“Ramazan ayı insanın yenidən yaranması ayıdır” - SƏRDAR CƏLALOĞLU

“İmsaq vaxtı insan ruhunun bədənə verilməyə başladığı andır”
 
“İmsakla iftar arasında ruh bizim bədənimizdə olmur, Allah bizdən alır”
 
“Biz bədənimizin bütün təlabatlarını söndürdükdə, bizim ruhumuz təkmilləşməyə, yəni xalis ruhi varlıq kimi çıxmağa başlayır”
 
Iyulun 6-7-də Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Bu isə o deməkdir ki, ayın 6-dan etibarən ölkəmizdə oruc tutan insanlar normal qidalanmağa başlayacaqlar. Çünki İslam dininin şərtlərinə görə, Ramazan bayramı günlərində oruc tutmaq günah hesab olunur.
Maraqlıdır, bəs, son bir ay müddətində oruc tutan insanlar hansı savab əməlləri qazanmış oldular? Ümumiyyətlə, Ramazan niyə məhz “11 ayın sultanı” adlandırılır, bu ayın digər aylardan fərqi nədir?
Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq:
 
- Sərdar bəy, Ramazan ayının özəlliyi nədir və Qurani-Kərimin bu ayda nazil olması bizə nə deyir?
 
- Əvvəla onu deyim ki, Qurani-Kərimdə Allah-təala belə bir ayə nazil edib ki, mən sizi İslam dini əsasında yaratmışam. Yəni faktiki olaraq Qurani-Kərim həm bizim – insanların yaradılış prosesini özündə ifadə edib, həm də sonradan bizə göndərilmiş və düz yolu göstərən bir Kitabdır. Yəni Qurani-Kərim bizim mənəvi cəhətdən yenidən yaranmamızı təmin edən bir kitab kimi nazil olub. Buradan aydın olur ki, bizim yaranmamız anında nə baş veribsə, həmin hadisələr Ramazan ayında təkrarlanıb. Yəni biz əgər İslam dini əsasında yaranmışıqsa, Qurani-Kərim də bizə İslam dinini təbliğ edirsə, demək, bu iki hadisə eynidir. Yəni Ramazan ayı insanın yenidən yaranması ayıdır. Çünki Qurani-Kərim məhz Ramazan ayında bizə nazil olunub.
Qurandan bəllidir ki, Allah-təala bizim bədənimizi əvvəlcə palçıqdan - torpaqdan yaradıb, sonra öz nəfəsini bizə püləyib və biz insan olmuşuq. Ana bətnində - hələ bədənimiz olmadığı bir vaxtda, döl yox, rüşeym mərhələsində - Allah-təala bizə ruh verib. Yəni hələ bədənimizin xarici görüntüsü olmamışdan, rüşeym mərhələsində bizə ruh verilib. Hansı ki, ana bətnində birinci 28 gündə insanın ruhlu insan kimi yaranması baş verir. Əvvəldə isə Adəm kimi yaradılıb.
Bu da onu göstərir ki, əgər istəyiriksə ki, Ramazan ayında nazil olan Qurani-Kərimi mənimsəyək, onda bədənimizi yox kimi vəziyyətə salmalıyıq, ən azı, belə təsəvvür etməliyik. Buna da biz orucluq deyirik.
 
- Ümumiyyətlə, orucluq nədir?
 
- Orucluq insanın bədən təlabatlarının Allahın Qurani-Kərimdə müəyyən etdiyi bir həddə söndürülməsidir. Diqqət edək, orucluq sübh tezdən başlayır, axşama qədər davam edir. Sübh tezdən – imsaq vaxtı insan ruhunun bədənə verilməyə başladığı andır. Bilirsiniz ki, Qurani-Kərimdə Allah-təala deyir ki, siz yatanda mən sizin ruhunuzu alıram, canınızı saxlayıram, səhər tezdən yenidən oyananda ruhunuzu bədəninizə qaytarıram. Biz imsaq vaxtı ki orucluğa başlayırıq, həmin an ruhun bədənimizə qayıdan vaxtıdır. İftar isə, artıq ruhumuzun yenidən bizdən alınan vaxtıdır. Beləliklə, bizim orucluğumuz faktiki olaraq həmin şeyə təsadüf edir, yəni yalnız o zaman oruc tuturuq ki, ruhumuz bizim bədənimizdədir. İmsakla iftar arasında ruh bizim bədənimizdə olmur, Allah bizdən alır. Həmin vaxt da bədən təlabatlarımızın təsiri altında olmağımızın ruha heç bir aidiyyatı yoxdur.
 
