​Rasim Musabəyov: “Naxçıvandan İrəvanı bombalamaq daha asandır”

 
 “Hədə müstəvisinə keçmək istəyirlərsə, bu, onlara xeyir verməz”
 
“Ermənistanda keçirilən parad zamanı “İsgəndər” raket komplekslərinin nümayiş etdirilməsini mənfi qiymətləndirirəm. Ümumiyyətlə bu silahların Ermənistana satıldığı və ya sadəcə paradda nümayiş etdirmək məqsədilə ora aparıldığı dəqiqləşdirilməlidir. Azərbaycanın haqqı çatır ki, bu məsələ ilə bağlı izahat istəsən”.
 
 
Bunu Teleqraf.com-a açıqlamasında sabiq dövlət müşaviri, deputat Rasim Musabəyov deyib.
 
Politoloq xatırladıb ki, belə markalı və uzun məsafə vura bilən raket komplekslərinin satışı beynəlxalq müqavilələrlə əsasən məhdud xarakter daşıyır: “Bu vaxta qədər Rusiya belə kompleksi Belarusa satmayıb. Halbuki Rusiya ilə Belarus sanki bir dövlətin iki qoludur. Ancaq Belarus Rusiyadan “İsgəndər” raket kompleksi istəmişdi, Rusiya ona müsbət cavab vermədi. Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir, lakin bu günə qədər ABŞ belə kompleksi Türkiyəyə verməyib”.
 
Rasim Musabəyov hesab edir ki, Rusiyanın bu kompleksi Ermənistana verib-vermədiyi dədiqləşdirilməlidir:  “Biz bilmirik, “İsgəndər” kompleksi Ermənistana verilib, yoxsa Azərbaycana xox gəlmək üçün paradda çıxarıb nümayiş etdirilib. Əgər, bu silah Ermənistana verilibsə İrəvan bundan hədə məqsədilə istifadə edə bilər, ancaq praktiki olaraq onun istifadəsi ağlabatan deyil. Çünki Naxçıvandan İrəvanı bombalamaq daha asandır. Yəni hədələr müstəvisinə keçmək istəyirlərsə, bu onlara xeyir verməz. Məncə, erməniləri normal yola gətirmək lazımdır, onları şişirtmək, qeyri konstruktiv mövqe tutmağa sövq etmək lazım deyil. Çünki bu halda danışıqlar prosesinin nəticəsi olmayacaq, bölgədə gərginlik səngimək əvəzinə artacaq”.