Qürbətdə həmyerlisi tərəfindən öldürülən Düdənginskinin müəmmalı qətli- TARİX

 
 
Moderator.az Cümhuriyyətin 100 illik yubileyi münasibətilə silsilə yazılarına davam edir.
Bu dəfə haqqında danışacağımız şəxs birbaşa Cümhuriyyətlə baölı olmasa da, orada hər hansı vəzifənin daşıyıcısı olmasa da (o zaman buna heç yaşı da çatmazdı) sonradan bu dövlətin qurucuları ilə yaxın dost olur. Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə ilə birlikdə Azərbaycan naminə işlər görüb.
 
Söhbət Azərbaycan legionerlərinin ən fəal üzvü sayılan Əbdürrəhman fətəlibəyli Düdənginskidən gedir:
Naxçıvanın Şərur  rayonunun Düdəngə kəndində anadan olan Əbdürrəhmanın ailəsi nəsilliklə hərbçi idi. Atası Əli bəyi hələ Əbdürrəhman Düdənginski uşaq olarkən rus ordusunun zabitləri qəsdən zəhərləyib öldürüblər. Ağır uşaqlıq illərinə baxmayaraq, Əbdürrəhman bəy öz gücünə yüksək təhsil alır və hərbi akademiyaya qəbul olur. Akademiyanı bitirəndən sonra isə orduya cəlb olunur. II Dünya Müharibəsi zamanı Düdənginski almanlara əsir düşür, digər iddiaya görəsə könüllü olaraq almanlar tərəfinə keçir. Ondan sonra Düdənginskinin əsas işi Almaniyada olan azərbaycanlı əsriləri azad etmək olur. O, Məhəməd Əmin Rəsulzadə ilə birləşərək, əsirlərin hüquqlarının artırılması yönündə iş görür.
 
Düdənginskinin həyat və yaradıcılığı barədə hələlik yeganə  kitab yazan tədqiqatçı Nəsiman Yaqublu qeyd edir ki, onun Rəsulzadə ilə birgə fəaliyyəti öz nəticəsini verir.
 
“1941-ci ildə müharibə başlayanda Düdənginski almanlar tərəfə keçir. Bundan sonra isə onun əsas  mübarizə istiqaməti hərbi əsirlərin azad edilməsi olub. Çünki onun özü də hərbi əsir idi. O dövrdə də bəzi mənbələrdə 40, bəzi mənbələrdə isə 70 minə yaxın azərbaycanlı əsirin olduğu bildirilirdi. Fətəlibəyli də bu əsrilərdən biri olub. Amma tədricən əsirlərin müəyyən qrupuna bəzi imtiyazlar verilməyə başlanıldı. Onları əvvəlcə “xivilər” (yəni köməkçi hissə) adlandırırdılar, sonra isə “legioner” deyilməyə başlandı.
Məhəmməd Əmin Rəsulzadə siyasi, Düdənginski isə hərbi istiqamətdə Azərbaycanın mənafeyi üçün danışıqlar aparırdılar. Bu danışıqların müsbət nəticəsi olaraq azərbaycanlılardan ibarət hərbi hissələrin  yaradılmasına icazə verildi. “Bozqurd”, “İgid”, “Dönməz” batalyonları yaradıldı ki, Düdənginski də o batalyonların komandiri oldu.  Azərbaycan hərbi könüllü birləşmələri çox uğurlu döyüşlər aparmışdılar. Onlar hətta Qafqaza Mazdoka qədər gəlib çıxmışdılar”.
 
Lakin “ikinci cəbhə”nin açılması və SSRİ-yə Qərbin kömək etməsi almanların məğlubiyyətini labüdləşdirir. Almanların artıq məğlub olacağını görən Düdənginski azərbaycanlı legionerləri də ətrafına yığaraq İtaliyaya gedir. Orada da öz siyasi fəaliyyətindən qalmır. Daha sonradan ABŞ-la SSRİ arasında gərginliyin artması Düdənginski və silahdaşlarının yenidən səhnəyə qayıtmasına səbəb olur. Çünki SSRİ-yə soyuq müharibə elan edən ABŞ-a məhz Düdənginski kimi sovet rejiminə nifrət edən səriştəli insanlar lazım idi.
 