- Maraqlıdır, demək, insan yuxuda olarkən ruhu bədənindən ayrılır...
 
- Təbii ki. Elm də sübut edib ki, insan yuxuda olarkən onda heç bir şüurlu fəaliyyət olmur. Onun bütün hərəkətləri heyvani hərəkətlərdən ibarətdir. Yəni biz yuxuda yaradıcılıqla məşğul olmuruq, yata-yata kiminləsə danışmırıq, kitab oxumuruq. Yuxuda bizim bütün şüurlu fəaliyyətimiz dayanır və ruh faktiki olaraq bədənin öz dərinliklərinə qapanır. Onu da Allah-təala ruhun candan alınması kimi təsəvvür edir.
Burdan da aydın olur ki, orucluğun müddəti ruhun bizim bədənimizdə olduğu vaxta aiddir. Həmin vaxtda bədənin bütün təlabatları boğularsa, biz ruhlu varlıq kimi mövcud olarıq, elə bil ki, bizim bədənimiz yoxdur, xalis ruhuq.
 
- Bəs, nə üçün ruh məhz xalis şəkildə mövcud olmalıdır?
 
- Bunun iki səbəbi var. Birincisi odur ki, kamillik insanın sırf ruhi qanunlarda mövcud olması, yəni mənəvi varlıq kimi olması və yaxud da şəxsiyyət kimi varlıq olmasıdır. Deməli, biz bədənimizin bütün təlabatlarını söndürdüksə, bizim ruhumuz təkmilləşməyə, yəni xalis ruhi varlıq kimi çıxmağa başlayır. Hansı ki, orucluqda həqiqi oruc tutan hər bir adam həqiqi təkmil insan olur.
İkincisi, bizim Qurani-Kərimi mənimsəməyimiz üçün gərək bədənimiz olmaya, yəni ən azı belə təsəvvür etməliyik. Çünki biz bütün bədən təlabatlarını söndürdüksə, bu zaman Quranı düzgün mənimsəyə bilərik. Ona görə də İslam dinində Ramazan ayında - Qurani-Kərim nazil olan vaxtda orucluq əmr edilib. Orucluğun da əmr edilməsində məqsəd Qurani-Kərimi qəbul etməyimizdir. Necə ki, ruhumuz bədənimiz olmadan əvvəl bədənimizə daxil olub, gərək ikinci dəfə ruhumuzun nizamı olan Qurani-Kərim bizə nazil olanda biz yenə də bədənsiz bir varlıq kimi olaq ki, onu qəbul edək.
Bu hadisə də göstərir ki, Cəbrayıl nazil olarkən faktiki olaraq Məhəmməd Peyğəmbər mütləq orucluq vəziyyətində olub. Yəni onun bədəninin bəzi funksiyaları, ürək döyüntüləri, tənəffüs, digər orqanları belə, ən aşağı səviyyəyə qədər sönüb. Nəinki dünyəvi bədənin təlabatlarını icra etmək, hətta bədənin özünün funksiyalaşması sönüb. Yalnız o halda Cəbrayıl ona nazil olub.
 
- Bəs, bu dediklərinizin elmi izahı varmı?
 
- Bildiyiniz kimi, yoqlar müəyyən mağaralara gedirlər, bədəni bütün təlabatlardan azad edəndən sonra (yemirlər, içmirlər və s.), adi insanın edə bilməyəcəyi müəyyən şeylərə nail olurlar. O cümlədən, elə yerlərdə bəzi insanlar yeni görüntülər əldə edirlər, hansı ki, bu dünyadan alınmayıb. Məsələn, Buddistlərin inamına görə, Budda oz qoşunundan ayrılır, gedir meşəyə istirahət etməyə. Həmin yerdə heç kəs olmur, bir ağacın altında oturur və bu zaman Buddanın beynində aydınlaşma olur və o dünyanın necə yarandığı, insanların necə yaşadığı, sonra necə olacağı, yəni bizim Qurani-Kərimdə dediyimiz axirət və bu dünya arasında əlaqələr haqqında yarımçıq da olsa, müəyyən bilgilər əldə edir.
Onu da nəzərə alaq ki, Məhəmməd Peyğəmbərə də Quran Hərra mağarasında nazil olub. Musa peyğəmbərə Tövrat harda nazil olub – Tur dağında. İlk dəfə Allah ona harda görünüb – Tuvar çölündə. Bütün bunların hamısı göstərir ki, ruh yalnız o halda insan bədəninə daxil olur ki, insan bədəni mümkün qədər özünün bütün tələbatlarını zəiflədir. O cümlədən də ruh o zaman daha aydın təzahür edə bilir ki, insan faktiki olaraq öz bədən tələbatlarını boğsun. Bu baxımdan Ramazan təkcə 11 ayın sultanı deyil, ümumiyyətlə yaradılışın ən mühüm bir dövrünü bizə təqdim edir. Yəni Ramazan ayında baş verənlər – bizim oruc tutmağımız, bu ayda ibadətlər etməyimiz, əslində, bizim yaranış anımızı təkrarlayır.
 
