Ramiz Rövşənin poetik məntiqi qeyri-səlis məntiq və ilahi məntiq arasındadır"- Rafiq Əliyev

 
 
 
Bu gün çağdaş Azərbaycan poeziyasının ən güclü imzalarından biri, özünəməxsus dəsti-xətt yaradan  və müasir Azərbaycan sözünün ustadı sayılan Ramiz Rövşənin ad günüdür. Ramiz Rövşən 71 il əvvəlin bu günündə dünyaya gəlib. Şeir, tərcümə, ssenari onun həyatının vazkeçilməz tərkib hissəsi olub.
 
Moderator.az xəbər verir ki, şairin yaxın dostu, dünya çapında tanınan alim Rafiq Əliyev Ramiz Rövşən barəsində bir xeyli elmi və təbrik məqalələri yazıb. Həmin məqalələrdən olan maraqlı hissələri təbrik kompozisiyası altında birləşdirərək oxuculara təqdim edirik:
 
“Ramiz Rövşən haqqında söz deyərkən çoxölçülü Ramiz Rövşən zirvəsi göz önünə gəlir: metafizik şair, dəyərli yazar və esseist; görkəmli ssenarist; ensiklopedik biliyə və nəticə çıxarma qabiliyyətinə malik intellektual; nəfsinə cihad edə bilən, ümumi mənafeyi fərdi mənafeyindən üstün tutan demokratik düşüncəli ziyalı; peşə namusuna, ailə namusuna, torpaq və vətən namusuna həmişə sadiq qalan vətəndaş;katarsisdən keçib durulmuş, bütövləşmiş şəxsiyyət.
 
Tanrı yaratdıqlarına bu atributları balansda paylayar, birini çox versə o birisinin payı azalar. Ancaq sevgisinə tuş gələnlərdən çox şeyi əsirgəməz. Ramiz Rövşən bu sevgiyə tuş gələnlərdəndir. Ona görə də Ramiz Rövşən zirvəsi belə çox sıldırımlıdır. Allaha yaxın olduğu üçün, Mövlanə kimi,insana yaxın olduğu üçün, Dostayevski kimi.
                    ***
“Ramiz Rövşənə bioloji ömrü Allah verib. O, Allahı çox sevir, qarşılığında da Allah ona uzun mənalı ömür verər. Bir böyük şair kimi, dəyərli ziyalı kimi, təpərli, yenilməz şəxsiyyət kimi özünün qzandığı isə əbədi ömürdür”.
                           ***
“Deyirlər şairlər Allaha yaxın olurlar. Bir müddət əvvəl mən əsl ruhun zadəganı olan böyük şairimiz Ramiz Rövşənin poeziyasının qeyri-səlis məntiqə söykəndiyini “Qeyri-səlis məntiq haqında poetik düşüncələrim” yazımda araşdırmışdım. İndi baxanda görürəm ki, Ramiz Rövşənin poetik məntiqi qeyri-səlis məntiq və ilahi məntiq arasındadır. Onun bu məntiqi Allaha sevgidən doğan məntiqdir və bu sevginin qarşılıqlı payıdır. Allah və ölüm mövzusu Ramiz Rövşənin poeziyasında dominantlıq təşkil edir, hələ bu mövzular yasaq olan vaxtlarda da (zənnimcə yasaq ədəbi prosesin katalizatorudur).
                   ***
..... Palıd invariantlığı, kosmik təfəkkürü, ilahi məntiqi, qəlbində sevgi, duyğular çələngi olan böyük İnsan, əziz dostum Ramiz Rövşənə uzun və mənalı bioloji ömür arzulayıram. Əbədi sonsuz ömrü onsuz da özü qazanıb.
Ramiz Rövşəndən Ramiz Rövşənə uzanan yol daim nurlu olsun”.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...