​“Rafiq Əliyevə bu addım üçün təşəkkür edirəm, amma...”- Portuqaliyada çalışan alimimiz

 
 
 
 
Dünya çapında tanınan alim professor Rafiq Əliyevin ustadı Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirası elmi mərkəzə bağışlaması böyük rezonans yaratdı. Rafiq Əliyev vəsiyyət edilən pul məbləğini “heç vaxt şəxsi məqsədlərim üçün sərf olunmayacaq” deyərək, prezidenti olduğu “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb. Rafiq Əliyevin bu addımı fədakarlıq kimi qarşılanıb. Amma əslində, professor bu addımı ilə həm də bir növ, çağırış etmişdi.
 
Rafiq Əliyevin bu jestini dəyərləndirənlər arasında Portuqaliyada çalışan alimimiz, kimya elmləri doktoru Kamran Mahmudov da var.
 
Kamran müəllim Moderator.az-a açıqlamasında Rafiq Əliyevin bu addımının yaxın gələcəkdə Azərbaycanda da normal hadisə kimi qarşılanacağına ümid etdiyini bildirib:
 
 
 
“Məntiqlə yanaşsaq, burada qeyri-adi heç nə yoxdur. Yəni “insanlar” düşünür ki, həmin maliyyəni Rafiq müəllim öz şəxsi məqsədləri üçün istifadə etməli idi?!
 
Əlbəttə yox! Belə hallar normal sayılmalıdır. Məsələn, Portuqaliyada çalışdığım qrupun rəhbəri professor Armando Pombeiro 2012-ci ildə ''XXV International Conference on Organometallic Chemistry 2012, Lisbon, Portugal'' adlı konfransın təşkilatçısı idi. Həmin konfransın məhz Portuqaliyada keçirilməsi professor Pombeironun bu sahədə çalışan alimlər arasında olan nüfuzu ilə birbaşa bağlı idi. Konfransın yekununda təqribən 300000 euro pul qalmışdı. Həmin pulla prof. Pombeiro Lissabon Universitetinə yeni X-ray cihazı aldı. Baxmayaraq ki, onun da 2 oğlu, 1 qızı və nəvələri var və onlara da pul lazımdır. Bu hadisə Portuqaliyada ictimailəşmədi çünki bu kimi olaylar normaldır və belə də olmalıdır. Əlbəttə, yaxın gələcəkdə bizim ölkəmizdə də durumun bu məcrada dəyişəcəyinə ümid edirəm. Ancaq hazırda bu işdə ilk addımı atanlardan olduğu üçün Rafiq müəllimə dərin təşəkkür edirik.
 
Əlavə olaraq  Rafiq müəllimdən bir xahişim olacaqdı. “Lütfi Zadə Azərbaycan üçün nə edib?”-sualına tutarlı cavab versin. Lütfi Zadənin miras sahiblərindən biri olması, vaxtilə elmi əməkdaşlıq etmələri onun buna haqqının çatdığının sübutudur. Rafiq müəllim Lütfi Zadənin Azərbaycana, Azərbaycan elminə verdiyi töhfələri insanlara sadə dildə izah etməlidir. (Baxmayaraq ki, artıq gecdir.)”
 
Elmin Nuri

Загрузка...
Загрузка...