"Radikal islamçıların müxalifətin mitinqlərində iştirak etməsi Qərb xüsusi xidmət orqanlarının sifarişidir" — Politoloq

 
Son iki həftə ölkə müxalifətinin fəallığı ilə yadda qaldı.
 
Milli Şura 11 və 17 sentyabr, Müsavat Partiyası isə 18 sentyabr tarixlərində mitinqlər keçirdi. Mitinqlərdən sonra ən çox müzakirə olunan məsələ isə mitinqlərdə dini şüarların səsləndirilməsi, mitinqdən sonra isə polisin mitinq iştirakçılarını saxlaması oldu. Mitinqlərdə bir qayda olaraq illərdir səsləndirilən şüarlar, illərdir söylənən eyni fikirlər səsləndirildi.
 
Müxalifətin hazırkı durumu, mitinqlər, dini cəryanların müxalifətin içərisinə sızması və yeni dönəm AXCP-Müsavat münasibətləri barədə politoloq Elşən Manafov Ölkə.Az-a danışıb:
 
"Əslində Əbülfəz Elçibəyin sağlığında belə Müsavat Partiyası ilə AXCP arasında kifayət qədər gərginlik var idi. Ümumiyyətlə bu iki siyasi partiyanın münasibətlərinin özlərinə məxsus tarixi var. Tarixi təcrübədən çıxış etdikdə məlum olur ki, hər iki partiya zaman-zaman müxalifətin avanqardı statusunda özünü görürdü. Əslində hər iki partiya ana müxalifət olmaqda iddialı olduqlarını bəyan edirdi.
 
Son bir həftə ərzində keçirilən mitinqlər göstərdi ki, radikal müxalifətin və yaxud müxalifətin məlum qanadının ciddi sosial bazası yoxdur. Milli Şuranın təşkil etdiyi hər iki mitinqə Qərbin xüsusi xidmət orqanlarının, ABŞ, Kanada, Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin etdiyi jest, maliyyə dəstəyinə, bu və ya digər siyasi dəstək göstərmələrinə baxmayaraq ölkənin narazı elektoratının əhəmiyyətli hissəsi bu mitinqlərə qoşulmadı. Etiraf edək ki, son bir neçə ildə manatın bir neçə dəfə devalvasiyaya uğraması, ölkədə kredit borcu olan vətəndaşların hakimiyyətin sosial iqtisadi islahatından olan narazılığı, ölkədə əhalinin maddi durumunun müəyyən dərəcədə ağırlaşması, neftin satışından əldə edilən gəlirlərin əhəmiyyətli dərəcədə aşağı düşməsi narazı insanların sayını artırıb. Ölkədə iqtidar qeyri-neft sektorunun inkişafına əhəmiyyət verməyə başlayıb. Xüsusi ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar alqışa layiqdir. Əsas diqqət ölkənin ərzaq təhlükəsizliyinə yönəlib. Bununla belə ölkədə hakimiyyətin siyasi kursundan narazı elektoratın sayı müəyən mənada artıb. Bu mitinqlərə qoşulan insanların sayı ilə ölçülən rəqəm deyil. Buna baxmayaraq narazı ellektorat Milli Şuranın təşkil etdiyi mitinqlərə qoşulmadı".
 
Politoloq narazı elektoratın mitinqlərə qoşulmamasına belə aydınlıq gətirdi:
 
"Hakimiyyətin həyata keçirdiyi siyasi kursa münasibətdə müxalif oluqlarını bəyan edən bu siyasi qüvvələr sadəcə hakimiyyətin sosial-iqtisadi siyasətini tənqid etdikləri halda, özləri alternativ proqramlar, təkliflər irəli sürmürlər. Halbuki, müxalifətin əsas borcu və missiyası hakimiyyətə münasibətdə məhz alternativ proqrama malik olması ilə seçilmək və bu mənada narazı elektoratı öz tərəfinə çəkmək istəyindən irəli gəlir. Mitinqlərdə biz bunu görmədik.
 
Mitinqdə səslənən şüarlar 90-cı illərdən qalmış, vaxtı keçmiş şüarlar idi. Səsləndirilən şüarların ölkədə keçiriləcək olan referenduma ciddi aidiyyatı yox idi. Referendum islahatları dövlət idarəçiliyi ilə bağlı təkmilləşdirməni özündə ehtiva edirsə, müxalifətin məlum qanadı "monarxiyaya yox" şüarları səsləndirir. Müxalifətin bu məlum qanadının və funksionerlərin diqqətinə çatdırmaq istərdim ki, onların vacib bildikləri və dəfələrlə bəyan etdikləri Avropaya inteqrasi ilə bağlı məsələlər dövlətçiliyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Avropanın özünün tarixi, siyasi, hüquqi təcrübəsindən çıxış etsək, Avropada monarxiya dövlət idarəçilik institutunun olduğu, monarxiya idarəçilik prinsipinə malik olan kifayət qədər dövlətlər var ki, o dövlətlər dünyanın insan haqları, əhalinin rifahının yaxşılaşdırılması baxımından, dövlətlərin beynəlxalq sistemində öz yeri və statusu baxımından kifayət qədər ciddi və önəmli dövlətlərdir. Misal üçün Böyük Britaniya, Belçika, İsveç, İspaniya və digər dövlətlərin adını çəkmək olar. Monarxiyanın olması dövlət idarəçiliyinin respublikadan bir addım geridə olması demək deyil. Referendum bütün hallarda dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur və vaxtın, zamanın tələbindən irəli gəlir. Çox təəssüf ki, radikal müxalifət bu məsələlərin mahiyyətinə vara bilmir.
 
