Qürbətdəki gerçəkliklər və Azərbaycandakı avtoritar düzən

Ürəklərə süzülən həzin göz yaşları

Qürbət ellərdə yaşamaq zorunda qalan soydaşlarımızın çoxu taleyin axarı ilə üzü küləyə doğru məcburi şəkildə insan kimi yaşamaq və normal həyat düzəni üçün illərini yola verirlər. Nə üçün?.. Nəyə görə?… Nədən ötrü?… Sualların sayı elə onların sayı qədərdir. Bu dünyada kimsə isti yuvasını, vətənini, yurdunu taleyin acı gerçəkliklərinin ümidlərinə buraxaraq tərk etmə kimi anlamsız dəyərlərə üz tutmaz. Uzaq qürbət ellərə üz tutmaq məcburuyyətində qalaraq, ürəyinin lap dərin guşəsində həyatının hər anını ailəsi, doğmaları və vətəni üçün, minbir əzablara və əziyyətlərə qatlaşan hər bir soydaşımız bu dünyanın adsız qəhrəmanı sayılır. Çünki, onlar dişi və dırnağı ilə yaşamaq uğrunda mücadilə adlı möhtəşəm dəyərlərlə sahib olmağı bacaran insanlardırlar. Onların ilk qübrət illərində çörəkləri sanki aslan ağzından cıxar… Qərbi Avropa və Rusiyaya pənah aparmış soydaşlarımızın fərqli yaşamları var. Avropaya mühacirət etmiş və qürbətdə gecəsini-gündüzünü min bir əziyyətə qatlaşaraq iş qurub pul qazanın ailəsinə, doğmalarına və qohumlarına yardım edən soydaslarımızla yanaşı, əsas coxluq təmbəl, müfəxorluğa öyrənmiş, rahat yaşamaq ücün min bir yalan və əfsanələr uyduran və Azərbaycanda vaxtilə imkanlı ailələrdə doğulub böyümüş, sonradan iflasa uğramıs soydaşlarımızdan ibarət olduğu halda, Rusiyaya pənah aparmağa məcbur olmuş qürbətçilərimizin çoxu Azərbaycandakı ən kasıb ailələrdən çıxmış insanlardır. Onlar vətəndə bir tikə çörəyə möhtac adlı cəlladın əlindən baş götürüb uzaqlara getməyə məcbur olublar. Ancaq, bütün hallarda qürbətçilərimizin hamısı müxləlif səbəblərdən, əzab-əziyyətlərdən bezərək muhacirət ediblər. Söhbətimiz Rusiyada yasayan və taleyin müxtəlif səbəblərindən bu ölkədə həyat mücadiləsi verən soydaşlarımızdan olacaq. Bu ölkəyə pənah aparan soydaşlarımızın çoxu ailəsinin adı ehtiyaclarını ödəmək, ölkədəki qəddar rejimin fəsadlarını görməmək, qanunsuzluğa dözməmək və kişi kimi başı dik, alnıaçıq bir həyat diləyi ilə üz tutublar. Bütün bunlar azmış kimi, qürbət ellərdə də soydaşlarımızın hər anında acı həyat tərzi onları öz ağuşuna alır. Onlar ildə azından bir dəfə doğmalarını görmək üçün vətənə dönəndə “Azərbaycan gömrüyu” adlı vicdansızlıq əjdahasının qanunsuzluqları ilə üzləşirlər. Məlul-məlul gömrük sallaqxanasının məmurlarını sadəcə seyr etməklə, ürəklərində onlara dünyanın ən amansız nələtlərini yağdırırlar. Qürbətçilərimizin gözlərinə hopmuş acılar beləcə sərhəd tikanlarına dikilsə də, onların göz yaşları yanaqlarına deyil, ürəklərinə süzülür. Dünyada heç bir xalqın bunca ürəyə süzülən göz yaşlarına rast gəlinməz. Dünyada oz millətinə qarşı bunca qəddarlıqla davranan gömrükçülərə də rast gəlməzsiniz.
