“Qurdlar Vadisi”nin “Feller”i yenidən gündəmdə - Şok fikirlər

Baxış sayı: 
185
0  
0  

 
 
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov amerikalı yazıçı və siyasi analitik, islam ekstremizmi mövzusunda ixtisaslaşan Qraham Fullerin İranla bağlı son “İran-uçurum astanasında?” (Iran-On The Brink?) məqaləsini şərh edib.
 
Teleqraf.com-un məlumatına görə, F.Çıraqov bildirib ki, məqaləni maraqlı və vacib edən onun müəllifi və irəli sürülən fikirlərdir:
 
“Məqalənin müəllifi o Fullerdi ki, onun haqqında Türkiyədə çoxlu konspirasiyalar quraşdırılıb, hətta məşhur “Qurdlar Vadisi Pusu” serialında Aron Feller obrazında prototipi yaradılıb. Məqalədə Yaxın Şərq üzrə mühüm ekspertlərdən biri hesab edilən və Mərkəzi Kəşfiyyat İdarəsi zabiti Fullerin ABŞ-da, ümumiyyətlə, Qərbdə ekspertlər və elmi dairələr içərisində İrana ümumi münasibəti çox gözəl, nümunəvi formada əks edilib”.
 
F.Çıraqovun fikrincə, məqalənin meydana çıxması zamanı da təsadüfi deyil və maraqlıdır:
 
“Donald Tramp hakimiyyətə gələndən İrana qarşı siyasəti sərtləşdirməyə və Barak Obama zamanında imzalanmış nüvə sazişini ləğv etməyə cəhd edirdi. Bu mövzu ətrafında ABŞ-da hələ də ciddi siyasi mübarizə getməkdədir. Ancaq ölkə daxilində liberalların və avropalıların təzyiqi ilə Tramp hələ də istədiyinə nail ola bilmir. İrandakı son sosial iğtişaşlardan sonra Tramp administrasiyası yenidən fürsət gördü və fəallaşmaq istədi, yenə də alınmadı. Ona görə də Qraham Fullerin bu zamanda fikrini və mövqeyini ifadə etməsi həm çox maraqlı, həm də təsir gücünə malikdir”.
 
SAM əməkdaşı bildirib ki, Fullerin məqalədə başlıca mesajı hazırkı administrasiyanı İrana qarşı aqressiv siyasətdən əl çəkməyə çağırmaqdan, digər ölkələrdə kimi bu ölkəyə münasibətdə də uğursuz və yanlış “demokratiya ixrac etmək” siyasətindən çəkinməyə səsləməkdən ibarətdir:
 
“Müəllif İranı Səddam İraqı və digər ölkələrlə eyniləşdirməməyi vurğulayır, İranla müharibənin uğursuz olacağını, İran xalqının güclü dirəniş gücünə və qeyri-ənənəvi müharibə aparmaq potensialına malik olduğunu göstərir. Əslində əsas məqam yuxarıda müharibə əleyhinə səslənən arqumentlər deyil. Həmin arqumentlərin hansı tonda və fonda verilməsidir. Fuller bunu Qərbdəki əksər Yaxın Şərq və İran üzrə liberal-sol düşüncəli intellektuallar və ekspertlər kimi böyük simpatiya və heyranlıqla təqdim edib. Mənim yadıma Buşun İranı “şər oxu”na daxil etməsindən və 2009-2012-ci illərdə İrana qarşı müharibə ehtimalının fəal müzakirə edilməyə başlayandan sonra Qərbdəki intellektualların İranı müdafiə edən məqalələri düşdü. Xüsusilə, 2012-ci ildə beynəlxalq münasibətlər nəzəriyyəsi sahəsində mogikan hesab edilən, kitablarından dərslik kimi istifadə edilən mərhum Kennet Valtsın “Foreign Affairs” jurnalında yazdığı “Niyə İranın nüvə silahı olmalıdır” adlı məqaləsi yadıma düşdü”.
 