- Ramazan ayının bu şərtlərinin həyata keçirilməsi hər bir müsəlman üçün mütləqdirmi?
 
- Ümumiyyətlə, əgər bir insan kamilləşmək, şəxsiyyət olmaq, ruhi bir varlıq kimi təzahür etmək və yaxud ən azı pozulmuş ruhunu yenidən nizama, əndazəyə salmaq istəyirsə, onun üçün Ramazan ayında oruc tutmaq çox vacibdir. Burda bir şeyi başa düşmək lazımdır. Çox adam Ramazan ayında tutulan orucu belə deyək,aclıq və pəhrizlərlə məhdudlaşdırır. Elə düşünür ki, yeməsə, içməsə, şəhvət hissini söndürsə və s. oruc tutmuş hesab olunur. Yox. Bu sadəcə olaraq bədən təlabatlarından imtinadır. Orculuğun mahiyyəti ondan ibarətdir ki, məhz bu ayda insan daha çox ibadətlə məşğul olsun - Qurani-Kərim oxusun, daha çox Allaha müraciət etsin, daha çox metafizik güclərlə əlaqəyə girməyə çalışsın. Yalnız bu halda orculuğun mahiyyəti olacaq.
 
- Belə aydın olur ki, kamil insanların oruc tutmasına ehtiyac yoxdur...
 
- Bir adam əgər belə düşünürsə ki, onun ruhu tam nizamlıdır, kamil bir insadır, ona oruc lazım deyil. Amma biz bilirik ki, kamil insan yoxdur. İnsan özünü ruhi varlıq kimi kamilləşdirmək istəyirsə, mütləq oruc tutmalıdır və bu orucluq günündə - 30 gün ərzində bütün vaxtını Qurani-Kərimlə ünsiyyətə və Allahla rabitəyə sərf etməlidir. Yalnız bu halda orucluq ona təsir edə bilər. Orucluqdan sonra baxacaq ki, o başqa bir adamdır. Amma, məsələn, oruc tutan adamların 90 faizindən soruşsan deyər ki, mən sadəcə oruc tuturam, orucluqdan əvvəl necə idi, orucluqdan sonra da eləyəm. Yəni dünya görüşündə, idrakında, təfəkküründə, dünyaya baxışında Qurani-Kərimə iman gətirməkdə heç bir dəyişiklik yoxdur. Niyə? Çünki o, orucluğu bir aclıq kimi tutub. Halbuki bədənin aclığında ruh daha ciddi işləməlidir ki, bu orucluğun mahiyyəti özünü doğrultsun.
 
- Demək istəyirsiniz ki, orucun da Allah yanında keçərli olmayanları var?
 
- Təkcə oruc tutanların yox, namaz qılanların da, zəkat verənlərin də, bəzilərininki qəbul olunur, bəzilərininki yox. Məsələn, Allah-təala deyir ki, Kəbənin yanında münafiqlərin namaz qılması fit çalıb, əl çalmağa bənzəyər. Yəni Kəbədə namaz qılır, elə bil fit çalır və yaxud da əl çalır. O cümlədən deyir ki, siz bir sədəqə verib, arxasınca zülm edirisinizsə, yəni bir adama 5 manat yardım edib, sonra da onu incidirsinizsə, bu sədəqə verməməkdən daha pis bir hərəkətdir. Bu halda verməsəniz daha yaxşı olar. O cümlədən də, orucluğun özü haqda da bu fikri deyə bilərik...
 
(Ardı var)
Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org