Məhəlli düşüncənin bəlası
Bu gün Rusiyada, özəlliklə də onun başkəndi Moskvada soydaşlarımız öz istedadları və bacarıqları ilə çoxsaylı gəlir mənbələrini yaradıblar. Onların daha çox ictimai-iaşə üzrə bizneslərinin tabloları belə, bir yandan qürurverici olsa da, digər yandan məhəlli vətən anlayışı milli bütünlüyümüzə qarşı saplanmış bir acı gerçəklikdir. Rusiyada demək olar ki, restoranların əksəriyyəti azərbaycanlılara və Azərbaycan yəhudilərinə məxsusdur. Çox təəssüflər olsun ki, nə azərbaycanlıların, nə də Azərbaycan yəhudilərinin heç birinin sənaye və istesal sahələri yoxdur. Yalnız ticarət və iaşə obyektlərini çalışdırırlar. Hər kəs Azərbaycanda mənsub olduğu kəndin, qəsəbənin və rayonun adını qürbətdə əbədiləşdirmək üçün öz obyektinə həmin adları əta edib. Təkcə Naxçıvan Muxtar Respublikasına məxsus yer adlarına rast gəlinmir. Bunun da tək səbəbkarı Naxçıvan MR-dən çıxmış vətəndaşların Rusiyada saylarının digər bölgələrimizdən fərqli olaraq çox az olmasıdır. Ona görə ki, “kiçik torpağ”ın sakinlərinin əksəriyyəti Azərbaycanda hökm sürən traybalizm və rüşvətxor rejiminin orta və ali məmurlar ordusunu təmsil edirlər. Biz sadə və həyatı boyu halal çörək qazanan naxçıvanlılara qarşı deyilik. Onlar da digər bölgələrdə insanların çəkdikləri məşəqqətli taleyi yaşamaq zorundadırlar. Traybalizmə, tayfaçılığa, bölgəçiliyə, ölkədə əksər vəzifələri mənimsəmiş etnik kökəncə kürd-erməni qarışıqlığı olan “azərbaycanlı” məmurların əmr quluna dönməkdən imtina etdikləri ücün, hamıdan daha çox əziyyət çəkən naxçıvanlılar da az deyil. Bundan əlavə Naxçıvan MR-in “sahibi əz zamanı” və “xan” ayaması ilə tanınan milli mənsubiyyəti şübhəli olan Vasif Talıbovun bölgədə yaratdığı “Pol Pot rejimi” və ya “Qırmızı Kxmerlər” siyasətinin XXI yüzildə antibəşəri və insanlıq əleyhində olan rejimin qurbanına çevrilən naxçıvanlıların səsi-harayı heç Ulu Yaradana belə çatmır. O biri yandan Dövlət Diaspor Komitəsinin sədri, etnik mənşəyi şübhəli Nazim İbrahimovun “nehrəmşünaslıq” siyasəti də qürbətçi soydaşlarımıza qarşı çevrilib. Bu bəlanın ucbatından soydaşlarımız məhəlli mənada milli birliyimizi bölən bu ucuz siyasətin qurbanlarına çevriliblər. Hər bölgənin insanları sadəcə özlərinin orta əsrlərdə olduğu kimi geridə qalmış feodal düşüncə tərzinin bəlasını yaşatmağa üz tutub. Milli şüur faktiki olaraq Azərbaycanda mövcud deyil. Bütün dövlət strukturarında yerləşmiş kürd-erməni qarışıqlığı “yeni azərbaycanli” məmurlar ölkəni və millətimizi bölgələrə, kənd və qəsəbələrə bölərək, heç nədən acımadan qarət etməkdədirlər.

