sual verib ki, Azərbaycana keçmiş DQMV-ni əhatə edən yeddi rayonun qaytarılması qərarı nə vaxt verilib və bu, Qarabağın Ermənistanla yerüstü əlaqəsinin kəsilməsi və anklav vəziyyətinə düşməsi demək deyilmi, eyni zamanda Ermənistan prezidenti bu cür perspektivi təhlükə olaraq qiymətləndirmi.
 
“Ermənistan prezidenti Respublika Partiyasının 16-cı qurultayındakı çıxışında da bildirib ki, həmin təklifin birinci bəndi Dağlıq Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququ ilə bağlıdır. Digər məsələlər isə bəndin törəmələridir.
 
Bütün digər məsələlər problemin tənzimlənməsinə paralel olaraq məntiqi və ədalətli həllini tapacaq. Hələ ki bu məsələ həll olunmayıb və Artsaxın statusu qeyri-müəyyəndir, başqa heç bir məsələnin həlli barədə danışmaq olmaz”, - Vladimir Akopyan cavabında bildirib.