"Rasim dünyasını dəyişdiyi gündən evimizin çırağı söndü"

" Teyfurə Əliyeva: “Heç vaxt ağlıma gəlməzdi ki, bir gün Rasimi itirə bilərəm”
 
“Rasim sanki həyatımıza qanadlı quş kimi uçub gəlmişdi”
 
Dünən mərhum jurnalist Rasim Əliyevin qətlə yetirilməsindən 9 ay ötüb. “Hürriyyət”in əməkdaşı mərhumun ailəsinə baş çəkib, anası ilə söhbətləşib. Jurnalistin ölümündən 9 ay keçsə də, anası Teyfurə xanımın dediyi kimi, “çırağı sönmüş” ailənin hələ də göz yaşları qurumur.
Qeyd edək ki, Mərhumun anası Teyfurə xanımla az da olsa həmsöhbət ola bildik, amma atası Məmmədəli kişi heç danışmadı. Çünki, Rasimin vaxtsız vəfatı onların həyatına ömürlük zərbə olmuşdu.
 
“Ailəmizin sevinci onunla bərabər getdi”
 
Teyfurə xanım, Rasimin keçmişindən - onun lap körpə vaxtlarından, məktəbə getməsindən, necə savadlı uşaq olmasından danışdı... və danışdıqca da göz yaşları içində boğulurdu. Rasimin ölümündən bu qədər vaxt keçməsinə baxmayaraq, ana hələ də övladının haqqında danışanda “nə vaxtsa qayıdacaq” ümüdni üzməmişdi:
"Rasim ailənin böyük uşağı idi, özündən başqa bir bacısı var. Rasimi məhlədə hamı yaxşı tanıyırdı. Onun necə ağıllı, savadlı, düşüncəli və idmançı biri olduğunu hər kəs yaxşı bilirdi. Kiçik yaşlarından hər kəsin sevgisini və hörmətini qazanmışdı, həm məktəbdə, həm işlədiyi yerdə, eyni zamanda dostları arasında. Heç vaxt ağlıma gəlməzdi ki, Rasimi bir gün itirə bilərəm. Rasim öldüyü gündən ailəmizin sevinci onunla bərabər getdi. Həyatda çox çətinliklər gördüm və hamısına sinə gəlməyi bacardım, amma Rasimin vaxtsız ölümüylə hələ də barışa, onun həyatda olmadığına inana bilmirəm.
Mən həyatda Rasimsiz sağkən, nəfəsi üstündə igidi ölmüş, ağlar qalmış bir anayam. Rasimlə nəfəs alırdım, ona görə narahat olurdum, onunçun ayrıca yeməklər bişirirdim. Onun ən çox sevdiyi bayram "Novruz" Bayramı idi. Heç vaxt düşünməzdim ki, illər sonra Rasimsiz bayram keçirək.
Rasimin ən çox xoşladığı şirniyyat şəkərbura idi. Elə olurdu ki, Rasim şəkərburanı bayrama qədər yeyib bitirirdi. Onu belə görəndə çox sevinirdim və yenidən bişirməli olurdum. Onu körpə uşaq kimi bəsləyirdim, tez-tez zəng vururdum ki, “Rasim nə gec gəldin?!”, “Birdən başına bir iş gələr”, “Tez qayıt.” və s.
Rasim sanki həyatımıza qanadlı quş kimi uçub gəlmişdi və həyatımızdan da "quş" kimi birdəfəlik uçub getdi. Elə o gündən də evimizin çırağı həmişəlik söndü”.
 
“İndi o gülü mənə onun yoxluğunu əvəz edən Gülərim alır”
Teyfurə xanım deyir ki, həyatda ən böyük arzusu Rasimin toyunu görmək idi: “Atası sevinclə onun üçün ev tikdirirdi, toy edib gəlin gətirəcəydik, o da qismət olmadı, arzumuz puç oldu.
Hər qapı döyüləndə elə bilirəm gələn Rasimdi, hər il 8 Mart bayramında Rasim mənim üçün mütləq gül alırdı, “mənim anam hər şeyin yaxşısına layiqdir” deyirdi. İndi o gülü mənə onun yoxluğunu əvəz edən Gülərim alır. Gülər çox yaxşı qızdı, onunla çox təsəlli tapırıq.
Rasimin ölümü tək bir ailənin yox, iki ailəni məhv etdi, Gülərin də arzusunu, sevgisini yarıda qoydu. Allah heç bir ananı övladıyla sınağa çəkməsin, olduqca ağır durumdayam, Rasimsiz həyatım susuz “kainat”a bənzəyir. Həftədə iki dəfə Rasimin qəbrini ziyarətə gedirik və beləcə təsəlli tapmağa çalışırıq".
 
"Rasim dünyasını dəyişdiyi gündən evimizin çırağı söndü" "Mən onlarla təsəlli tapıram...”
 
Teyfurə xanım Rasimin bütün dostlarına və media nümayəndələrinə də dərin təşəkkürünü və minnətdarlığını bildirdi: "Mən onlarla təsəlli tapıram, bizi tez-tez yad edirlər, zəng edirlər, evimizə gəlirlər və dərdimizə şərik olurlar. Allah hər birinizdən razı olsun və sizi qorusun".
Ülviyyə XƏLİL