N. Yaqublu da bu faktın üstündən keçmir: “Onun üçüncü dəfə Almaniyaya qayıtdığı vaxtda artıq Amerika bu kimi insanlardan sui-istifadə etməyə çalışırdı. Çünki görürdülər ki, bu insanlar hələ də sovet rejiminə qarşı mübarizə aparır. O zaman da artıq ABŞ-la SSRİ arasında münasibət gərginləşmişdi. Bu gərginlik 1948-49-cu illərdə özünün pik nöqtəsinə çatdı. Bu məqamda ABŞ-ın görkəmli siyasətçisi olan Eyzenhauerin başçılığı ilə SSRİ-yə qarşı psixoloji müharibə planı hazırlandı. Bu proqrama Qafqazdan olan başqa hərbi siyasi əsirlərlə yanaşı Fətəlibəyli-Düdənginski də cəlb edildi. 1953-cü ildə “Azadlıq” radiosunun Azərbaycan redaksiyası açıldı və Fətəlibəyli-Düdənginski həmin redaksiyanın baş redaktoru oldu. Maraqlıdır ki, həmin redaksiyada ilk buraxılış Stalinin öldüyü gün, yəni 1953-cü il martın 5-də efirə verildi. 1953-54-cü ildə Düdənginski həmin radioda SSRİ-yə qarşı çox kəskin çıxışlar etdi”.
Almaniyadan edilən bu çıxışlar  rəsmi SSRİ-ni narahat edirdi. Çünki ABŞ-ın gələcəkdə SSRİ-ni yıxacaq psixoloji müharibəsi özünün pik nöqtəsində idi. Nə olursa olsun, oranın kadrlarını aradan götürmək lazım idi. Sovet DTK-sıın Əks-kəşfiyyat İdarəsi bu barədə əsaslı işə keçir. Mühacirətdə olan antisovet fəalları aradan götürmək planında ilk rast gəlinən adlardan biri də  Düdənginski olur. Bu məqsədlə Düdənginskinin köhnə legion yoldaşı Mikayıl İsmayılovdan istifadə etmək qərarına gəlirlər. Belə ki, o zaman vətənə qayıdan İsmayılovun ailəsini girov saxlamaqla qarşısına Düdənginskini öldürmək şərti qoyurlar. Əks halda isə ailəsi və özünü öldürəcəkləri ilə hədələyirlər. Beləliklə, köhnə dost qiyafəsində Düdənginskinin yanına gələn İsmayılov 2 aya yaxın Almaniyada qalır. Düdənginskinin vasitəsilə işlə təmin olunur. Ondan bir çox yaxşılıq görən İsmayılov Fətəlibəylini öldürməkdən vaz keçir. Nəticənin olmadığını görən sovet DTK-sının sarışın xanımı İsmayılova yaxınlaşaraq Düdənginskini öldürməyəcəyi təqdirdə Bakıdakı ailəsinin məhv olacağını bildirir. İsmayılov nəhayət işə keçir.
 
 
Nəsiman Yaqublu həmin qətl hadisəsini bu cür nəql edir: “Hadisə bir alman xanımın- Böhmün evində baş verir. Əvvəlcə yeyib-içirlər. Bir az keçəndən sonra İsmayılov əlində olan xüsusi maddəni onun içkisinə qatır. Müvazinətini itirəndən sonra isə usta Föstledən aldığı çəkiclə Əbdürrəhman bəyin başına vurmağa başlayır. Düdənginski bir təhər ona müqavimət göstərir, amma ölümdən qurtula bilmir. İsmayılov Düdənginskini öldürəndən sonra isə öz paltarlarını ona geyindirir, öz sənədlərini onun cibinə qoyur və oranı tərk edir. Səhəri gün alman qadın evə gələrkən cəsədi aşkarlayır. Polisə məlumat verəndən sonra gəlib meyitin sənədlərinə baxırlar və orada “Mikayıl İsmayılov” yazıldığını görürlər. Düdənginksini elə  Münhendə  “Mikayıl İsmayılov” adıyla dəfn edirlər. Bir həftə keçəndən sonra “Azadlıq” radiosunda görürlər ki, Düdənginski işə çıxmır. Soraqlaşandan sonra son günlərdə ölən müsəlmanın harada basdırıldığını öyrənirlər. İcazələrdən sonra meyit ekspertizaya gətirilir və “Azadlıq” radiosunda işləyən İsmayıl Əkbər,  Məcid Musazadə Düdənginskini tanıyırlar.
Bu hadisədən bir il əvvəl Düdənginskinin qardaşı da rəhmətə getmişdi. Deyilənə görə, qardaşı da DTK tərəfindən motosiklet qəzasına məruz qalaraq öldürülüb. Oradakı azərbaycanlılar Düdənginskini Münhendən 150 km uzaqda yerləşən Nyu-Umi şəhərində dəfn edirlər. Fətəlibəylinin cənazəsi, 1954-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfulla bəy Fətəlibəylinin uyuduğu məzarın yanındadır”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...