"Radikal cərəyanlar Azərbaycan ordusunda..." — Hərbi ekspert

 
Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra bəzi KİV-lər Azərbaycan Silahlı Qüvvələrində də radikal cərəyanların ola biləcəyi haqda informasiyalar yayıb.
 
Məsələ barədə Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bildirib ki, “Nurçular” və ya digər radikal cərəyanların Silahlı Qüvvələrimizə təsir göstərməsi istisna edilir və bunun üçün heç bir zəmin yoxdur.
 
Bununla bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:
 
"Azərbaycan silahlı qüvvələrində heç bir narahatçılığa əsas yoxdur. Türkiyə ilə bağlı məsələdə araşdırmalar aparıldıqca öz varlığım qədər əminəm ki, həbs edilən general və polkovniklərin böyük hissəsi bəraət alacaqlar.
 
Bir qrup hərbçinin etdiyinə görə, Türkiyə ordusunun illərdir, zəhmətlə qazanılmış nüfuzuna zərbə vurulmamalıdır. Türkiyə ordusuna dəyən zərbənin bir ucu da Azərbaycan silahlı qüvvələrinə dəyir. Azərbaycan silahlı qüvvələrində xidmət edən, əvvəllər Türkiyədə təhsil almış insanlar inanmıram ki, min kilometrlərlə uzaqda yaşayan birinin təsiri altına düşsün.
 
Azərbaycan silahlı qüvvələrində bu tip insanlar ola bilməz. Dövlət Təhlükəsizlik Xidməti, Hərbi Əks-kəşfiyyat və keçmiş MTN bu məsələləri çox ciddi nəzarətdə saxlayırdı. Buna görə də, heç bir narahatçılığa əsas yoxdur.
 
Bu gün Türkiyə Silahlı qüvvələrinə qarşı yanaşma hər kəsi narahat edir. İllərlə oturuşmuş bəzi sistemlər ləğv olunur. Bu da Türkiyə ordusunun imicinin aşağı düşməsinə gətirib çıxarır. Sonra o nüfuzu, gücü bərpa etmək çətin olacaq.
 
Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusundan çox şeylər öyrənir, öyrənməyə də davam edəcək. Türkiyə ordusununun əhəmiyyəti Azərbaycan üçün çox böyükdür.