Gömrükxanamız və soyğunçuluğun anatomiyası

Qürbətdə yaşayan əksər yurdsevər soydaşlarımız vətənlə iqtisadi və ticarət əlaqələrini yaratmaqda maraqlı olsalar da,rəhbəri guya Aydın Əliyev olsa da, əslində Azərbaycan Gömrüyü “bozbaş mahnılar”ın bəstəkarı kimi tanınan Kəmaləddin Heydərovun olduğunu uşaqdan tutmus böyüyə hamı bilir. Heydərov adlı “gömrükbaşı”nın apardığı siyasətin iyrəncliyi ucbatından yurdsevər işadamı olan soydaşlarımızın bütün təşəbbüsləri boşa çıxır. Çünki, “Kəmaləddin Heydərov adına Azərbaycan gömrükxana”sı erməni vandallarının belə, ağlına gəlməyən talançılıq siyasətini yürüdür. Ölkəmizə gətirilən hər yükdən qat-qat artığına rüşvət, bac-xərac tələb olunur. Hətta gömrükxanamızın töycü yığanları da var. Onların çoxu Kamaləddin Heydərovun Dövlət Gömrük Xidmətinin rəisi işlədiyi dönəmdə özlərinə burada əməlli başlı yuva salıblar. Bir vaxtlar bazarlarda tuman və digər alt geyimlər satan alverçilər indi Kamaləddin Heydərovun kəraməti sayəsində yuksək çinli gömrükçülərə çevriliblər. Həmin qruplaşmanın adı isə belədir: “Nehrəmlilər, naxçıvanlılar və şərurlular”. Azərbaycanın gömrük sistemində, giriş-çıxışında xüsusi şəkildə qeyri-rəsmi töycüyığma əməliyyatlarını həyata keçirirlər. Beləliklə də hər gün sıravi vətəndaşlarımız bu qəddar komitənin yırtıcı töycüyığanlarının əlindən üsyan püskürürlər. 5 min dollara alınmış maşın üçün 12 min dollar rüşvət tələb olunur. Bu qanunsuzluğa Afrikanın cəngəlliklərində rast gəlinməz. Qanunla MDB məkanı ilə ərzaq ticarətində vergi rüsumu tutulmadığı halda, neçə illərdir soydaşlarımızdan ikiqat vergi tutulur. Çünki, monopolist oliqarxlar belə istəyirlər. Bu gun Avropa mağazalarında keçmiş Sovetlər Birliyini təmsil edən respublikaların istehsal etdiyi mallara rast gəlmək adi haldır. Təkcə Azərbaycan istehsalı olan məhsuldan basqa. Hər bir ölkədən mal çıxaran işadamı öz dövlətindən əlavə maddi mənfəət götürdüyü halda, Azərbaycandan adicə meyvəni, narı, xurmanı belə çıxarmaq üçün təşəbbüs göstərsən Kəmaləddin Heydərvun töycüyığanlarına külli miqdarda pul, ənam və bəxşeyiş ödəməlisən. Ona görə də qiymət baxımından Azərbaycan mallarının astarı üzündən baha olur. Bunu Azərbaycanda dövlət rəhbərləri bimirmi? Necə olur ki, 26 ildir qürbətdə yaşayan sadə bir soydaşınız olan mən, Azərbaycan gömrüyündə baş verənləri görüb bilir, ölkəmizin rəhbərliyinin bundan xəbəri yoxdur? …

