Qurban əti pulla satıla bilərmi?

 

 
Kənan Rövşənoğlu : “Ətin pulla bazardan alınması artıq qurban mahiyyətini itirir”
“İki-üç gün qabaq ət alırdım, qəssab dedi ki, bu qurban ətidir, biləsən. Dedim, niyə xüsusi vurğuladın, deyir, birdən araq-filanla yeyərsən, günah olmasın. Tələsirdim, soruşa bilmədim ki, qurbandırsa, niyə pulla satırsan. Bilən varsa yazsın: pulla alınan ət qurban əti sayılırmı?”
 
Musavat.com bildirir ki, bu statusu tanınmış köşə yazarı Zamin Hacı sosial şəbəkədə öz səhifəsində paylaşıb. Status çoxlu sayda izləyicilərin diqqətini cəlb edib, geniş şərhlərə, müzakirələrə səbəb olub.
 
Qeyd edək ki, qurbanlıq ətin satılması ilə bağlı ayrı-ayrı yerlərdə, xüsusən də rayon və bölgələrdə tez-tez rast gəlinir. Bəzi iddialara görə, qurbanı kəsən şəxs ətin bir qismini payladıqdan sonra, qalan digər hissəsini sataraq əldə etdiyi pulu kasıb və yoxsul ailələrə verə bilər.
 
Bəs dində qurbanlıq ətin satılması necə qarşılanır? Qurbanlıq ət pulla satıla bilərmi?
Dini ekspert Kənan Rövşənoğlu məsələyə bu cür şərh bildirdi:
“Qurban, insanın Allaha yaxın olması, Onun razılığını qazanmaq məqsədilə etdiyi xeyir əməldir. Bunun hekayəsi Həzrət İbrahimin Allah üçün həyatında ən qiymətli varlığı olan oğlunu qurban vermiş, ancaq Allah ona qurban etməsi üçün bir qoç göndərib. Bu ənənəni hər il müsəlmanlar Məkkədə Mina vadisində təkrarlayır, həcc əməllərinə yerinə yetirib qurban kəsirlər. Qurban kəsməkdə məqsəd Allaha yaxın olmaqdır. Bu məqsədlə qurban niyyəti ilə kəsilən heyvanların əti kasıb və ehtiyaclı insanlara bağışlanır. Məqsəd bayram günlərində kasıb insanların da evində süfrə aça bilməsi, ət yeməsidir. Qurban olaraq heyvanın seçilməsi bir az da simvolikdir, yəni qurban əti Allah üçün edilən hədiyyədir. İslam şəriətinə əsasən qurban kəsən insan onun ətini 3 hissəyə bölür, bir hissəsini özü və ailəsi üçün, bir hissəsini yaxın insanlara, bir hissəsini də kasıb, ehtiyaclı insanlara bağışlayır. Yəni
əti kəsib qurban adı ilə satmanın bir anlamı qalmır.
 
Qurbanda məqsəd Ramazan ayında fitrə zəkatında olduğu kimi imkanlı insanlar hesabına imkansızlara kömək etmək, onların da ərzaqla təmin olunması, bayram süfrəsi açmasına şərait yaratmaqdır.
Ətin pulla bazardan alınması artıq qurban mahiyyətini itirir”.