F.Çıraqov qeyd edib ki, Qərbin liberal intellektualları arasında İrana böyük simpatiya və rəğbət var:
 
“Fullerin məqaləsi həmin rəğbətin köklərini və səbəblərini anlamaq üçün çox yaxşı vəsaitdir. Fullerin İrana qarşı müharibədən çəkindirmək üçün irəli sürdüyü və demək olar ki, Qərb liberalları tərəfindən qəbul edilən və müxtəlif formalarda səsləndirilən əsas arqument İranda Yaxın Şərqin digər monarxik rejimlərindən fərqli olaraq demokratiyanın və onun institutlarının olmasıdır. Fullerə görə, ali dini rəhbərin ümumi hakimiyyəti ilə məhdudlaşsa da, İranda azad seçkilər, hakimiyyətin müxtəlif qolları və seçki debatlarında tənqidlər var. Yaxın Şərqin ərəb monarxiyalarında bunların heç biri yoxdur. Barak Obama dövründə müdafiə naziri Çak Hagel də vaxtilə bunu demişdi. Məhz buna görə onun müdafiə naziri vəzifəsi Konqresdə müzakirə edilərkən respublikaçılar onu yaş yuyub, quru sərmişdilər.
 
Fullerə görə, İran modernləşmə və demokratiya yolunda olan və təkamül edən ölkədir, o, gec-tez demokratik və modern ölkə olacaq. Yaxın Şərqin ərəb monarxiyaları məhz buna görə İranı özləri üçün təhdid kimi görür və ABŞ-ı da öz düşmənçiliklərində alətə çevirməyə çalışırlar. Müəllifin fikrincə, ABŞ bundan çəkinməli, İranın demokratiya və modernləşmə yolundakı təkamülünə mane olmamalı, əksinə əməkdaşlıq etməyə çalışmalıdır. Fuller də digər liberallar kimi bunun əksinə Yaxın Şərqdə başlıca problemin Səudiyyə Ərəbistanı olduğunu göstərir.
 
Məqalədə ən maraqlı məqamlardan birinin İranın ideologiyasının inqilabi xarakterli olması ifadəsinin kursorla xüsusi seçilməsidir. Bu ifadənin altında böyük intellektual məna yükü yatır, Qərb elmində Mişel Fuko kimi şəxsiyyətin İran inqilabı haqqında fikirləri ona görə təsadüfən seçilməyib. Və bu fikirlər sözsüz ki, Qərbdə İrana olan rəğbətin əsas mənbələrindən biridir”.
 
F.Çıraqovun fikrincə, İrana rəğbətin əsas səbəblərindən biri isə təbii ki, onun qədim Hind-Avropa və ya Ari sivilizasiyasının mühüm parçası və ya hissəsi hesab olunmasıdır:
 
“Ari irqi və sivilizasiyası məsələsi Adolf Hitlerin vaxtında cinayətlərə və dünya müharibəsinə gətirdiyinə görə indi onun haqqında Qərbdə açıq şəkildə danışılmır. Amma Qərbin intellektual və kulturoloji düşüncəsinin bir hissəsində o, dərin köklərdədir. O, aqressiv formada təzahür etməsə də, hələ də mövcuddur. 1925-ci ildə türk qacarlar sülaləsini fars pəhləvi sülaləsi əvəz etdikdən sonra İran dünya ölkələrinə rəsmi müraciət edərək özünü rəsmi olaraq Persia deyil, İran adlandırmağı xahiş etdi. İran ariyan sözündəndir və heç də təsadüfi deyil.
 