Soydaşlarımızın şikayətini dinləyən yox

Qürbətdə yaşayan soydaşlarımızın problemləri, insani haqları ilə bağlı demək olar ki, əksər səfirliklərimiz maraqlanmırlar. Diaspor Komitəsinin sədri Nazim İbrahimovun dəstək verdiyi bir sıra insanlar və onlara bağlı olan diaspor təşkilatlarının üzvlərinin isə hər hansı bir sorunları olmur. Çünki, həmin insanlar Nazim İbrahimovun “taxta-şalban” biznesinin ortağı, ya da onun yaxın adamlarıdırlar. Nazim Ibrahimova yaxın adamların çoxunun ölkənin yüksək orden və medalları ilə təltif edilməsi isə, əslində Azərbaycan üçün təmənnasız çalışan yurdsevər və fəal soydaslarımızı mənən sındırmaq məqsədi kimi güdülən bir siyasətdir. Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belorus və başqa ölkələrdə yaşayan imkanlı işadamı kimi tanınan soydaşlarımızdan soruşduqda “nədən ölkəmizdə gözəl məkanı olan təbiət guşələrində turizmin inkişafı üçün yatırımlar qoymursunuz?” onların tək cavabı budur: “Dünyanın heç bir ölkəsində dəniz sahili, meşələr, göllərin ətrafı, hətta dağlıq ərazilər hündür hasarlarla əhatələnməyib. Bu neqativ hala sadəcə Azərbaycanda rast gəlinir”. Moskvada yaşayan və uzun illərdən sonra külli miqdarda pulla vətənə dönən və əslən Göyçaydan olan iş adamı kimi tanınan biri iki ildən sonra anadangəlmə lüt şəkildə yenidən Moskvaya dönmək zorunda qaldı. Onun danışdığı həqiqətdolu dəhşətləri yaxın günlərdə dəyərli oxucularımız sizlərin ixtiyarınıza təqdim edəcəyik. Ölkə başçısı qürbətçi işadamlarımızı ölkəyə sərmayə qoymağa dəvət etsə də, heç kim risk edib Azərbaycana sərmayə qoymaq istəmir. Bu gün sanki məmləkətimiz Azərbaycan Türkləri ücün böyük bir zindana çevrilib. Plantator rejiminə bənzər üsul-idarə quldarlıq rejiminin qayda-qanunları ilə müşahidə olunur. Bu baxımdan heç bir işadamımız, hətta ziyalımız belə Azərbaycana geri dönmək istəmir. Elə bu yaxınlarda əslən Şamaxıdan olan bir soydaşımız mənə dedi ki: “Daha bundan sonra şamaxılılara zarafatyana şəkildə “şorik” (şorsatan) deməyəcək”. Ondan soruşdum ki: “Niyə?” Cavabında bildirdi ki: “Şamaxıda adi otlaq yerləri qalmayıb. Hətta qayalıqlar da hasara alınıb. Buna görə də insanlar artıq mal-heyvan saxlamırlar. Belə olduğu təqdirdə şor düzəltmək üçün də imkanlar yoxdur”.
Azərbaycandakı bu qanunsuzluqlara görə yatırımçı işdamı olan soydaşlarımız dəfələrlə şikayətlər etsələr də, heç bir nəticə əldə etməyiblər. Diaspor Komitəsindən emissarlar gələrək Rusiyada fəaliyyət göstərən əsil cəmiyyət rəhbərlərindən tələb edirlər ki, Bakıda dərc olunan qəzetlərə müsahibə verərək guya Diaspor Komitəsindən maddi dəstək alırlar. Bu yalanı deməkdən boyun qaçıran cəmiyyət rəhbərlərinin çoxunun yolu vətənə müxtəlif səbəblərlə bağlanır. Bu rəzalətə razılıq verənlər isə Bakıdakı rəsmi tədbirlərə dəvət olunurlar. Hətta orden- medalla mükafatlandırılırlar. Nazim İbrahimovun yarıtmaz əməllərinə qarşı olanlara ağıllarına gələn ayamaları qoşurlar. Guya Rusiyada “filan təskilat Heydər Əliyev və İlham Əliyev kursuna qarşıdırlar”, müxalifətçidirlər”, hansısa “müxalifət liderinin adamıdırlar” və s… uydurmalar. Bax budur Rusiyada ermənilərin güclü lobbisinə qarşı bizim milli mücadiləmiz. Nazim İbrahimov və onun yaratdigi məhəlli düşüncəyə köklənmiş “Nehrəmlilər” anlayışı bundan ibarətdir. Rusiyada “Azərbaycanlı Gənclər Təskilatı” (AMOR) və “Moskva Vilayəti Azərbaycanlıların Milli Mədəni Muxtariyyatı” təskilatlarının fəaliyyətlərinə mane olmaq gücündə olmasa da, onlara kənardan problemlər yaratmaq taktikası Diaspor Komitəsinin strateji hədəfinə çevrilib. Halbuki, adını çəkdiyimiz hər iki təşkilat istər maddi, istərsə mənəvi baxımdan kimsəyə boyun əyməyərək, yalnız Azərbaycanın milli maraqlarına xidmət edirlər. Bu iki təşkilatda Azərbaycanin bütün bölgələrindən çıxmıs soydaşlarımız təmsil olunurlar. Bu baxımdan qeyri-rəsmi olaraq hər iki təskilat Nazim İbrahimovun “qara siyahi”sında olsa da, onların birliyini poza bilmirlər. Nazim İbrahimovun nəyə və kimə xidmət etdiyini kimsə bu günə kimi təyin edə bilməyib. Elə bu iki təşkilatın ortaya qoyduğu milli iradənin sayəsində Abbas Abbasov kimi antimilli ünsürlər Rusiyada Azərbaycan diasporunun rəhbərliyini məngirləyə bilmədilər. Diasporumuz oyuncaq siyasəti aparanların və Azərbaycan dövlətinə qarşı çıxanların tribunasına çevrilə bilmədi. Bu ağır və dəhşət saçan mübarizədə Nazim İbrahimov və onun rəhbəri olduğu Dövlət Diaspor Komitəsi isə lal, kar və kor olmuşdu.

