Raymond Pauls: “Müslüm Maqomayevə çatmaq mümkün deyildi”

Məşhur latış bəstəkarı, dirijor, pianoçu, ictimai xadim, SSRİ xalq artisti Raymond Pauls haqqin.az portalının Riqa bürosuna müsahibə veib.
Bu ilin yanvarında 80 yaşını qeyd etmiş sənətkar Azərbaycan, Bakı, Müslüm Maqomayev və Vaqif Mustafazadə, eləcə də Alla Puqaçova ilə bağlı xatirələrini bölüşüb, 1999-cu ildə Latviya prezidenti postuna namizədliyini verməsi ilə bağlı bəzi detalları açıqlayıb.
Müxbirin “Sizə bir çox gözəl vokalçılarla işləmək nəsib olub, onların arasında Müslüm Maqomayevin olmamasına heyfslənmirsinizmi” sualına cavabında məşhur bəstəkar etiraf edib ki, o vaxt Müslüm Maqomayevə çatmaq, sadəcə olaraq, qeyri-mümkün olub: “Maqomayev olduqca yüksək zivədə idi...Mən xeyli sonra peyda oldum. Şübhəsiz, o həmişə çox hörmətli və çox yaxşı vokalçı olub. O vaxt ona yaxınlaşmaq, çatmaq üçün xüsusi tanışlıq lazım idi... Başqa sözlə, Maqomayev o dövrdə mübaliğəsiz nömrə 1 idi...”.
Raymond Pauls Azərbaycanın məşhur caz ustası Vaqif Mustafazadə haqqında da xoş sözlər deyib: “Mən Vaqif Mustafazadəni yaxşı tanıyırdım. Vaxtilə Bakıda kvartet-klub vardı. Biz o dövrdə onun musiqilərini vokal kvartetləri üçün işləməyə cəhd edirdik. Yaxşı musiqiçilər vardı, ayrı-ayrı qruplar yaranırdı...”.
Məşhur sənətkar qeyd edib ki, Bakıya son səfərindən uzun illər ötüb: “Amma o ayrı Bakı idi. Ümumiyyətlə, Azərbaycan həmişə maraqlı respublika olub... Həmişə Bakıya gəlməkdən məmnunluq duymuşam.
Yeganə problem onda idi ki, heç vaxt buradan ayıq başla getmək mümkün deyildi... Mən o vaxt, necə deyərlər, şən yaşayırdım. İlahi...konyaklar, şərablar, qonaqpərvərlik...”