İran və onun mədəniyyəti Qərbdə onu məhv etməyə çalışan “aşağı mədəniyyətli aqressiv barbar və köçəri qövmlərin” hücumlarına məruz qalan tərəf kimi nəzərdən keçirilir. Onlara görə, bu mədəniyyət və intellektual miras kənar təsirlərə və dəyişikliklərə məruz qalsa da, bu günə qədər gəlib çıxıbdır. Onların fikrincə, İran barbarların hücumlarına həmişə öz mədəniyyəti ilə qalib gələ bilib, kənar təsirləri öz böyük mədəniyyəti ilə assimilyasiya edə bilib. Qərb intellektual fikrində İranın keçdiyi bütün tarixi yol bir ardıcıllıqda və kontiniumda görülür. Din də bir çoxları üçün inanc anlayışı olduğu halda, Qərbin ateist-materialist düşüncəsində mədəni və ya kulturoloji fenomendir.
 
İslam Ərəbistan yarımadasında meydana çıxsa da, istər sünnilərin, istərsə də şiələrin intellektual fundamentində farslar mühüm rol oynadılar. Bura Tirmizi, əl-Buxaridən tutmuş digərlərinədək çoxlarını aid etmək olar. Şiələr üçün böyük müqəddəs şəxsiyyət İmam Hüseynin arvadı sonuncu Sasani hökmdarı III Yezdəgirdin qızı Şahrbanu idi. Səlcuqlar İranı və bölgəni işğal edəndən sonra fars Nizam-ül-mülkün timsalında onlar dövlət aparatında əsas güc oldular, fars dili dövlət yazışması dili oldu. Bütün bu faktlardan sonra İran Qərbdə ari sivilizasiyasının mühüm mərkəzi, onun tarixi intellektual mirası və qüdrəti kimi görülür. Yeri gəlmişkən, ari məsələsini ermənilər də Qərbdə istifadə etməyə çalışırlar. İran və fars mədəniyyətinin üstünlüyü məsələsi orta əsr ədəbiyyatında əks olunub. Elə Əbülqasim Firdovsinin “Şahnamə”sini və Əmir Teymurun onun qəbri üstündə dedikləri barədə hekayəni yada salaq. Ayrı-ayrı türk hökmdarları orta əsrlərdə fars dili və mədəniyyətinə dirəniş göstərmək istəyib. Məsələn, Şah İsmayıl kimi… Ancaq uzaq perspektivdə yenə də uduzublar. İndi biz Qərb intellektual dairələrində inandıra bilmirik ki, Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular türk dövlətləridir, İranı XX əsrin əvvəlinə kimi türk sülaləsi idarə edib. Ona görə inandıra bilmirik ki, onlar öz mənbələrində bu əraziləri Persia adlandırır və xəritələri elə çəkirdilər. Göndərdikləri səfirlər də saraylarda danışıqları farsca aparırdı. Nəinki bizim hökmdarlar, elə Osmanlı sultanları da fars dilində divan bağlamaqla bir-birləri ilə yarışırdılar”.
 
Qeyd edək ki, Q.Fuller 1937-ci ildə doğulub. O, Harvard Universitetində bakalavr, Yaxın Şərq və rusistika üzrə magistratura təhsili alıb. ABŞ Milli Kəşfiyyat Şurası sədrinin keçmiş müavinidir. Həmçinin, Mərkəzi Kəşfiyyat İdarəsinin Kabildəki bölməsində əsas rezident kimi fəaliyyət göstərib. Onun MKİ-yə yolladığı qeyd 1986-cı ildə “İran-kontras” əməliyyatının keçirilməsi üçün əsas instrumentlərdən biri olub. MKİ-də 27 il xidmət etdikdən sonra Q.Fuller RAND korporasiyasında Yaxın Şərq üzrə mütəxəssis vəzifəsinə təyinat alıb. 2006-cı ildən etibarən Vankuverdəki Saymon Freyzer Universitetində professor vəzifəsində çalışır.
 
Analitiklərin ABŞ-ın “dərin dövlət adamı” kimi xarakterizə etdikləri, İsraillə çox möhkəm və birbaşa əlaqələri olan Q.Fullerin “Qurdlar Vadisi Pusu” serialındakı Aron Feller olduğu iddia edilir.
 
Müəllif: Səxavət Həmid

Загрузка...
Загрузка...