Payız referendumunun menyüsünə təklif

Bizlər qürbətdə yaşamaq zorunda qalsaq da, daim vətəndə qəbul edilən qərarları və qanunları diqqətlə mütaliə edirik. Faktiki olaraq, son dörd ildə Milli Məclisdə qəbul olunan əksər qanunların sadə insanları necə cərimələmək haqqında olan maddələrin toplusu olması qənaətinə gəlmək mümkündür. Şəxsi avtomobili olanlar bu acıları yaşasalar da, vətəndaşlar demək olar ki, həyatın bütün sahələrində hər an “cərimə olunmaq” kimi qorxusunun altında yaşayırlar. Hətta cərimələr üzrə xüsusi strukturlar və səlahiyyətli orqanlar da mövcuddur. Audit Palatası və Vergilər nazirliyinin insanların başına açdıqları oyunların miqyası dəhşət saçır. Fövqəladə Hallar Nazirliyi tərəfindən özünə adi bir daxma tikən insanlardan tələb olunan rüşvətin miqyası elə o daxmanın dəyərindən üç dəfə bahadır. Sosial şəbəkələrdə məmurların qəsrləri ilə yanaşı qaçqın və Qarabağ Qazilərinin özlərinə tikdikləri ev adlanan daxmaları görəndə insan dəhşətə gəlir. Son bir ayda tələm-tələsik yeni referendum oyunu ortaya atılıb. Əslində Ana Yasamıza (Konstitusiya) ediləcək bütün dəyişikliklər iki hissədən ibarətdir:
1. Şəxsi mülkiyyət,
2. Rejimin ən yüksək məqamında təmsil olunanların qanunla səlahiyyətinin daha da gücləndirilməsi.
Bu dəyişikliklər əslində dolayı yolla Azərbaycanda “KRALİYYƏT” rejiminin rəsmi status qazanması deməkdir. Bu əslində Ana Yasamızın bütün maddələrinə birbaşa tüpürmək deməkdir. Bir həqiqəti örnək kimi göstərmək zorundayıq. Ana Yasanın 1-ci maddəsində qeyd olunur ki: “Azərbaycan Respublikası AXC-nin (Azərbaycan Xalq Cümhuriyyəti) hüquqi varisidir”. Biz AXC-nin qanunlarına istinad etsək, orada açıq şəkildə belə yazılıb: “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili Türk dilidir”. Halbuki, bu iqtidarın 1995-ci ildə yazdığı Konstitusiyada qeyd olunur ki: “Dövlət dili Azərbaycan dilidir”. O zaman sual yaranır ki, hüquqi varis özündən əvvəlki qanunları niyə tanımır? Fikrimizcə sentyabr ayı üçün planlaşdırılan referenduma bu maddələr də əlavə edilsə daha yaxşı olardı:
1. Azərbaycanda bütün vəzifələri məngirləmiş məlum klanlar və traybalizmin xaricində digər regionları təmsil edən vətəndaşlar ölkə hakimiyyətində qismən təmsil olunacaqlar.
2. Milli Məclisə YAP-ın üzvü olmayan vətəndaşların millət vəkili seçilmək hüququ ola bilməz.
3. Yüksək vəzifəli məmurlarla qohumluq əlaqəsi olmayan insanlar heç bir zaman məmur görəvində çalışa bilməz.
4. Ölkədə rəsmi şəkildə kastalar yaradaraq, insanları müxtəlif dərəcələrə bölmək adi bir həyat düzəninə çevirmək qanunla tənzimlənir.
5. YAP nə qədər ki, hakimiyyətdədir, ölkədə hər hansı bir alternativ fikir və düşüncəyə qətiyyən yol verilməməlidir.
6. Diasporu təmsil edən soydaşlarımızın Azərbaycana heç bir bağlılığı ola bilməz.
7. Kasıb ailələrin övladları valideynlərinin aqibətinin yolu ilə getməyə borcludurlar.
8. Ölkədə elm və təhsil “top” və “pop” siyasətindən sonra ən aşağı dərəcəli sahə hesab olunur.
9. Ölkədə yüksək vəzifələri yalnız Naxçıvandan çıxmış kürd-erməni kökənli vətəndaşlar tuta bilər.
10. Gəncə, Şirvan, Qarabağ, Muğan və Mildən çıxmış soydaşlar ölkədə 3-cü dərəcəli vətəndaş sayılırlar. Onların yüksək vəzifələr tutmaları Ana Yasa ilə yasaq edilir.  
Beləcə Azərbaycan bu gedişlə tarixin səyifəsindən silinməyə doğru addımlayır… Dindar olmasam da, içimdə Uca Tanrıya inam var. Bilmirəm Ulu Yaradana haradan və hansı yerdən müraciət etsəm səsimi eşidər. Kilsədənmi, Sineqoqdanmı, Məsciddənmi?… Bilmirəm… Təkcə onu bilirəm ki, artıq Ulu Yaradan Azərbaycandan və məcidlərimizdən çoxdan üz döndərib. Çünki, Azərbaycanda mövcud olan bütün eybəcərlikləriin heç biri məcidlərdən belə yan keçməyib. Ona görə də Ulu Yaradan bu zavallı milləti çoxdan unudaraq onu yırtıcı rejim siyasətini aparanların qurbanlarına çevirib. Ona görə də Azərbaycan amalı və idealını ürəklərində daşıyan insanların heç kimə inamı qalmayıb, hətta Allahın özünə belə…. Deməli bu gedişlə ümidimizi belə Allahdan da üzməliyik….
Elman Mustafazadə,
Avropada “Azərbaycanın Dostları”Cəmiyyətinin sədri
Amsterdam, Moskva, Amsterdam.

 

Загрузка...
Загрузка...