Mitinqlərdə İslamçı şüarların səsləndirilməsinə münasibət bildirən Elşən Manafov qeyd etdi ki, İslamın radikal kəsiminin mitinqlərə cəlb edilməsi dünyada baş verən, xüsusi ilə Azərbaycana yaxın olan regionda baş verən proseslər baxımından da, müxalifətin konyuktiv maraqları anlaşılandır:
 
"Radikal islamçıların müxalifət mitinqlərində iştirak etməsi eyni zamanda Qərb xüsusi xidmət orqanlarının sifarişidir. Müxalifət isə radikal islamçıları öz yanına çəkməklə öz tərəfdarlarının sayını artırmaq istəyir. Halbuki, ölkədə əhalinin böyük hissəsi tolerantlıq baxımından fərqli mövqelər nümayiş etdirir. Azərbaycan əhalisinin böyük əksəriyyətini şiələr təşkil edir. Ölkədə əhalinin böyük əksəriyyəti tolerantdır. Müxalifətin bu qanadını radikal islamçılara tərəf istiqamətləndirən Qərbin xüsusi xidmət orqanlarının Azərbaycanda sabitliyi pozmaq cəhdi öz səmərəsini verməyəcək. Çünki Azərbaycanda Nardaran amilini çıxmaq şərti ilə radikal islam yox dərəcəsindədir.
 
Hakimiyyət bu mitinqləri keçirməklə ölkənin narazı elektoratına, o cümlədən onların siyasi kursunu dəstəkləyən insanlara bildirdi ki, buyurun baxın, müxalifətin sosial bazası budur. Sosial baza 5 min nəfərdən yuxarı deyil. Müsavat Partiyasının son mitinqinə çox az adam qatılmışdı. Müsavat Partiyası bir əsirlik partiyadır. Müsavat Partiyasının özünə yeni nəfəs, yeni simalar lazımdır.
 
Sivil müxalifətə aid ola biləcək məkandakı boşluğu Qərbin xüsusi xidmət orqanları "siyasiləşmiş İslam" adı altında doldurmağa cəhd göstərir. Bu da ölkənin milli təhlükəsizliyi baxımından narahatlıq doğurmaya bilməz.
 
Müsavat Partiyası və AXCP arasındakı münasibətlərə gəldikdə isə politoloq qeyd etdi ki, bu münasibətlərdə mənəmlik iddiası, bu münasibətlərdə Qərb tərəfindən ayrılan qrantlara kimin sahib olması məsələsi önəmli əhəmiyyət kəsb edir.
 
"Qərbin ayırmaq istədiyi vəsait bu iki partiya arasında olan problemlərin əsas səbəbidir. Hər iki partiya sağ mərkəzçi mövqelərdə durmalarına baxmayaraq, onların həyata keçirdiyi kursa baxdıqda ideoloji yönümü, amilləri görmək olmur. O partiyalar siyasi ideoloji kursdan da uzaq düşüblər. Çox maraqlıdır ki, səsləndirdikləri şüarlar da bəzən sol mərkəzçi partiyaların şüarlarıdır. Bu baxımdan son mitinqlərdən sonra müxalifətin məlum qanadının ana müxalifət iddialarına son qoyulmalıdır. Düşünürəm ki, ölkə parlamentində təmsil olunan, ölkənin narazı elektoratını hüquqi baxımdan Azərbaycan parlamentində təmsil edən partiyaların artıq öz sözünü demək, gücünü göstərmək məqamı çatıb. Hakimiyyətə konstruktiv mövqedə duran məhz parlamentdə oturan partiyalardır. Bu partiyalar narazı elektoratı təmsil edirlər, ən azından hüquqi baxımdan bu belədir", dedi.
 
AXCP-nin mitinqində dindarların çoxluq təşkil etməsi, ancaq Müsavat Partiyasının mitinqində dindarlara rast gəlinməməsinə münasibət bildirən politoloq Elşən Manafov bildirdi ki, ölkədəki siyasi prosesləri izləyən Qərbin xüsusi xidmət orqanları var. Müsavat Partiyasının AXCP-yə nisbətdə hakimiyyətə loyal və konstruktiv olmasıdır.
 
Politoloq: "Hətta əhali arasında da belə bir ictimai rəy formalaşıb ki, Müsavat Partiyası hakimiyyətlə hansısa seperat danışıqlarına gedib. Qərbin xüsusi xidmət orqanlarının, o cümlədən Azərbaycanda marağı olan dövlətlərin də diqqətindən bu amil yayınmayıb. Hər halda ictimai fikirdə bunun manipulyasiyasına onlar nail oldular. Təbii ki, Müsavat Partiyasının öz mövqeyi, öz siyasi xətti var. Ümumiyyətlə, Müsavat Partiyasını hakimiyyətlə hər hansısa bir seperat danışıqlara getməkdə ittiham etmirəm. Bununla bağlı əlimdə heç bir fakt da yoxdur. Müsavat Partiyasının mövqeyinə, siyasi kursuna həmişə hörmətlə yanaşmışam. Bugünki Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin bəyan etdiyi müsavatçılıq prinsiplərindən, iddialarından uzaq düşüb. Müsavat Partiyasının özündə də ciddi kadr islahatlarına ehtiyac var. Qubad İbadoğlu ilə Arif Hacılı arasında baş verən problemlərdən sonra Müsavat Partiyası narazı elektoratlar arasında nüfuzunu itirdi. İsa Qəmbər başqan olmasa da, Müsavat Partiyasının lideri olmaqda qalmaqdadır. Müsavat Partiyasında ciddi kadr və hüquqi islahata ehtiyac var. Əks halda Müsavat Partiyası əvvəlki imicini bərpa edə bilməyəcək", - deyib.