Ramin Musayevin yuxusunu ərşə çəkən 7 xal — TƏFƏRRÜAT

 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin yuxusu son günlər ərşə çəkilib. Sual oluna bilər ki, bundan sənə nə? Tamamilə doğrudur. Bundan mənə heç nə. Yenə də sual verilə bilər ki, Musayevin axı nə dərdi var? Obyektləri işləyir? İşləyir. Pulunu qazanır? Qazanır. Bəs nədir səbəb? Bu "yuxusuzluğun" elə bir səbəbi var ki...
 
Söhbət AFFA-nın baş katibi Elxan Məmmədovun faktiki kurasiyasında olan futbol üzrə milli komandamızın son oyunlarda göstərdiyi nəticələrdir. Əslində, Musayev də azərbaycanlıdır və təbii ki, millinin uğurları onu da sevindirməlidir. Sadəcə, əsas və ən böyük rəqibinin müvəqqəti də olsa, belə bir uğur qazanmasına göz yummaq onun üçün asan deyil. Bu, onu qısqandırır, əsəbləşdirir və s.
 
Futbol sahəsindən və idman mətbuatından az-çox anlayışı olanlar təsdiqləyər ki, bu aralar Musayevin kurasiyasında olan saytlar milli komandanı "vura bilmir". Amma yadınızdadırsa, bir müddət öncə PFL şefinin milli komandada xeyli futbolçusu var idi. Hətta bəzi iddialara görə, məhz Musayevin göstərişiylə həmin futbolçular oyunları lazım olan tərəfə "fırladırmışlar". Hər halda bu bir versiyadır və bizim iddiamız deyil. Sadəcə, Dubaydakı yoldaşlıq görüşlərini xatırlamaq yerinə düşür. İndi isə durum köklü şəkildə dəyişib. Elxan Məmmədov millidə siyasəti dəyişdikdən sonra Musayev üçün xeyli qapılar bağlanıb, yığmaya kənardan bu çəkişmələrdən xəbəri olmayan yeni futbolçular cəlb olunub.
 
Ən pisi odur ki, hazırda Musayevin ən böyük rəqibinin reytinqi AFFA prezidentinin yanında da durmadan artır. PFL-dəki qohum-əqrəbaları isə indiki halda Musayevdən də gücsüzdürlər. Çünki bu adamların əksəriyyətinin futbola yaxından-uzaqdan heç bir dəxli yoxdur. Bu durum "Bəxtiyar" filmindəki məşhur epizodu xatırladır. Rza kimi qohumun...
 
Onsuz da həm Musayev, həm də biz bilirik ki, Azərbaycan kimi ölkələrin futboldakı uğurları epizodik xarakter daşıyır və daimi ola bilməz. Ona görə də hirslənməyin, özünüzdən çıxmayın. Onsuz da Məmmədov hardasa "ilişəcək" və əlinizə yeni fürsətlər düşəcək. Elxan Məmmədov siz düşündüyünüz qədər peşəkar futbol adamı deyil ki, açıq (boşluq) verməsin. Siz də belə şeylərin ustadınısız. Quşu gözündən vuran adamsınız. Bir yol tapacaqsınız. İşiniz avand olsun, Musayev!